Yuxarı

Zaurdan Azərbaycana qarşı hörmətsizlik...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar televiziya kanallarını vaxtaşırı izləsəm də, ümumi mənzərə məni cəmiyyətin bir parçası kimi narahat etməyə bilməz. Deyəsən, kanalların bəziləri iqtisadiyyatın tələb və təklif qaydasını tam anlayıb. Bu prizmadan baxdıqda verilişlərin publikaya hesablandığı məlum olur.

Göründüyü kimi, tamaşaçı auditoriyasına maraqlı olan məhz ailə-məişət problemlərinin həll olunduğu verilişlərdir. Yəni insanların problemi bu qədər azdır ki, başqasının şəxsi həyatı ilə maraqlanırlar?

Məncə, əsl səbəb başqasına baxıb özünə şükür etməkdir. Artıq psixologiyamıza təsir etməyə başlayan bu tip verilişlər həm də uşaqların zövqünü formalaşdırır. Efir vaxtını zəbt etmiş aqressiya dolu yerli seriallar, həkimlərin özlərini dərman məhsulu kimi reklam etmələri, ucuz yumor və sair amillər normal düşüncəyə malik hər kəsdə qıcıq yaradır.

Mən tam olaraq senzura tərəfdarı deyiləm. Lakin efir məkanımızın bu qədər bayağılaşdığı zamanda ona “qulaqburması” verməyin vaxtının çatdığını düşünürəm. Buna həm Teleradio Şurasının səlahiyyətlərini artırmaqla, həm də özəl kanallara hüquqi cəhətdən bilavasitə təsiretmə ilə nail olmaq olar.

Nə qədər ki özlərini sözü üzə deyən kimi təqdim edən aparıcılarımız cəsarətlə tərbiyəsizlik arasında olan bir addım məsafəni keçməyiblər, demək, sərt qaydalar tətbiq etmək zamanı yetişib. İndiki halda qazanan - telekanallar və reklam yerləşdirən təşkilatlardır. Nəticə etibarilə tamaşaçı heç bir halda nəzərə alınmır.

Son dövrlər Azərbaycanın televiziya məkanında “Maşın şou” xaric, böyük auditoriya toplayan əyləncəli verilişin şahidi olmamışam. Bu isə o deməkdir ki, bizdə verilişlərə güclü maliyyə dəstəyi vacibdir. Əgər bu temp ilə irəliləsək, yaxın gələcəkdə efir səviyyəsi tam aşağı düşmüş olacaq.

Əslində, zövq mövzusu mübahisəli məsələ olduğundan burada təzadlı fikirlərin yaranması təbiidir. Lakin televiziya və radio bilavasitə tamaşaçı auditoriyasında zövq formalaşdırma gücünə malikdir. Niyə axı yerli telekanallar “tamaşaçı (dinləyici) bu tip verilişləri daha çox sevir” deyib səviyyədən xəbəri olmayan aparıcıların timsalında bərbad verilişləri efirə buraxırlar?

Sual yarana bilər ki, səviyyəli veriliş nədir, onu kim və necə ölçür? Bu səviyyə Azərbaycan dilinin bütün normaları gözlənilməklə, etik qaydalar pozulmadan, əsl musiqi sənətini təbliğ etməklə efirdə yayımlanan verilişlərdir. Bu qaydalara AzTV-dən başqa heç bir kanalda tam əməl olunmur.

Son zamanlar aparıcı Zaur Baxşəliyevin türk şivəsi ilə danışması məndə qıcıq yaradır. Ümid edirəm, mənimlə eyni fikirdə olanlar çoxluq təşkil edir. Axı niyə dilimizə bu qədər hörmətsiz yanaşırıq? Bir türk göstərin ki, efirdə Azərbaycan türkcəsində danışsın. Mümkün deyil. Dünyəvi dövlət olduğumuzu, Avropaya inteqrasiya etdiyimizi başa düşürəm. Ancaq bu, öz dilimizə qarşı laqeyd yanaşmağa əsas vermir.

Speys TV-də Mikayıl Güləddinoğlunun aparıcısı olduğu veriliş, demək olar, Azərbaycan musiqisinə dəxli olmayan mahnılar və ifaçılarla zəngindir. Bəs bu hansı auditoriyaya hesablanıb? Bir dəfə həmin şəxs belə bir etiraf etdi: “Mən regionlar üçün veriliş hazırlayıram”. Sual yaranır ki, regionlar üçün yuxarıda sadalanan qaydalar çərçivəsində veriliş hazırlamaq çox çətindir? Olmaz ki, medianın bütün qolları həmfikir olub, bayağılıqdan qurtulmağa çalışsınlar? Məncə, mümkündür.

Gəlin xalq olaraq Məmməd Səid Ordubadinin ədəbi dilimizə verdiyi töhfələrdən, Həsən Bəy Zərdabinin mətbuatımızdakı dəsti-xəttindən və Üzeyir Hacıbəyovun musiqimizə bəxş etdiyi incilərdən bəhrələnən efir tələb edək. Çünki vaxt gələcək, qazandığımızdan çox itirdiklərimizlə üz-üzə qalacağıq. Çalışaq ana dilimizi anamız kimi, musiqimizi də ana laylası kimi sevək.

Tarix
2019.06.19 / 16:06
Müəllif
Rahib Əhmədoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla