Axar.az Kəramət Böyükçölün jurnalist
Anar Niftəliyevdən həyat yoldaşı, ədəbi-tənqidçi, BSU-nun dekanı
Elnarə Tofiqqızı ilə bağlı Aznyus üçün aldığı müsahibəni
mərhumun 3-cü ildönümü günü təqdim edir:
- Anar bəy, həyat yoldaşınız, tənqidçi Elnarə
Tofiqqızının yoxluğundan bir neçə il keçib. Bu qədər vaxtdan sonra
onun haqqında danışmaq necə hissdir?
- Asan deyil. Düzdü, aradan üç ilə yaxın müddət keçib. İndi
əvvəlki ilə müqayisədə daha toxtağam. Eliş də sizlər kimi ədəbiyyat
adamı idi. Mənəvi dəstəyiniz və bu məsələni gündəmdə saxlamaq
istəyiniz mənim üçün çox xoşdur. Ona görə də bu söhbətdən qaçmaq
istəmədim.
- Hələ də ona Eliş deyirsiniz?
- Adətən, verilişlərdə, efirdə, mətbuatda onun haqqında
danışarkən Elnarə xanım deyirəm, amma mən həmişə onu Eliş
çağırmışam.
- Heç ağlınıza gələrdimi bu cür
ayrılacaqsınız?
- Mən həmişə ictimai-siyasi mühitdə olmuşam, səhhətimdə
vaxtaşırı problemlərim olub. Özümə baxan deyiləm. Bu psixoloji
gərginliklərə görə belə qənaətdə idim ki, 60 yaşa çatmaram. Ona
görə ailəmizdə hər şey Elnarə xanımın üstündə qurulmuşdu. Həmişə
ona deyərdim ki, mən həyatda olmasam, filan şey belə olsun, filan
şey bu cür olsun və s. Düşünürdüm ki, yəqin mən həyatdan daha tez
köçərəm. Elnarə xanımın belə tez dünyadan köçməsi ehtimalı
ağlımızın ucundan da keçmirdi.
- Maraqlıdır, həmin klinikaya getmək təklifi kimdən
gəlmişdi?
- Ailəmizin bir həkimi vardı - Fərəcullah İdrisov. Bizi
klinikaya o aparmışdı, sonradan biləcəkdim ki, tamahına görə belə
edibmiş. Elnarə xanımın səhhətində heç bir problem yox idi,
vaxtaşırı müayinədən keçirdi. O hadisədən az öncə də tam müayinə
olunmuşdu. Müayinə olunmasının isə səbəbi o idi ki, iki qızımız
var, istəyirdik, bir oğlumuz da olsun… Yəni müayinə olunduğu və
səhhətində heç bir problem olmadığı barədə əməliyyatdan az öncə,
avqust ayında keçirilən analizlərin nəticələri var, bütün kağızlar,
sənədləri saxlayıram.
- İstəyirdiniz ailə üzvlərinizin sayı artsın, amma
azaldı...
- Hə... Allahın qisməti beləymiş. Yoxlandı ki, sağlam uşaq
dünyaya gətirsin. Sonra bu problem çıxanda Milli Onkologiya
Mərkəzində dedilər ki, ciddi deyil, amma indidən əməliyyat olunsa
daha yaxşıdır, gələcəkdə hər hansı narahatlıqdan sığortalanmaq
üçün. Həmin vaxt fikirləşirdik ki, 2014-cü ilin iyununda Türkiyəyə
həm müalicə olunmaq üçün, həm də istirahətə gedək. Amma Fərəcullah
İdrisov dedi ki, Türkiyəyə getmək lazım deyil. Dedi, özüm
əməliyyatı təşkil edəcəm, əməliyyatda da özüm iştirak edəcəm. Sən
demə, məqsədi ayrı imiş. Amma biz dost olmağımıza baxmayaraq,
istənilən məbləği ona ödəyəcəkdik.
