Ukraynanın populyar "Versii.com" portalı hüquq elmləri
doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq
kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının
üzvü Arif Quliyevin "Erməni millətçiliyi baş qaldırır" məqaləsini
dərc edib.
Axar.az məqaləni oxuculara təqdim edir:
İrəvanda nasist cəlladı Qaregin Njdeyə abidə ucaldılması
dünyanın bütün zəkalı insanlarını həm qəzəbləndirdi, həm də
heyrətləndirdi. Bu nədir, ermənilərin tarixi savadsızlığı? Siyasi
dönüş və faşizmə üz tutma? Qəhrəman çatışmazlığı? Vətənpərvərlik
ruhunun zəifləməsi? Yoxsa indi nasizm yenidən dəbdədir? Niyə
ermənilərə Hitlerlə əməkdaşlıq etdiyinə görə mühakimə olunmuş
"qəhrəman"ı diriltmək lazım olub? Bu suallar sülh və əmin-amanlıq
şəraitində yaşamaq istəyən insanları çox düşündürür.
Amma "milli qəhrəman", nasist "Erməni legion"unun yaradıcısı və
rəhbəri Qaregin Njdeyə Ermənistan hakimiyyətinin İrəvanın
mərkəzində, hökumət idarələri ilə bir məhəllədə ən şərəfli yer
ayırmasının, yəqin ki, bir səbəbi var. Belə bir şərəfə hətta
faşistlərlə mübarizə aparan marşal Baqramyanın abidəsi də layiq
görülməyib.
Yanılma ola bilməz: ermənilər faşist əlaltısı və nasisti, Q.Njde
ilə bərabər onun sərsəm "Böyük Ermənistan" ideyasını da düşünülmüş
şəkildə yoxluqdan qaytarıblar. Əlbəttə, müəyyən vaxt keçdikdən
sonra Qaregin Njdenin dünya tarixi qarşısında təqsirsizliyi
"versiyasını" qəbul etmək, guya törətmədiyi günahlara görə
mühakiməsini səhv sanmaq, Stalin repressiyalarının qurbanı hesab
etmək olardı. Tarixi yenidən yazmaq, arxivlərdə düzəliş aparmaq...
olardı, lakin... Qaregin Njde özündən sonra böyük "mənəvi irs"
qoyub gedib. Bu "irs" Njdedin nasist ideallarına sadiqliyinə şübhə
yeri qoymur. Budur, onun ermənilərə "müraciət"indən bircə sitat:
"Arilik, igidlik, erməni gənci, budur, çağdaşlarının dini.
Cəsarətli ol, ari cəsarətinə pərəstiş et, əgər özünün, xalqının
sabah da yaşamasını istəyirsənsə, erməni bu cür olmalıdır". Bir
əlavə: "Xalqlar əvvəl-axır onlara verilənə, yalvarıb aldıqlarına
yox, yalnız layiq olduqlarına, öz gücləri ilə əldə etdiklərinə
sahiblənirlər".
Ermənilər Qaregin Njdenin faşist Almaniyası ilə əməkdaşlığına
haqq qazandırırlar. Onun məktubundan sitat gətirirəm: "İkinci Dünya
müharibəsinin ilk günlərində nüfuzlu alman mətbuat orqanları
erməniləri irqçilikdə ittiham edərək, onlara qarşı düşmənçilik
çağırışları etdilər. Nasistlərin "rəsmi elmi" müəyyən etdi ki,
ermənilər ari yox, Ön Asiya mənşəlidir. Beləliklə, ermənilərə qarşı
ayrı-seçkilik üçün zəmin hazırladılar... Xaricdəki erməni icmaları
üçün son dərəcə əlverişsiz vəziyyət yarandı. Ermənilərin müdafiəsi
üçün "Bolqar-erməni mədəni yaxınlaşma Komitəsi" müfəssəl memorandum
hazırladı. Bu memorandumda vurğulanırdı ki, keçmişdə erməni
mədəniyyətinin təsiri çoxəsrlik erməni faciəsidir. Memorandum
Sofiyadakı alman elçisinə təqdim edildi. Elçi mənə və professor
Komarova memorandumu təqdim etməkdən ötrü Berlinə nümayəndə heyəti
göndərməyi təklif etdi... O anın siyasi vəziyyətinin təzyiqi
altında və xaricdəki erməni icmalarını gözləyən yeni fəlakətlərin
qarşısını almaq üçün Berlinə yollandım... Bir ay sonra yenindən
Berlinə getdim. O vaxtlar Berlində yerli ermənilərin dəvəti ilə
parisli antropoloq Kerumyan fəaliyyət göstərirdi. Ermənilərin ari
mənşəyini (!!!!!) elmi cəhətdən sübut etməli olan və beləliklə,
onları yəhudilərin acı aqibətindən qorumalı olan komissiya
yaradılmışdı".
Nasistlərlə əməkdaşlıq edərək və Holokost - yəhudi xalqının
soyqırımı da daxil olmaqla, faşistlərin törətdiyi cinayətlərin
ortağı olmaqla nasistlərə öz ari mənşəyini sübut etmək ən azı
qəribədir. SSRİ və bütün sivil dünyanın faşist vəbasına qarşı
mübarizə apardığı, Hitlerin işğal etdiyi əraziləri azad etdiyi bir
zamanda Njde guya faşizmdən, amma erməni faşizmindən yararlanaraq
nasizmə qarşı "mübarizə aparırdı".
Amma faktlar yaman tərs şeydir. Hətta general Njdenin həyatına
qısa ekskurs onun faşist ideologiyasına sadiqliyini, Üçüncü Reyxlə
sıx əməkdaşlığını sübut edir. Almaniyada Adolf Hitlerin hakimiyyətə
gəlməsindən sonra Qaregin Njde bu ölkədə yaşayan ermənilər arasında
faşizm ideyaları yayır, faşist ideologiyasını təbliğ edən "Seqakon"
adlı təşkilat yaradır. O, Şərq Nazirliyinin (Österministerium)
tərkibinə daxil olan Erməni Milli Şurasının fəal üzvü olub.
Həmçinin Sovet Ermənistanının Almaniyanın koloniyasına döndərilməsi
üçün nazir Alfred Rozenberqə müraciət edib. 1942-ci ildə general
Dro (Drastamat Kanayan) ilə birlikdə ilkin olaraq Vermaxtın
tərkibində olan, sonra SS qoşunlarının tabeliyinə verilən erməni
legionunu yaradıb. Njde əsir düşən erməni hərbçiləri qarşısında
çıxışlar edir, onları faşist Almaniyası tərəfində döyüşməyə
çağırırdı. Qısa müddətdə erməni legionundakı döyüşçülərin sayı 30
min nəfərə çatdı. Njde və Dronun rəhbərliyi ilə "Erməni legionu"
işğal olunmuş ərazilərində yəhudi və qaraçılara qarsa "təmizlik
işləri" aparırdı. 809-ci erməni batalyonu Ukrayna və Polşada
partizanlara qarşı cəza əməliyyatları həyata keçirirdi. Legionun
Yevpatoriya, Aluşta, Kerç və Krımın digər ərazilərində
əməliyyatları xüsusi qəddarlığı ilə seçilirdi. "Erməni legionu"
Qafqazın işğalı əməliyyatlarında da fəal iştirak edib. 1948-ci ildə
Bolqarıstanda həbs edilən Njde hərbi cinayətkar kimi mühakimə
olunub və 25 il müddətə azadlıqdan məhrum edilib.
İndi deməyəcəyik ki, nasist cəlladına abidə ucaldılması ata və
babaları faşizmə qarşı mübarizədə həlak olmuş keçmiş SSSRİ
ölkələrinin milyonlarla vətəndaşının qəlbinə tüpürməkdir. Bu,
öz-özlüyündə aydındır. Həm də bu, Ermənistanda faşizm
tərəfdarlarının qəhrəmanlaşdırılmasına dair ilk hadisə deyil. Bu
ölkədə nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə
sikkələr zərb olunur, filmlər çəkilir. İrəvanda Qaregin Njdenin
adını daşıyan meydan və metro stansiyası var. Drastamat Kanayanın
adına küçə də. Faşist cəlladlarına pərəstişin zirvəsi İrəvanın
mərkəzində Njdeyə abidənin ucaldılması və Ermənistan
Respublikasının prezidenti Serj Sərkisyanın açılış mərasimində
iştirakıdır.
Bütün bunlardan başqa, narahatlıq doğuran həm də budur ki,
nasist xadiminə təmtəraqla abidə qoyan Ermənistan bütün dünyaya öz
faşist mahiyyətini nümayiş etdirir. Bu mahiyyətin alt qatında özgə
əraziləri işğal etmək və başqa millətə mənsub insanları soyqırımına
məruz qoymaq təhlükəsi gizlənir. Axı bu bütün dünya ictimaiyyətinə
xəbərdar olmalıdır!
Qaregin Njde həm faşist əlaltısı, həm də bədnam "Daşnaksütyun"
millətçi təşkilatının üzvü olub. Bu təşkilat terror fəaliyyəti, o
cümlədən Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərlə
tanınıb. Mən heç bir nəticə çıxarmayacağam, nəticələr onsuz da
aydındır, lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməyəcəksə,
onda onu faşizmdən Böyük Vətən müharibəsindəki kimi "müalicə
etmək", sonra bəşəriyyətə qarşı soyqırımı və cinayətlər törədən
caniləri mühakimə etmək lazım gələcək.