Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF)
fəaliyyətə başlamasının 10 ili ərəfəsində növbəti tarixi nailiyyətə
imza atıb. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay
Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə
kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya
bürünc medal qazanıb. Bu nailiyyətlər ilk dəfə yeni növlərdə
qazanılıb.
Azərtac xəbər
verir ki, qazanılan nailiyyətləri ilk gündən Rio-de-Janeyroda
idmançılarımıza dəstək olan AMAF-ın prezidenti Elçin Zeynalov
müsahibəsində belə dəyərləndirib:
- İlk növbədə, idmançılarımıza dəstək olan azarkeşlərə
minnətdarlığımı bildirirəm. Avarçəkənlərimizin olimpiadada əldə
etdiyi 1 gümüş və 1 bürünc medal tarixi nəticədir. Ümumiyyətlə,
məndən tez-tez proqnozlarımı və onun həyata keçib-keçmədiyini
soruşurlar. Cavabım belədir: Olimpiya Oyunları üçün proqnoz vermək
doğru deyil. Çünki olimpiadalarda gözlənilməz hallar tez-tez baş
verir. Elə götürək bugünkü final yürüşünü. "Bakı 2015" I Avropa
Oyunlarında qızıl medal qazanmış litvalı Henrikas Justautas bu dəfə
heç əsas finala belə yüksələ bilmədi. Braziliyalı kanoeçi İsakias
Keyruş Dos Santos gözlənilmədən bürünc mükafatçı oldu, gözəl nəticə
göstərdi. İkiqat dünya çempionu Andrey Kraytor medalsız qaldı.
Yəni, olimpiada çox gözəl, mürəkkəb mübarizənin getdiyi oyunlardır.
Bura bütün idmançılar medal üçün gəlir və hamısı qızıl medal
arzulayır. Çox şadam ki, biz XXXI Yay Olimpiya Oyunlarında 2 medal
qazandıq.
- 4 qat dünya və 4 qat
Avropa çempionu Valentin Demyanenkonun olimpiya çempionu ola
bilməməsini, İnna Osipenko-Radomskayanın şah məsafəsi sayılan 500
metr məsafəyə final yürüşündə sonuncu yeri tutmasını nə ilə
əlaqələndirmək olar?
- Təbii ki, təhlillər aparılacaq. Amma məncə, ilk anlarda yalnız
sevinc hisslərini bölüşmək lazımdır.
- Sizcə, qazanılan medallar Azərbaycanda avarçəkmə
növlərinin infrastrukturunun, maddi-texniki bazasının inkişafına
təkan olacaqmı?
- Azərbaycanda avarçəkənlər üçün Mingəçevirdəki "Kür" Olimpiya
Təlim-Tədris Bazasında çox gözəl şərait yaradılıb. Rusiya
telekanalının şərhçisi də bunu bir neçə dəfə vurğuladı. Amma
şübhəsiz ki, bir baza ilə avarçəkmə növlərinin inkişafı haqda
danışmaq çətin olar. Biz bu idman növünün intensiv inkişafını
istəyiriksə, Bakıda bir neçə bazamız olmalıdır. Ümid edirəm ki,
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallar həm
avarçəkmə növlərinə marağı daha da artıracaq, həm də gələcəkdə
paytaxtımızda bazaların salınmasına və bu növün inkişafına təkan
verəcək.
- İlk günlərdən olimpiadanı izləyirsiniz. Demyanenko
Azərbaycan olimpiyaçıları adına 10-cu medalı təmin etdi. Artıq 11
medal qazanılıb və "London-2012"dəki rekord yenilənib. Ümumiyyətlə,
idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Azərbaycan yığması gözəl nəticələr göstərir. Artıq 11
medalımız var. Əvvəlki olimpiadalarla müqayisədə gümüş medalların
sayı çoxalaraq 4-ə çatıb. Ən əsası, bu olimpiadada daha çox - 18
növdə təmsil olunduğumuz kimi, daha çox – 5 növdə də medal
qazanmışıq. Cüdo, güləş və boksla yanaşı, ilk dəfə taekvondo və
kayak-kanoedə də medallar əldə etmişik. Bunlar Azərbaycanda idmanın
inkişafının, idmana olan diqqətin ən yüksək səviyyədə təzahürü,
nümayişidir. Bəli, qızıl gözləyirik. İnşallah, bu da olacaq.
Əlbəttə, ənənəvi növlərdə yenə medallar qazanılmalıdır və
qazanılmaqdadır. Amma ən vacib məsələ Azərbaycanda idmanın
inkişafı, idman növlərinin inkişaf coğrafiyasının
genişləndirilməsidir.