Ana səhifə İdman |
Ən vacib oyunlarımızdan biri olacaq. Elə bir an gəlib çıxıb ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq.
APA-nın məlumatına görə, bunu
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasında ölkəmizi təmsil edən Ağdam klubu pley-off
mərhələsinin cavab görüşündə "Höteborq"u qəbul edəcək. İlk matçda
minimal hesabla (0:1) məğlub olan təmsilçimiz sabah Tofiq Bəhramov
adına Respublika stadionunda revanş matçına çıxacaq.
Qurbanov oyunöncəsi təşkil edilən mətbuat konfransında
komandasının şanslarını dəyərləndirib: "Rəqibi daha yaxından
tanıdım. Pis hazırlaşmamışıq. Oyunun gedişatında hər hansı
düşünmədiyimiz hadisələr baş versə, buna hazırıq. Rəqib çox
ciddidi. Geridə olsaq da, iki oyunun nəticəsinə görə qalib gəlməyə
çalışacağıq".
- Bu oyunu ölüm-dirim görüşü hesab etmək
olarmı?
- Belə deməzdim. Amma bu, mərhələnin son oyunudu. Nəticə hər iki
komanda üçün vacibdi. Səfərdəki matçdan sonra düşünməyə vaxtımız
var idi. Amma indi vaxtımız yoxdu.
- Rəqibi hansı komponentlərdə
üstələməlisiz ki, mərhələ adlayasız?
- Müdafiədə diqqətli olmalıyıq. Sabah hücumda oynayacağıq. Amma
müdafiəni də unutmamalıyıq. Rəqibi öz cərimə meydanımızdan uzaq
tutmağa çalışacağıq. İsveçdə 2 hücum oldu, birində qol vurdular.
Daha aqressiv və sürətli olmalıyıq. Komanda çox geridə müdafiə
olunursa, orda sürəti artırmaq çətindi. Çalışacağıq topun sürətini
artıraq, boş sahələrdən istifadə edək.
- Mərhələ adlamaq üçün qol vurmağa ehtiyac var. Bunun üçün sabah ilk dəqiqələrdən Dinonun da iştirakı gözlənilirmi?
- Hələ qərar verməmişəm. Dinonun hazırlığı hələ istədiyimiz kimi
deyil. İlk oyunda belə məsuliyyətli matça buraxmaq düzgün çıxmaz.
Oyunu alınmasa, özünə inamı itər. Hələ qərar verməmişəm. Tam hazır
olmasa da, düzəlməyə çalışır. İlk "11-lik"də olmamaq ehtimalı daha
çoxdu.
- "Viktoriya" Çempionlar Liqasında qrupa düşə bilmədi. Bu baxımdan təəssüf hissi keçirmədiniz?
- Bir anlıq təəssüflənmək olur. Amma oyundan sonra. Bəzən tərəf
olub, qalib gəlməyəndə təəssüflənirsən. Amma bəzən də zəif çıxış
edib qalib gəldiyimiz matçlar da olub. Həmin qarşılaşmanın qol
epizodlarına baxdım. Bizimlə görüşdə qol epizodları demək olar ki,
olmadı. "Ludoqorets"lə görüşdə də kuryoz vəziyyətlərdən şanslar
yaxaladılar. Bəzən layiq olduğumuz yerdən yuxarıda oluruq. Buna
görə də şükr etmək lazımdı. Daha yaxşı hazırlaşıb, daha böyük
uğurlar qazanmaq lazımdı.
- Əsas heyətdə yenilik ola bilərmi?
- Çox az olacaq. Ola bilər, ümumiyyətlə, heyəti dəyişmədim. Belə
bir oyunda hər hansı bir dəyişiklik etməyə lüzum görmürəm. Orda
məğlub olsaq da, 90 dəqiqə topa nəzarət etdik, qol imkanlarımız da
oldu. Dəyişiklik oyunun gedişatında ola bilər.
- Bu dəfə qol imkanlarının qaçırılmaması üçün nə etmisiz və ya bacara biləcəyiniz bir şey varmı?
- Mənim bacara biləcəyim futbolçuların özünəinamını artırmaq, səhvləri azaltmaq olar. Futbolçular da təcrübəlidilər. Pis tərəfini yox, yaxşısını düşünək. Bəzən bombardir 3-4 oyunda qol vura bilmir. Bəzən də rəqib imkan vermir. Təbii ki, elə epizodlar olur ki, qolu vurmamaq daha çətindi. Kənardan asan görünər. Amma mən bunu yaxşı başa düşürəm. Elə olub ki, 1 metrlikdən qapıya düşə bilməmişəm. Qol epizodları üzərində daha çox çalışmışıq.
