Bu gün Bakı 2015 Azərbaycanın tarixi, irsi və
mədəniyyətini Avropanın böyük idmanı ilə birləşdirən yeni brendini
təqdim edib.
Bakının təbii gözəlliyini əks
etdirən rəngarəng və heyranedici yeni brend imici yarış obyektləri,
biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan
bütün əşyalarda əks olunacaq.
Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu
olan nar ağacının təsviri var. Azərbaycan irsinin və mədəniyyətinin
tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb
edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə
bağlanır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK)
Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, yeni
brend Bakı 2015 üçün dinamik, yeni özünü-ifadə tərzidir: "Bu, qədim
Azərbaycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur
hissimizin, həmçinin bizim bütün Avropanın zövq ala biləcəyi
innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin simvoludur.
Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları
ilə sinonim olacaq və bizim burada, Azərbaycanda mövcudluğumuzun
bütün cəhətləri ilə vizual əlaqə təmin edəcək".
Eyni zamanda yeni imic Bakı 2015-in təkmilləşdirilmiş və
yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə
olunmuşdur. Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elementləri,
xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir
yerə toplanmış cəlbedici yeni naxışlar Azərbaycan irsinin ölkənin
məğrur tarixində mühüm rol oynayan digər simvollarıdır.
Yeni imicin yaradılması tenderinin qalibi daha öncə London 2012
Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin
yaradılmasında çalışmış məşhur "SomeOne" agentliyi olub. Agentliyin
təsisçilərindən biri və icraçı kreativ direktoru Qari Holt deyib:
"Layihənin ilkin mərhələlərində Bakıya səfərimiz zamanı şəhərin
yaşıllığı və gözəlliyi bizi heyran etdi. Bu, bizi canlı mülkiyyətin
- Bakı 2015-in nar ağacının yaradılmasına ruhlandırdı. Yeni brenddə
idmançılarla Azərbaycan incəsənəti və nar ağacı elə tərtib
edilmişdir ki, Bakının gözəl şəraitində qeyd edilən böyük idman
tədbiri şəhərin mühitinə uyğun olsun".
Oyunlara qədər geriyəsayım davam etdikcə, korporativ dəftərxana
ləvazimatlarını, medalları və Bakıdakı reklam lövhələrində
təşkilatçı şəhərin təsvirlərini yeni brend imicləri bəzəyəcək.
Bakı 2015-in kommersiya direktoru Çarli Vijeratna qeyd edib:
"Avropa Oyunlarını gerçəkləşdirmək üçün "SomeOne" agentliyinin
yaratdığı gözəl və mürəkkəb naxışlar və qrafikalar zövqümüzü
oxşadı. Onlar elə bir imic yaradıblar ki, bu, medallardan tutmuş
uniformalara qədər gözlənilən bütün istifadə sahələrimiz və bütün
forma və ölçülərimiz üçün effektiv olacaq."
Bakı 2015 Avropa Oyunlarının yeni rəngarəng brendi ilə
www.baku2015.com veb-saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər Bakıda I
Avropa Oyunları keçiriləcək. Bakı 2015 Avropa Oyunlarında
ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç
qeyri-Olimpiya idman növü.
17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını
təmsil edəcəyi gözlənilir. İdman növlərinin doqquzu 2016-cı ildə
keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya
imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan
ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq,
üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya
Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə
olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları
EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.
APA