Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin
kapitanı Aleksey Dreyev Bakı Şahmat Olimpiadasının mətbuat
xidmətinin suallarını cavablandırıb.
Axar.az müsahibəni təqdim edir.
- Bakı Şahmat Olimpiadasında Azərbaycan millisinin
kapitanı olmaq barədə təklif alanda buna ilk münasibətiniz necə
oldu?
- Azərbaycan yığması həmişə güclü şahmatçılarla seçilib. Buna
görə də belə güclü komandanın kapitanı olmaq çox sevindiricidir.
Şahmatçılarla yaxşı münasibətim var. Bəziləri ilə birgə çalışmışıq.
Ötən il Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində Şəhriyar
Məmmədyarova kömək edirdim. Əvvəlki illərdə isə Rauf Məmmədovla
işləmişik. Azərbaycan yığmasında yüksək səviyyəli şahmatçılar
toplaşıb. Belə komandada kapitan kimi çalışmaq insana böyük zövq
verir.
- Qəbələdə Azərbaycan yığmasının Gürcüstan millisi ilə
yoxlama görüşü barədə danışardınız. Gördüklərinizdən razı
qaldınızmı?
- Gürcüstanla oyunda şahmatçılar yaxşı təsir bağışladılar. Ümumi
yoxlama görüşü olduğundan nəticə o qədər önəmli deyil. Düzdür,
hesab bizim xeyrimizə oldu. Lakin burada əsas məqsəd gedişlərin,
müxtəlif variantların yoxlanılması idi. Kapitan həmişə komandanın
mümkün qədər yaxşı oynamasını arzulayır. İstərdim ki, daha yaxşı
oynayaq. Amma hazırlığın bugünkü səviyyəsindən razıyam.
- Sonuncu təlim-məşq toplanışı nə vaxt
olacaq?
- Avqustun 19-da yenidən toplaşacağıq. Sonuncu təlim-məşq
toplanışında şahmatçıları çox yükləmək istəmirəm. Debütlər üzərində
işləyəcəyik. Hər bir şahmatçının özünəməxsus təcrübəsi var. Onlar
Olimpiadada vahid komanda kimi mübarizə aparmağa çalışacaqlar. Son
hazırlıq dönəmində heç bir oyun keçirilməyəcək. Olimpiadaya az vaxt
qaldığından artıq şahmatçılara rahatlıq vermək lazımdır.
Yeddi-səkkiz günlük məşqlərdən sonra Olimpiadaya hazırlıq başa
çatacaq.
- Azərbaycan millisindən Olimpiadada hansı nəticəni
gözləyirsiniz?
- Bilirsiniz, Olimpiada haqda proqnoz vermək mümkün deyil. Heç
kim püşkün necə olacağını bilmir. İlk mərhələdə hansı komandalarla
oynayacağımız məlum deyil. Şübhəsiz ki, yüksək yerlər uğrunda
mübarizə aparacağıq. Azərbaycan millisi komandalar arasında iki
dəfə Avropa çempionatının qızıl medalını qazanıb. Lakin Azərbaycan
komandasının Olimpiadada medalı olmayıb. Heyətimiz yaxşı olmasına
baxmayaraq, bizi gərgin mübarizə gözləyir.
Azərbaycan millisi kimi komanda ilə yalnız çempionluq uğrunda
mübarizə aparmaq lazımdır. Reytinqə görə, Azərbaycan Olimpiadada
iştirak edəcək komandalar arasında dördüncü yerdədir. Ona görə
qazanılacaq istənilən əyarlı medalı uğur hesab edəcəyəm.
- 180-dək ölkə və iki mindən çox şahmatçı. Statistikaya
əsasən iştirakçıların sayına görə Bakı Şahmat Olimpiadasında rekord
göstərici qeydə alınacaq.
- Bəli, iştirakçıların sayı baxımından rekord göstərici olacaq.
Rəqabət baxımından da güzəştsiz mübarizə gözlənilir. Əsas
rəqiblərimiz Rusiya və ABŞ komandalarıdır. Son Olimpiya çempionları
Çini unutmaq olmaz. Ümumiyyətlə, idmanda zəif rəqib olmur.
Olimpiada uzun marafondur. Belə yarışlarda Macarıstan, Polşa,
Fransa, Ukrayna, İngiltərə kimi komandaları da siyahıdan silmək
mümkün deyil. Bir səhv ümumi nəticəyə ciddi təsir edəcək.
- Norveç millisində dünya çempionu Maqnus Karlsen də
çıxış edəcək. Bu komandadan çəkinmək lazımdır?
- Norveç yığmasında əsas diqqət Karlsenə yönələcək. Bununla belə
onların mükafatlar uğrunda mübarizəyə qoşulacağı inandırıcı deyil.
Olimpiada 11 turdan ibarətdir. Bu müddətdə M.Karlsen təklikdə bütün
millini irəliyə apara bilməyəcək.
- Sizcə, Olimpiadanın Bakıda keçirilməsi
şahmatçılarımıza mənfi, yoxsa müsbət təsir edəcək?
- Adətən, deyirlər doğma şəhər yerli komandalara kömək edir.
Müəyyən mənada təzyiq hiss olunur. Çünki əksəriyyət yerli komandaya
azarkeşlik edir. Bu amilin Azərbaycan millisinin oyununa mənfi
təsir edəcəyinə inanmıram. Komandadakı şahmatçılar peşəkarlardır.
Onlar belə yarışlara artıq öyrəşib.
- Azərbaycan millisi ilə gələcəkdə də çalışmaq
istərdinizmi?
- Hazırda bütün fikrimiz Olimpiadaya yönəlib. Nəticə qazanmaq
istəyirik. İşimiz uğurlu alınsa, davam etmək olar. Bu barədə heç
kimlə danışmamışıq. Olimpiadada yaxşı nəticə qazansaq, gələcək
barədə düşünmək mümkündür.