- "Höteborq" evdə müdafiədən oynaması bizi təəccübləndirdi. Bu dəfə rəqibin necə oynayacağını düşünürsüz?
- Hər bir komandaya qalib gəlmək üçün düzgün müdafiə olunmaq
lazımdı. Sadəcə, həmin oyunda onlar nə qədər müdafiəyə diqqət
ayırdısa, biz onları buna daha çox məcbur etdik. Son vaxtlar
müdafiəyə daha çox diqqət yetirənlər qalib gəlirlər. Avropa
çempionatı da buna sübutdu. Belə turnirlərdə komandalar əks-hücumda
nəticə verməyi daha çox bacarırlar. Ən asan və risksiz yol budu.
Onlar onsuz da, 2 hücumçu ilə oynayırlar. 4-4-2 sxemində çıxış
edirlər. Amma bu o demək deyil ki, rəqib hücum futbolu göstərir.
Onların sistemi belədi. Biz 1 hücumçu kimi görünsək də, daha çox 3,
4 və ya 5 hücumçu ilə oynayırıq. İnanmıram ki, rəqib öz sistemini
dəyişsin. Sabah da onları müdafiədən oynamağa məcbur etməliyik.
Futbol bizə sürpriz göstərə bilər. Buna da hazır olmalıyıq.
- Penaltilər seriyasının üzərində çalışmısınızmı?
- İstəmərəm penaltilər seriyasına getsin. Amma elə oyundu ki,
hətta məğlubiyyətə də hazır olmalıyıq. Amma qalib gəlmək üçün
meydanda soyuqqanlı olmalıyıq. Penaltilər üzərində məşq etməmişəm.
Futbolçulara psixoloji təsir etmək istəməmişəm.
- Psixoloji cəhətdən vəziyyət nə durumdadı?
- Normaldı. Neçə illərdi bu turnirdə iştirak edirik, təcrübəmiz
çoxdu. Evdə oynayacağıq. Bu, psixoloji gərginliyi aradan qaldırmaq
üçün bir vasitədi. Psixoloji gərginliyə şad olaram, deməli,
futbolçu nəticə barədə düşünür. Mən belə şeyə müsbət
baxıram.
- Reynaldo, Almeyda, Maksim və digərləri əvvəlki həvəsdədilərmi?
- Bəzən komanda 3-4 il uğur qazanandan sonra enişə keçir. Bu da
sizin sualınıza uyğun elementlərdən qaynaqlanır. Bəzən mən də özümü
rahat hiss edirəm. Guya diqqətli oluram. Amma sonra fikirləşirəm
ki, burda düz eləmədim. Bu məsələyə uyğun futbolçularla söhbət
eləmişəm. Daim yaxşı olmaq istəyirsənsə, stabil çıxış etməlisən.
Çünki "düşəndən" sonra formanı bərpa etmək çətin olur. Buna görə də
vaxtında tədbir görmək lazımdı.
- İlk dəqiqələrdən qol vurub, oyunu daha rahatlaşdırmaq üçün xüsusi tapşırığınız olacaqmı?
- Rahatlaşmaq deməzdim, amma qalib gəlmək üçün ilk dəqiqələrdən
qol vurmalıyıq. Gecikməli deyilik. Futbolda belə bir şey yoxdu ki,
60-70-ci dəqiqədən sonranı gözləyim. Bəzən 10 şansdan yararlana
bilmirsən, son dəqiqədə vurursan. Bəlkə erkən qol vursaq, daha
çətin olacaq. İlk dəqiqələrdən şanslardan maksimum yararlanmağa
çalışacağıq.
- Kornerdən standart tapşırığınız olacaqmı?
- Azərbaycan komandalarına daha heç kim imkan vermir. İnşallah,
yeni bir şey edərik.
- "Qəbələ"nin şanslarını necə qiymətləndirirsiz?
- Üstünlük "Qəbələ" tərəfdədi. Çünki qalib gəlib. Yəqin ki, özləri danışıblar. Amma elə də asan olmayacaq. "Qəbələ" çox istəkli klubdu. Məşqçiləri çox işgüzardılar. Onlara uğurlar arzu edirəm. İnşallah, uğur biz tərəfdə olar.
- Hansı komandamızın işi daha çətin olacaq?
- Heç birimizin işi asan deyil. Burda nəticə önəmli deyil. Çox nüanslar var. İnsan bəzən sonra qərar verməli olur və ondan çox şey asılı olur. Məğlubiyyət səni qrupdan uzaqlaşdırar. Siz də yəqin gah bizi, gah "Qəbələ"ni fikirləşəcəksiz. Futbolda asan iş yoxdu. Yaxşı tərəfini düşünək.
Tarix
2016.08.24 / 19:58
|
Müəllif
Axar.az
|