Fərəcullah mənə demişdi ki, əməliyyat üçün klinikaya 1000 manat
ödənməlidir və razılaşmışdıq. Özünə isə ayrıca hörmət edəcəyimi
demişdim. Hadisədən sonra məlum oldu ki, klinikanı cəmi 100 manata
danışıbmış. Mən həyatımı etibar etmişdim, bu isə əməliyyatdan pul
qazanmaq məqsədi ilə bizi səviyyəsiz klinikaya aparıbmış. Halbuki
onun özünə əlavə pul verəcəyimi demişdim. Aldatdı bizi, apardı
klinikaya. Sonradan məlum oldu ki, səviyyəsiz, avadanlıqları köhnə,
personalı bərbad bir klinika imiş. Qazanc xətrinə həyatımı məhv
etdi…
- Doğrudanmı həyatınızı məhv olmuş hesab
edirsiniz?
- Birmənalı belədir. Bəlkə də cavan olsaydım, bu cür
düşünməzdim. Biz Elnarə xanımla aspiranturada bir yerdə oxumuşuq.
O, BDU-da məndən aşağı kursda oxuyurdu. O vaxtlar dost olduq və
artıq 2002-ci ildən ailə qurmağa qərar verdik. Və ondan sonra bütün
şəxsi həyatım, bayaq dediyim kimi, Elnarə xanımın üstündə quruldu.
Mən heç vaxt özümə pal-paltar almamışam. Hər şeyi Eliş özü bəyənib,
seçib alırdı. Hətta ailə qurduğumuz ilk illərdə dəlləyə də birlikdə
gedirdik. Dəlləyə başa salırdı ki, mənim saçımı necə qırxsın.
Düzdü, uşaqlar anadan olandan sonra artıq saçımın necə düzəlməyi
əhəmiyyətini itirdi və bu vərdişi də unutduq…
Onu demək istəyirəm ki, hər şeyə Elnarə xanım qərar verirdi –
yalnız yazı-pozuma, düşüncəmə qarışmırdı. Ona çox inanırdım - həm
ağlına, həm dünyagörüşünə, həm də zövqünə güvənirdim. Ömrümün ən
rəngli, gözəl illərini yaşadığın bir adamın qəfil yoxa çıxması
dözülməzdir.
- İndi də Elnarə xanımın zövqü ilə geyinib, saçınızı
onun zövqünə uyğun qırxdırırsınızmı?
- Yox... Elnarə xanım dünyasını dəyişəndən sonra hələ özümə
paltar almamışam, onun aldığı paltarları geyinirəm. Qardaşım mənə
bircə kostyum alıb, vəssalam.
- Yəqin, nə vaxtsa paltar almalı olacaqsınız. Kimin
zövqü olacaq?
- Fikirləşirəm ki, qızım tez böyüsəydi, o qərar verərdi bu
məsələlərdə. Zövqü də, düşüncəsi də anasına çox bənzəyir.
- Uşaqların neçə yaşı var?
- Böyük qızımın gələn ay 11 yaşı olacaq. Balaca 6 yaşına
keçib.
- Analarının yoxluğunu dərk edirlərmi?
- Böyük qızım Xatun ilk gündən bilir, başa düşür. Onda hələ 8
yaşı vardı. Əvvəllər suallarıyla, sözlərilə mənə daha çox əziyyət
verirdi. Artıq yavaş-yavaş qəbul edir. Kiçik qızım İnci isə bilmir.
Düzdü, anasının qəbrini ziyarətə gedir, ancaq hələ də dərk etmir.
Təsəvvür edin, qəbir üstündən ayrılanda deyir, ana, sağ ol,
gedirəm, gələrsən.
Bir hadisə danışım. Dünən İnci mənə deyir ki, ata, Fatimə -
qaynımın qızıdır - mənə dedi ki, heç kimə demə, sənin anan
xəstəxanada deyil, ölüb. İnci bunu məndən elə formada soruşdu ki...
Dedi, Fatimə yalan danışır da, hə, ata? Dedim, əlbəttə, yalan
danışır… Söz də vermişəm ki, gələn ad gününə qədər ana gələcək.
İndi, doğrusu, bilmirəm ad günündə ona nə deyəcəm, necə olacaq…
- Uşaqlara kim baxır?
- Anam...
