Sentyabrın 1-14-də Bakıda keçiriləcək Dünya Şahmat
Olimpiadasının direktoru Mahir Məmmədov "Sport-Ekspress" qəzetinə
məxsusi müsahibə verib.
Axar.az həmin müsahibəni təqdim edir.
İki ildən bir keçirilən ən iri komanda yarışının start
götürməsinə iki həftədən bir qədər çox vaxt qalıb. Bakı turnirə
necə hazırlaşıb? Kimi yarışların favoriti hesab etmək olar? Nə üçün
Ermənistan qrossmeysterləri Azərbaycana gəlməkdən imtina ediblər?
Azərbaycan şahmatının "əsas aparıcı qüvvəsi", SOCAR-ın Gürcüstan
bölməsinin rəhbəri, ölkədə şahmatın inkişafını dəstəkləməklə
bərabər, iri beynəlxalq turnirlər təşkil edən Mahir Məmmədov bu
barədə və bir çox digər məsələlərdən söz açır.
- Cənab Məmmədov, Olimpiadaya hazırlıq necə
gedir?
- Məsələ bundadır ki, iri beynəlxalq tədbirlərin keçirilməsində
Azərbaycanın böyük təcrübəsi var. Özü də təkcə idman və şahmat
tədbirlərinin deyil. Biz "Eurovision" müsabiqəsinin finalını,
Avropa Oyunlarını, "Formula-1" yarışlarını keçirmişik. Mən yalnız
ən əhəmiyyətli tədbirləri sadalayıram. Şahmata gəldikdə isə Bakıda
"Qran-pri" yarışlarının bir neçə mərhələsi müvəffəqiyyətlə keçib,
ötən il isə möhtəşəm Dünya Kuboku turnirini keçirmişik. Bütün dünya
mətbuatı yazırdı ki, bu, indiyə qədər keçirilmiş ən yaxşı Dünya
Kuboku yarışları idi. Bizim üçün isə Olimpiada qabağı məşq idi. Bu
məşq çox yaxşı alındı! Yeri gəlmişkən, Şəmkirdə müvəffəqiyyətlə
keçirilən superturniri – artıq ənənəyə çevrilən Vüqar Həşimov
Memorialını da unutmamalıyıq.
- Bir var, Dünya Kubokunda 128 nəfər iştirak etsin (
hərçənd bu da az deyil), bir də var, kişi şahmatçılardan ibarət
200-dək komanda və qadın şahmatçılardan ibarət 150 komanda gəlsin.
Axı bu, çoxlu sayda adam deməkdir. Onların hamısını yerbəyer etmək
lazımdır...
- Ümidvaram ki, bütün məsələlər incəliyinə qədər düşünülüb. Bu
işi ilk dəfə görmürük. Həmkarların təcrübəsini öyrənməklə bərabər,
onların göstəricilərini yaxşılaşdırmağa çalışmışıq. Azərbaycan
həmişə öz qonaqpərvərliyi ilə seçilib. Ümidvaram ki, şahmatçılar,
məşqçilər, azarkeşlər, jurnalistlər Bakıda özlərini çox rahat hiss
edəcəklər. Bundan əlavə, onların hamısını maraqlı rəqabət gözləyir.
Şəhərdə baxmalı-görməli yerlər çoxdur. İştirakçılar asudə vaxt
yaranan kimi ekskursiyalarda iştirak edə bilərlər. Yaxşı ki,
sentyabrda yandırıcı istilər olmayacaq, axşamlar isə ətrafa xoş
sərinlik yayılacaq.
- Azərbaycan yığması turnirin ev sahibidir. Norveçin
Troms şəhərində keçirilən ötən Olimpiadada sizin komandanız yeddi
tur boyu təkbaşına lider olub, sonda ikinci və beşinci yerləri
bölüşüb, özü də yeri gəlmişkən, turnirin əsas favoriti – Rusiya
komandası ilə birlikdə.
