Qəzetin buraxılışını dayandıranda son yazımı
"məğlubiyyətin bu qədər rahatlıq gətirəciyini düşünməzdim" fikri
üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da "yel
dəyirmanlarıyla" savaşmaqdan…
Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki
il…Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma
rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də
gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım.
Əvvəlcə, özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə
oxumadım, heç nə ilə maraqlanmadım. Şəhərə getməməyə çalışdım. Bu
minvalla bir necə ay keçdi. Nəhayət, darıxdım. Oskar Uayldın
illərdir yarımçıq qoyduğum sehrli nağıllarının tərcüməsini
tamamladım. Dostlar sağ olsun, kitabı çap elədilər. Sonra
ingiliscə-azərbaycanca lüğət üzərində işlədim. İynə ilə gor qazmaq
kimi bir şeydi. Və nəhayət, dəyərli dost və həmkarlarım Arif Əliyev
və Qulu Məhərrəmli ilə Jurnalistika terminlərinin izahlı lüğətini
hazırladıq. Üzərində son redaktə işləri gedir.
Və ən nəhayət, Rauf Mirqədirov azadlığa çıxdı. O, həbs olunan
gündən əmindim ki, günahsızdır. Amma bunun hüquqi isbatı üçün düz
23 ay təkadamlıq kamera həyatı yaşamalı oldu Rauf. Deyir, kitablar
olmasaydı, bəlkə də havalanardım. Yenə də kitab…
İndi isə məndən "iş" tələb edir… Yazmaq istəyir. Elə mən özüm də
yazmaq istəyirəm. Çünki, yazmadığım müddət ərzində anladım ki, nə
ilə məşğul olsam da, özümə yer tapa bilmirəm. Hiss edirəm ki, zaman
narın qum kimi barmaqlarımın arasından süzülüb gedir, mənsə edə
biləcəklərimi etmirəm…
Dostlarla xeyli götür-qoydan sonra – İbrahim də (Nəbioğlu), Arif
də (Əliyev), Qulu da (Məhərrəmli) məsləhət bildilər ki, "Ayna"nı
bərpa edək. Və işə başladıq. Dəyərli insan və ziyalı, gözəl rəssam
və işinin ustası Akifin (Hüseynov) təmənnasız dəstəyi ilə xeyli
zəhmətdən sonra, deyəsən nə isə alınmaq istəyir, ancaq Nicatla hələ
də çalışırıq…
Amma bu qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası
özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də, bu,
kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan
kəslərin ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar
jurnalistlərin "köşə"sidir. Yeni, "Ayna" saytında yalnız köşə
yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf
Mirqədirovun, Arif Əliyevin və mənim.
Özümüzü internet TV kimi də sınayacağıq. Zənnimcə, alınacaq,
çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika
ustadları bu işə əl qoyacaqlar…
***
"Sonra özündən xəbər aldı:
— Qoca, səni axı kim məğlub etdi?
Özü də cavab verdi:
— Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim".
Bu, böyük Heminqueyin "Qoca və dəniz"indəki qoca Santyaqonun
daxili dialoqundan bir parçadır. Deyilənlərin əsl mənasını indi
anlayıram. Anlayıram ki, "dənizdə çox uzağa" yalnız sınanmış
dostlarla getmək olar!