- Bəs gələcək həyatınız barədə nəsə
düşünürsünüzmü?
- Gələcək barədə fikirlərdən qaçıram. İndi mənim üçün
övladlarımı böyütmək həddən artıq ağır və çətindir. Anamın yaşı
çoxdur, səhhətində problemlər var. Uşaqlar da diqqət, qayğı
istəyir. Mən isə işə görə çatdıra bilmirəm. Qayınanam bir az kömək
edir, amma onun da səhhəti yaxşı deyil. Nə bilim... Hər gün
düşünürəm, bu günü də yaşayım, sabah baxarıq. Hər gün düşüncələrim
sabaha ertələnir.
- Uşaqlar böyüyüb hərəsi bir ocağa gedəcək. Siz
isə...
- Bəli... Tez-tez xəbər yayırıq ki, filan tənha evində ölü
tapılıb, qonşuları xəbər edib, FHN bağlı qapını açıb, artıq bir
neçə gündür ölən adamı aidiyyəti üzrə təhvil verib və s. Belə
xəbərləri oxuyanda fikirləşirəm ki, mənim də aqibətim bu cür
olacaq. Şipşirin qızlarım vaxt gələcək, böyüyəcək, ailə quracaq.
Mən isə tək qalmağa məcburam. Qızlarım mənimlə qalmaq istəsələr
belə razı olmaram. Çünki onların analarının arzularına uyğun öz
həyatları olmalıdır, qoca ataya ən gözəl günlərini həsr edə
bilməzlər ki!
- Bəlkə uşaqları Elnarə xanımın da yerinə sevirsiniz
deyə, hisslərinizin miqyası bu qədər böyükdür...
- Deyəsən, hə... Elədir. Əvvəldən də hər ikisini çox istəmişəm.
İndi fikirləşirəm ki, onları həm də analarının yerinə sevməliyəm.
Özü də analarına çox oxşayırlar. Yerişləri, duruşları,
davranışları, sözləri, səsləri... hamısı Elişi xatırladır.
- Anar bəy, həkimin həbs olunması ilə bağlı çox səy
göstərirsiniz...
- Nəticə oldu. Ötən ilin avqustunda anestezioloqa 2,5 il həbs
cəzası verdilər. Amma indi amnistiyaya düşüb, yəqin azadlığa
buraxacaqlar.
- Onun amnistiya düşməsi sizi narahat
edirmi?
- Tam səmimi deyirəm: yox!
- Amma sizdə bir intiqam hissi görürəm.
- Xeyr! Mən Elnarə xanımın həkim məsuliyyətsizliyi ucbatından
dünyadan köçməsini daim gündəmdə saxlamaqla bu tip ölümlərin
qarşısının alınmasını istəmişəm. Bəlkə həkimlər hansısa zəruri
olmayan əməliyyatdan qorxub imtina edərlər deyə. Tam əminəm ki, bu
3 illik mübarizədə ən azı bir insanın həyatını xilas etmişik. Bütün
media, televiziya, dostlar, hətta məni tanımayan, münasibətimin
yaxşı olmadığı həmkarlarım belə yanımda oldular – hamısına
minnətdaram və bunu bir ömür unutmaram.
Media həm də bu məsələdə böyük iradə göstərdi, bu hadisənin
timsalında həkim terroruna qarşı ciddi mövqe qoydu ortalığa. Bu
məsələ demək olar ki, bütün həkimlərə, xəstələrə, oxuculara çatdı.
Həkimlər anladı ki, ehtiyac olmadan insanları əməliyyata alarlarsa,
səhlənkarlıq edərlərsə, onlar həbs oluna, yüksək məbləğdə cərimə
edilə bilərlər. Bilirsinizmi, həkimlərin böyük əksəriyyəti, xüsusən
cərrahlar, ginekoloqlar bizə pasient kimi deyil, müştəri kimi
baxırlar. Və tam əminliklə deyirəm ki, bu məsələdən sonra onların
müştəriləri xeyli azaldı. O baxımdan deyirəm ki, bu 3 ildə ən azı
bir ananın həyatını xilas etmiş sayılırıq, bir ailəni məhv olmaqdan
qorumuşuq.
