Olimpiya çempionu olmaq hər bir idmançının ən böyük
arzusudur. Azərbaycan taekvondoçusu Radik İsayev bu zirvəyə 27
yaşında çatıb.
Axar.az xəbər verir ki, bu parlaq qələbəsi ilə Braziliyada
Azərbaycan bayrağını yüksəyə qaldıraraq, himnimizi səsləndirərək
milyonlarla idman həvəskarına və xalqımıza hədsiz sevinc bəxş
edib.
Radik İsayev yəqin ki, həyatının ən unudulmaz günlərini yaşayır.
Bəlkə də Rio-2016-dək o qədər də tanınmayan idmançı bir gecədə
məşhurlaşdı. Adını Azərbaycanın idman tarixinə yazdı. Prezident
İlham Əliyev ona zəng edərək qələbə münasibətilə təbrik etdi.
İdmançı üçün bundan böyük şərəf və xoşbəxtlik ola bilərmi?
Bu gün Radikin adı idman həvəskarlarının dilindən düşmür. Hamı
onun həyat və mübarizə yolu ilə maraqlanır. Radik İsayevin Olimpiya
Oyunları ərəfəsində AzərTac-a verdiyi müsahibəyə nəzər salırıq. O inamla
deyirdi ki, Rio-2016 Olimpiadasının medalçıları sırasında yer
alacağına iddialıdır. Həmin müsahibədən bir hissəni diqqətə
çatdırırıq: "Ötən il ölkəmiz üçün çox uğurlu oldu. Yalnız taekvondo
deyil, idmanın digər növləri üzrə də çoxlu qızıl medal qazandıq.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və bu mötəbər
yarışda idmançılarımızın yüksək nəticələr qazanması hər kəsi
sevindirdi. Taekvondo yarışlarında ölkəmizi yüksək səviyyədə təmsil
etdik. Ancaq təbii ki, bunlarla kifayətlənmək olmaz. Bu il bizi
daha çətin sınaqlar gözləyir. Rio-2016 Yay Olimpiya Oyunlarına
ciddi hazırlaşırıq. Yeganə məqsədimiz yüksək nəticələr qazanaraq
xalqımızı sevindirməkdir. Bunun üçün çox çalışmaq və məqsədə doğru
inamla addımlamaq lazımdır".
Doğrudan da Radik İsayev bu məqsədə nail olaraq xalqımıza
gözlədiyi sevinci yaşatdı. Rio-2016-da yığma komandamıza yeganə
qızıl medalı məhz o qazandırdı. Bu, həm də Azərbaycanın taekvondo
tarixində ilk qızıl medal kimi xüsusi dəyərə malikdir.
Bu sevincli günlərdə Azərbaycanın taekvondo üzrə yığma
komandasının böyük məşqçisi Elnur Amanovun da AZƏRTAC-a
müsahibəsində dediyi sözlər yada düşür: "Taekvondo üzrə Azərbaycan
yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa
çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib.
Çalışacağıq ki, Olimpiya Oyunlarında da medal qazanaq və
nəticələrimizlə xalqımızı sevindirək".
Məşqçinin də gözləntiləri özünü doğrultdu. "Rio-2016"ya ilk dəfə
tam heyətlə qatılan taekvondo üzrə komandamız bir qızıl, iki bürünc
medal qazanaraq özünəməxsus rekorda imza atdı. Yarışlarda 80
kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa
çempionu, Bakı-2015-in qalibi Radik İsayev isə bütün rəqiblərini
məğlub edərək Olimpiya çempionu oldu.
Olimpiya çempionunun həyatından da bəzi ştrixləri xatırlamaq
yerinə düşər. Rusiya Federasiyasının Dağıstan Respublikasının
Mahaçqala şəhərində doğulan 27 yaşlı Radik Veleddin oğlu İsayev
ailədə yeganə idmançı olub. Orta məktəbi Mahaçqalada bitirib,
Moskva Dövlət Avtomobil və Yol Texniki Universitetinin məzunudur.
Uşaq və yeniyetmə vaxtlarında idmana, xüsusilə, taekvondoya maraq
göstərən Radik İsayev Azərbaycan Taekvondo Federasiyasının yığma
komandasının tərkibinə 2012-ci ilin sonlarında daxil edilib. Gərgin
məşq edən Radik İsayev qısa müddətdə milli komandamızın
liderlərindən birinə çevrilib.
Valideynlər öz uşaqlarını pis vərdişlərdən uzaqlaşdırmaq üçün
onlara adətən idmanla məşğul olmağı məsləhət görürlər. Balaca Radik
bu məsələdə ata-anasını qabaqlayır. Daha çox futbol, müxtəlif döyüş
növləri ilə məşğul olur, sonradan taekvondonu seçir. Dağıstanda
güləş, cüdo daha populyardır. Ona görə də Radik İsayevin
taekvondoya üstünlük verməsi orada təəccüblə qarşılanır. Buna
baxmayaraq Radikin uğurları özünü çox gözlətmir. Dağıstan
çempionatında üçüncü yeri tutaraq karyerasında ilk qələbə sevincini
yaşayır.
Sonralar Rusiya çempionatında iki dəfə fəxri kürsüyə qalxan
Radik İsayev 87 kiloqram çəki dərəcəsində 2010-cu ildə qızıl, bir
il sonra isə gümüş medal qazanır. 2012-ci il London Olimpiadasına
yollanacaq idmançıların geniş siyahısında adı olsa da, məşqçilər
heyəti onu Böyük Britaniyaya aparmırlar. Layiq olduğu qiyməti
almaması ona çox təsir edir. Bu hadisədən sonra Bakıdan aldığı
dəvəti qəbul edərək Azərbaycan millisinin şərəfini qorumaq qərarına
gəlir.