- Bəli, onda yaxşı şansımız vardı. Amma Çin yığması daha
cəsarətli çıxdı. Komandanı məhz Çin şahmatçılarına məğlub olmaq bir
qədər zəiflətdi. Amma sonra uşaqlar özlərini topladılar. Yeri
gəlmişkən, bu, Azərbaycanın indiyədək göstərdiyi ən yaxşı nəticə
idi. Belə demək olarsa, biz Tromsda irəliləyiş əldə etdik. Əlbəttə,
öz evimizdə daha yüksək pilləyə qalxmaq istəyirik. İndi qızıl medal
barədə lovğa-lovğa danışmaq istəmirəm, amma biz medala çox ümid
bəsləyirik. Hər halda evdə öz azarkeşlərimizin qarşısında çıxış
etmək böyük məsuliyyətdir. Çox ümid bəsləyirəm ki, Məmmədyarov,
Rəcəbov, Naydiç, Səfərli və Məmmədovdan ibarət komanda bu
məsuliyyəti tam başa düşür. Onlar bütün qüvvələrini yüz faiz, bəlkə
də min faiz ortaya qoymalıdırlar.
- Başlıca favoritiniz
kimdir?
- Burada fal açmağa ehtiyac yoxdur. Rusiya yığması 2002-ci ildən
sonra qızıl medal udmasa da, sizin komandanız hər dəfə ən yüksək
mükafata əsas namizəd olur. Elə orta reytinq göstəriciləri üzrə də
Rusiya birinci yerdədir. Bilirəm ki, sizin federasiyanın prezidenti
Andrey Filatov kapitan olub, çox orijinal qərardır. Xüsusən Filatov
dünyada bacarıqlı biznesmen kimi tanınır, ali təhsilli şahmat
məşqçisidir. Baxaq görək, uğur qazana biləcəkmi. Ən azı maraqlı
eksperimentdir. Əlbəttə, hazırki dünya çempionları - Çin
şahmatçıları da güclüdürlər. Bir çoxları ABŞ-ı önə çəkirlər, axı
dünya reytinqinin on ən yaxşı şahmatçısından üç qrossmeyster -
Karuana, Nakamura, Co bu yığmanın heyətində çıxış edirlər. Fransa,
Ukrayna, Hindistan və Macarıstan şahmatçıları da çox yaxşı
formadadırlar. Yeri gəlmişkən, şahmatçılar elə yetişiblər ki, start
turlarından sonra zəif komandalar, demək olar, qalmayıb.
- Olimpiadaların üçqat qalibi Ermənistan yığması Bakıya
gəlməməyi qərara alıb...
- Onu deyə bilərəm ki, ürəkaçan hal deyil. Ötən il erməni
qrossmeysterlər tam heyətdə Dünya Kuboku yarışlarına qatılmışdılar.
Biz onlara əla şərait yaratdıq. Onların əvəzsiz lideri Levon
Aronyan bütün KİV-lərdə vurğulayırdı ki, hər şey çox rahat və
layiqli idi. İdman siyasətə qarışmamalıdır. Əgər erməni şahmatçılar
fikirlərindən daşınsalar, buyurub gəlsinlər.
- Starta lap az vaxt qalıb. Həyəcan
keçirirsinizmi?
- Əlbəttə, müəyyən əsəbilik hiss olunur. Axı möhtəşəm tədbirdir.
Hamımız istəyirik ki, indiyədək keçirilmiş ən yaxşı Olimpiada
olsun. Hərçənd hər şeyin çox yüksək səviyyədə olacağına heç bir
şübhə yoxdur.
- Dünya birinciliyi matçının iki iştirakçısı – norveçli
Maqnus Karlsen və rusiyalı Sergey Karyakin də Bakıya gəlirlər. Əgər
onların komandaları qarşılaşsalar, onda noyabrda Nyu-Yorkda
keçiriləcək maraqlı matç qabağı bu şahmatçıların son duelini
görəcəyik.
- Bu da çox yaxşı haldır. Karyakinin Rusiya uğrunda hansı
taxtada oynayacağını bilmirəm. Aydın məsələdir ki, Norveç uğrunda
yarışan Karlsen birinci taxtada oynayacaq. Amma əgər onların oyunu
baş tutsa, bu, dünya fanatlarına böyük hədiyyə olacaq. Yeri
gəlmişkən, Sergey iddiaçıların turnirinə məhz Bakıda seçilib,
iddiaçıların forumuna düşmək üçün sonuncu şansından istifadə edib.
Buna görə də Azərbaycanın paytaxtını özü üçün uğurlu yer sayır.
Baxaq görək, Bakı turniri onun Nyu-Yorkda uğur qazanmasına kömək
edə biləcəkmi?