- O vaxt məsələ ilə bağlı Daxili İşlər naziri Ramil
Usubova ünvanladığınız məşhur müraciət vardı. Onun bir əhəmiyyəti
oldumu?
- Təbii ki... Usubovların hər ikisi – həm Ramil Usubov, həm də
Rüstəm Usubov çox ləyaqətli adamdırlar. Rüstəm Usubovun sayəsində
prokurorluqda aparılan istintaq nəhayət ki, ədalətli məcraya
yönəldi və anestezioloq layiq olduğu cəzanı aldı. Nazir Ramil
Usubovun müraciətimə dərhal reaksiya verməsi isə Fərəcullah
İdrisovun cinayətdən yayınmasının qarşısını aldı.
Düzdür, F.İdrisov cəza almadı, çünki cinayət hadisəsindən 2
ildən çox vaxt keçmişdi və o, cinayətin cəza hissəsindən canını
qurtardı, ancaq dələduzluğa cəhd maddəsi ilə məhkum elan edildi…
Mən Allahın böyüklüyünü dərk edən adamam. Kim nə günah işləyibsə,
onun cəzasını çəkməyini istəyirəm, qanunvericiliyə uyğun. Çox
təəssüf olsun ki, Azərbaycan qanunvericiliynə görə, o adam 10 il
həbs cəzası ala bilmir. Ancaq qanunvericiliyimizdə nə cəza nəzərdə
tutulubsa, onu da çəksinlər. İndi qanunla amnistiya tətbiq
olunursa, əlbəttə, azadlığa çıxmalıdır və mən ona aqressiya ilə
yanaşmaram. Yəni qanunvericilik nə tələb edirsə, o olsun, gerisinə
Allah özü qərar verəcək.
- Həkimlərdən biri həbs olundu, digəri məhkum edildi…
Məsələ sizin üçün bağlandımı?
- Bu iş mənim üçün ömrümün sonuna kimi bağlana bilməz! Hələ
onların ödəyəcəyi mənəvi təzminat var.
- Təzminatın məbləği nə qədərdir?
- Yetmiş beş min manatdır. Ali Məhkəmənin bu barədə qərarı
icradadır. Həm də bunu xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda
mənəvi təzminat olaraq ilk dəfə idi bu qədər məbləğ müəyyənləşirdi.
Bu, məhkəmə sistemimizin də həkim terroruna qarşı çıxması, bir
normal presidentin əsasını qoyması deməkdir. Əlavə olaraq, mənə
maddi təzminat iddiası qaldırmaq hüququm da qətnamədə elan olundu
və mən artıq bu hüququmdan istifadə edirəm, Yasamal Məhkəməsində
iddia ərizəmiz qəbul edilib.
- Bayaq dediniz ki, bu hadisənin ictimailəşməsində
medianın çox böyük rolu oldu. Yadıma gəlir, Elnarə xanım haqqında
bir verilişin ANS-də anonsu getmişdi. Amma efirə verilərkən, Elnarə
xanımla bağlı olan hissə çıxarılmışdı.
- Elçin Əlibəylinin hazırladığı verilişi deyirsiniz… Verilişin 6
gün reklamı getdi. Amma bir gün qalmış anons büsbütün dəyişdirildi
və Elnarə xanımın ölümü ilə bağlı müzakirə montaj olunaraq
çıxarıldı. Bunun səbəbi nə idi, mən dəqiq deyə bilmərəm. Amma bütün
hallarda bu hərəkəti jurnalist həmkarıma – Elçin Əlibəyliyə
bağışlamayacağam.
- Səhv eləmirəmsə, o vaxt Elçin Əlibəylinin rüşvət alıb
razılaşmaya getdiyi də deyilirdi...
- Bu, sadəcə, mənim şübhəm idi. Əsl mahiyyəti Allah bilir, ancaq
məncə, qarşı tərəf Elçin Əlibəylini və ya kimisə ələ almağı
bacarmışdı. Bəlkə də o vaxtlar əsəbi olub Elçin haqqında etikadan
kənar sözlər yazmışam, yəni ehtiyac yox idi o cür sözlərə, amma
əlbəttə ki, yenə deyirəm, bu hərəkəti ona həmkar kimi
bağışlamayacağam. Bilirsiniz, elə dəyərlər var ki, ona toxunmaq
olmaz. Kiminsə məhv olmuş dünyası üzərində oyun qurmaq olmaz. Qəbir
evinə qədər unudulmayacaq şeylər var...
- Anar bəy, Elnarə xanımın kitabı çıxmışdı?
- 3 araşdırma kitabı çıxıb. Şifahi xalq ədəbiyyatının
tədqiqatçılarından idi. Tədqiqat predmeti "Koroğlu" dastanı
olmuşdu. Ən dəyərli tədqiqatlarından biri isə "Koroğlunun Təbriz
variantı"dır. 28 məclisdən ibarət mükəmməl bir əsərdir. Elnarə
xanım bu əsəri əski əlifbadan transleterasiya etdi, ön söz, şərh,
izah və lüğətlə 2005-ci ildə dərc etdirdi.
- Bəs niyə tənqidi məqalələrindən ibarət kitabı yoxdur?
Yazılarını toplayıb kitab çıxartdırmaq fikriniz varmı?
- Onu demək istəyirdim, məni qabaqladın. Düzü, həcmi böyükdü,
30-a yaxın məqaləsi var. Onları seçmək, tərtib etmək mənim işimdir,
onu başqasına etibar edə bilmərəm. Mənimsə bu aralar vaxtım yoxdur,
bilirsiniz. Eliş həmişə deyirdi ki, əsər təhlilə cəlb olunması üçün
kodlar verməlidir. Onun fikrinə görə, tənqid kimisə tərif və ya
kimisə tənqid etməkdən ibarət deyil. Ədəbi tənqid əsərin
təhlilindən ibarətdir. Təhlildən sonra tənqidçi nəticəni oxucunun
ixtiyarına buraxmalıdır… Elişin bu meyarlarla yanaşdığı məqalələri
seçməliyəm və onları tərtib etməliyəm. Çox ciddi və məsuliyyətli iş
kimi baxıram, ona görə tələsmirəm onun ədəbi-tənqidi kitabının
dərcinə.
Yeri gəlmişkən, "tənqidçi" sözündən qıcıqlanırdı. Deyirdi ki,
mənə tənqidçi deməyin, tənqid - ayrıca sahə, ixtisasdır. Kiməsə
qarşı nə birtərəfli simpatiyası, nə də antipatiyası vardı. Həmişə
neytral mövqedə qalırdı, obyektiv idi. Hansı əsərdə mifoloji kodlar
vardısa, onu daha həvəslə araşdırıdı. Çünki bu onun ixtisası idi.
Ona görə də Kamal Abdullanın əsərlərini daha yaxşı təhlil etməyi
bacarmışdı – mən belə düşünürəm. Sənin "Çöl" romanın, Pərvizin "Yad
dildə", Şərif Ağayarın "Haramı"sı haqqında da ürəklə yazmışdı.
Çünki siz hamınız mifoloji yaddaşla yazırsınız. Bu yazıların
hamısını dərc olunduğu saytlardan yığıb saxlayıram. Elnarə xanımın
yazılarını öz yazılarımdan dəyərli hesab edirəm.
- Elnarə xanım ədəbi həyatımıza qəfil gəldi, qəfil də
getdi...
- Belə deyim: O, 2008-ci ildə AMEA Folklor İnstutundan ayrıldı.
Bundan sonra isə evə, özünə çox qapandı. Bunu ona hiss etdirmirdim,
amma elmi işlərini yarımçıq saxlaması, gərginliyi mənə əzab
verirdi. Həmin vaxtı ailəvi dostumuz Pərviz Cəbrayılın əsəri çap
olundu. Elnarə xanım onu oxudu və çox xoşuna gəldi. Bu əsər haqda
həcmcə çox böyük sayılan bir məqalə yazdı. Və mən onu hissə-hissə
"Oxu zalı"nda dərc elətdirdim. Ondan sonra isə "Oxu zalı"nın
redaktoru Rövşən Qənbərov sağ olsun, əl çəkmədi. Rövşənin bu
israrları isə Elnarə xanıma bir ayrı stimul oldu. Yəni elmdən
küsmüşdu, yaradıcılıqdan ayrılmışdı.