Komandamızın heyətində kifayət qədər uğurla çıxış etməyə
başlayır. 2013-cü ildə Meksikada keçirilmiş dünya çempionatında
bürünc, bir il sonra Bakıda keçirilmiş Avropa çempionatında qızıl
medala layiq görülür.
Ümumiyyətlə, Radik beynəlxalq turnirlərdə keçirdiyi görüşlərin
çoxunda qalib tərəf olub. Maraqlıdır ki, taekvondoçumuz iştirak
etdiyi müxtəlif beynəlxalq turnirlərin bütün əyarlarda medallarını
qazana bilib. Dünya və Avropa çempionatlarının, eləcə də bir çox
beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır: 2014-cü ildə
İranda "Fajr Kap" turnirində birinci, Niderlandda "Döç Open",
Ukraynada "Ukraine Open" turnirlərində ikinci, eləcə də 2015-ci
ildə "Moldova Open"də, həmin il "Qatar Open"də birinci, Misirdə
"Luxor Open"də ikinci, 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI
dünya oyunlarında üçüncü, həmin il Meksikada komandalararası dünya
kubokunda birinci yer. Nəhayət, Radik ötən il Rusiyada keçirilmiş
dünya çempionatının qalibi olur. Radik İsayev Dünya Taekvondo
Federasiyasının Olimpiya reytinqinə əsasən, Rio-2016 ərəfəsində
üçüncü pillədə qərarlaşır. Bu uğurlarına görə, Gənclər və İdman
Nazirliyi tərəfindən bir neçə dəfə ilin "ən yaxşı idmançısı"
nominasiyası üzrə ilk 10 idmançı sırasında yer alır və xüsusi
mükafata layiq görülür.
Həyat Radiki hələ yeniyetmə yaşlarında sınağa çəkib. Dağıstanda
yetərli maliyyələşmənin olmaması istedadlı idmançının taekvondadan
uzaqlaşmağa məcbur edir. Səbəbi isə anasının ağır xəstəlik
keçirməsi olur. Onun müalicəsinə çoxlu pul lazım olduğundan Radik
məşqləri dayandırıb zavodda işləməyə başlayır. Həmin müəssisə bir
müddətdən sonra bağlanır. Özünə başqa iş axtarmazdan əvvəl idmana
yenidən qayıdıb şansını bir daha sınamaq qərarına gəlir. Bu addımı
özünü doğruldur. O, gərgin zəhməti hesabına maddi vəziyyətini
yaxşılaşdıraraq ailəsinin dayağına çevrilir, həm də peşəkar idmançı
kimi yetişir və bir-birinin ardınca qələbələr qazanır.
Təsadüfü deyil ki, "Rio-2016"da qələbəni kimə həsr edirsən
sualına R.İsayev belə cavab verib: "Birinci növbədə mərhum atama və
ilk azarkeşim olan anama. Anam mənim ən əsas azarkeşimdir və
medallarımı yığıb saxlayır. Mən hər dəfə yarışa çıxanda anam
hamıdan çox həyəcanlanır. Bütün medallarımı və aldığım kubokları
ayırdığı otağa yığır. Mənim əsas mükafatlarım anamın kolleksiyasına
çevrilib".
Boyunun hündür olması Radikin üstünlüyüdür. Taekvondo əsasən
ayaqlarla döyüşün ön planda olduğu idman növüdür. Taktikasına
gəlincə, daha çox başa dəqiq zərbələri ilə tanınır. Radik üçün hər
döyüş fərdi xarakter daşıyır və hər dəfə dayanq üzərində vəziyyətə
görə seçimini edir. Buna daha çox təmkinli döyüş taktikası adı
vermək olar. Həmin taktika keçirdiyi bütün döyüşlərdə öz müsbət
nəticəsini göstərir. İdmançı üçün möhkəm iradə və qələbə əzmi də
mühüm əhəmiyyətə malikdir. Biz bunu Radik İsayevin "Rio-2016"da
keçirdiyi görüşlərdə bir daha yəqin etdik. Hesabda geridə olmasına
baxmayaraq özündə güc tapır, qələbəyə inamını itirmir və son
saniyələrədək mübarizəni dayandırmırdı.
Radik məşqləri əsasən səhər və axşam edir. Günün əsas hissəsini
fiziki, nəzəri hazırlığa sərf edir, istirahətə demək olar vaxtı
qalmır. O, əsl idmançı kimi çalışmaqdan zövq alır, ustalığını
günbəgün artırmağa çalışır. Çünki bilir ki, qələbə qazanmağın başqa
yolu yoxdur. İdman onun peşəsidir, karyerası məşqlərdən asılıdır.
Radik İsayev dürüst, dönməz, nəzakətli, məğrur və çalışqandır. Bir
taekvondoçu kimi gücünü yalnız döyüş meydanında göstərən əsl
qafqazlıdır.
O, son müsahibəsində uğur qazanmasının səbəblərinin birini döyüş
vaxtı məşqçilərin tapşırıqlarını yerinə yetirməsi ilə izah edir.
Sözsüz ki, onun uğurlarında taekvondo üzrə kişilərdən ibarət
Azərbaycan yığma komandasının məşqçilərinin rolu da az deyil.
İnanırıq ki, Olimpiya çempionumuz fəth etdiyi zirvə ilə
kifayətlənməyəcək, yeni-yeni qələbələrə imza atacaq.