Azərbaycan milli komandası dünya çempionatı seçmə mərhələsi
çərçivəsində keçirdiyi son 2 oyunda 4 xal əldə etdi. Bu nəticədən
sonra Berti Foqtsun komandası tarixində ilk dəfə Dünya və Avropa
çempionatının seçmə mərhələlərində 9 xal həddinə yüksəldi.
Seçmə mərhələnin ortasında milli komandanın qələbəyə həsrət
qalması və Lüksemburq kimi reytinq sıralamasında aşağı olan
komandayla doğma meydanda qolsuz bərabərlik əldə etməsi Berti
Foqtsun istefasını gündəmə gətirmişdi. Hətta milliyə yerli
məşqçinin başçılıq etməsi məsələsi də gündəmdəydi. Amma son 2
görüşdə qazanılan 4 xal vəziyyəti alman məşqçinin xeyrinə
dəyişdi.
AFFA daxilindəki etibarlı mənbədən "Axar.az"a verilən məlumata
görə, federasiya daxilində Almaniyanı Avropa çempionu etmiş məşqçi
barəsində fikir ayrılığı var. AFFA-nın vitse preizidenti Elşad
Nəsirov və onun komandası alman məşqçinin qalmasının tərəfadrıdır.
Mənbə onu da bildirir ki, bir ara Foqtsun istefası gündəmə gələndə
Elşad Nəsirov ölkə prezidenti İlham Əliyevi Berti Foqtsun milli
komandada qalıb, işini davam etdirməsi üçün inandıra bilmişdi.
Xatırladaq ki, İlham Əliyevlə Elşad Nəsirov dostluq münasibətləri
ilə seçilir və ölkə başçısı ilə AFFA-nın vitse-prezidenti Lomonosov
adına Moskva Dövlət Universitetinin Beynəxalq Münasibətlər
fakultəsində qrup yoldaşı olublar. Elə buna görə də, prezidentin
yanında Nəsirovun sözü federasiya prezidenti Rövnəq Abdullayevdən
daha çox keçərli olduğu bildirilir.
AFFA prezidenti Rövnəq Abdullayevlə onun kadrları isə Foqtsu
millidən uzaqlaşdırıb, yerinə yerli məşqçi gətirmək fikrindədir.
Yerli məşqçi isə son illər "Qarabağ"da Avroliqanın pley-off
mərhələsinə qədər yüksəlməyi bacaran Qurban Qurbanovdur. PFL
preizdenti və Abdulayev komandasının aparıcı qüvvəsi Ramin Musayev
ilə Qurban Qurbanovun yaxın dostluq münasibətləri var. Ümumiyyətlə,
bir aralar Rövnəq Abdullayevin göstərişi ilə AFFA-nın mərhum
prezidenti Ramiz Mirzəyevə "torba tikən" komandada Musayevlə
Qurbanov da var idi.
Lakin seçmə mərhələnin sonunda əldə edilən 4 xal hadisələrin
Foqtsun və onun millidəki himayədarlarının xeyrinə dəyişməsinə
gətirib çıxardı.
Mənbə onu da bildirir ki, artıq Berti Foqtsun müqavilə məsələsi
AFFA-nın İcraiyyə Komitəsində müzakirəyə çıxarılması haqda qərar
qəbul edilib və yuxarıdan gələn əmrə əsasən alman məşqçi ilə
müqavilə Avro 2016-cı Avropa çempionatının seçmə mərhələsinə qədər
uzadılacaq.