Belə bir vaxtda Rövşənin Praqadan az qala gündə 3 dəfə zəng
vurması, onun bu ədəbi qabiliyyətini gizlətməyə haqqının olmamasını
deməsi, təkidləri Elnarə xanımı sanki ədəbiyyata qaytardı. Mən də
evdə təziqlər edirdim: Evdə mən, çöldə Rövşənin və Pərvizin
planlaşırılmış, razılaşdırdığımız (bu planımızdan Elnarə xanımın
xəbəri yox idi və heç zaman da olmadı) "hücumu" Elnarə xanımda
özünəinam yaratdı və bir-birinin ardınca gözəl məqalələri işıq üzü
gördü. Təbii ki, bu təziqin "əsas koordinatoru" razılaşdığımız
kimi, Rövşən idi. Buna görə mən ona ömrümün sonuna qədər borcluyam.
O mənim kiçik qardaşımdır... Bu yolla Elnarə xanım çox sürətlə öz
yaradıcılığını bərpa etdi. Sonra Kamal müəllim BSU-ya dəvət etdi və
bu da onun inzibatçı kimi imkanlarını ortaya qoymasına əlavə şərait
yaratdı. Kamal müəllimin ona inanması, istedadını dəyərləndirməsi
bizim ailəmizə növbəti mənəvi dəstək idi. Ona görə hər zaman
deyirəm ki, aradan dağlar-dərələr keçsə belə, yüzillərlə görüşməsək
də, Kamal Abdulla mənim böyük qardaşım olaraq qalacaq. Yəni həyatda
dəyərlərimiz var, onları qoruyanlarla bir ömür birgəyik…
Az sonra isə Milli Kitab Mükafatına ekspert kimi dəvət edildi və
bu da onun özünü təqdiqləməsi üçün növbəti səhifə oldu. Bir
məsələni xüsusi vurğulayım: əgər diqqət etmişdinsə, Elnarə xanımın
tənqid etdiyi yazarlar ondan incimirdilər. Səbəbi vardı. Eliş
deyirdi ki, ədəbiyyatçılar söz adamlarıdır, yazıdakı cümlənin hansı
hisslə yazıldığını dəqiq duyurlar. Elnarə xanım bilərəkdən, qəsdən
kiminsə əleyhinə nəsə yazmırdı. O, hamını sevərək tənqid edirdi.
Ona görə də ona qarşı heç kimdə aqressiya yox idi və bu mənim çox
xoşuma gəlirdi. Bu cür obyektivliyi, istedadı və qabiliyyəti
nəticəsində də ədəbi mühitdə çox sürətlə populyarlaşdı, qəbul
olundu və sevildi… Gözünün işığı belə olsa, əsəri bəyənməsə, onun
haqqında yazı yazmazdı. Səni inandırıram, ona qarşı olan xoş
reaksiyalardan o qədər sevinirdi ki...
- Son gününüz yadınızdadırmı? Nə barədə
danışırdınız?
- Son səhnələr heç vaxt yaddan çıxmır. Sentyabrın 19-da axşam
balaca qayınımla görüşdüm. Restoranda oturmuşduq. Söhbət elədiyimiz
yerdə Eliş mesaj yazdı ki, gəlmirsən? yazdım ki, qardaşınlayam.
Sonra yenə mesaj yazdı ki, bəs sabah mən əməliyyata gedirəm, niyə
yanımda yoxsan? Dərhal getdim evə, gördüm küsüb. Qızım da
küsəyəndi, bu xasiyyəti də eynilə anasına oxşayır. Sonra başımız
qarışdı, o, qardaşı ilə danışdı telefonda, mən saytlara girdim.
Dəqiq yadımdadır, "Ailəm.az" saytından süd vəzi kanalındakı
popilloma ilə bağlı yazı gördüm, oxudum ki, hətta ilkin mərhələdə
orqanizm bu xəstəliyi özü geri sovura da bilir, yəni heç bir
təhlükədən söhbət gedə bilməz. Dərhal getdim Elişə deyəm ki, yazını
oxusun, bəlkə əməliyyata getməyək. Doğrudan da orqanizmin bu
xəstəliyi sağaltma imkanı varsa, bunu niyə gözləməyək? Bunları
müzakirə etmək üçün o biri otağa keçəndə gördüm ki, yatıb. Oyatmağa
qıymadım. Heç yatmazdı o vaxt, gec yatırdı həmişə… İndi
fikirləşirəm ki, onu oyatmağa qıysaydım, bəlkə də sonuc belə
olmayacaqdı. Ona görə hərdən düşünürəm ki, bəlkə də mənim sevgim
onu məhv elədi. Onu daha az sevsəydim, ona bir az qıyımım olsaydı,
ölməzdi.
- Kimi itirmək istəyirsinizə, onu çox
sevin!
- Hə, elədir. Elişə qarşı sevgim az olsaydı, onun əməliyyat
olunmağına biganə yanaşacaqdım. Deyəcəkdim, əməliyyata getmə...
Yadımdan çıxmayan elə xırdalıqlar var ki… Fərəcullah demişdi ki,
əməliyyat öncəsi müayinələr Topçubaşov adına xəstəxanada
(Fərəcullahın işlədiyi yerdə) olacaq. Ona görə 20 sentyabrda, səhər
ora getdik. Ordan çıxıb həmən "Medi Sina"ya əməliyyata gedəndə Eliş
dedi ki, gedək, evdən idman paltarımı götürək, xəstəxanada geyinmək
üçün. Mən də dedim yox, gedək, təzəsini alaq. Təzəsini aldıq, amma
bir dəfə də geyinə bilmədi… 20 Yanvarda "Velotrek" deyilən yerdən
aldıq. Orda bir mağazaya girəndə birdən baxdım, Elişə dedim, bu
mağazanı tanıyırsan? Güldü, hə dedi. 2004-cü ildə toy ərəfəsində
"toy bazarlığımızı" ordan etmişdik. Təxminən 10 il qabaq orda
olmuşduq. Çox qəribə bir təsadüf idi. Sanki satıcının timsalında
ailə həyatımızla vidalaşmağa gəlmişdik.
Həmin vaxt içimdə dəhşətli hiss vardı… Əclaf Fərəcullah 100 faiz
təminat verməsəydi, əməliyyat olmayacaqdı. Ona görə də özümü
inandırdım ki, yaxşı olacaq. Hətta demişdim ki, Fərəcullah, 99 faiz
təminat verirsənsə, əməliyyata girməyək. Dedi, heç bir şübhən
olmasın. Yenə dedim, bax, Fərəcullah, iki övladımız var ha! Dedi,
yox, ürəyinizdə xal qalmasın, 15 dəqiqəlik əməliyyatdır… Son dəfə
əməliyyatdan öncə bir yerdəydik. Anası ilə oturmuşdular. Fərəcullah
mənə dedi ki, istəyirsənsə, özün də əməliyyatda iştirak elə. Eliş
gülə-gülə qayıtdı ki, mənim barmağıma tikan batanda Anarın ürəyi
gedir, o əməliyyatda dura bilər? Dedim hə, girə bilmərəm. Elə bunu
deyə-deyə çıxdım çölə. Vəssalam...
- Bir də eşitdin ki...
- 15-20 dəqiqə gözlədim. Sonra Fərəcullah həyəcanla çıxıb mənə
dedi ki, üstündə əlavə pul varmı? Dedim hə, nə olub? Dedi, super
anestezioloq dəvət etmişəm, ona əlavə pul verəcəksən. Soruşdum ki,
necə yəni, bəs, əməliyyatda iştirak edən "super-anestezioloq"
deyil? Sən bizi hara gətirmisən? Sən demə, artıq Eliş keçinibmiş.
Aparat düzgün işləməyib, səhlənkarlıq ediblər, ağciyərə gedən
oksigen bağlanıb…
2016-06-20