Ana səhifə İdman |
"Qarabağ"ın Avroliqanın qrup mərhələsində debütünə iki gün qalır.
Axar.az xəbər verir ki, buna qədər ən əhəmiyyətli məsələ Tofiq Bəhramov adına stadionun öt örtüyünün yaxşı vəziyyətə gətirilməsidir. Artıq komandanın baş məşqçisi Qurban Qurbanov Respublika stadionunda olub. Təcrübəli mütəxəssis yeni salınan ot örtüyünü yoxlayıb və meydançanın vəziyyətindən razı qaldığını bildirib.
Bununla belə, "Qarabağ"ın təkcə stadionun ot örtüyü deyil, önündəki qara bazarda satılan saxta biletlə bağlı hərəkətliliyi də müşahidə olunur. Məlumata görə, stadionun media sektoruna bilet satışı faktı üzə çıxıb. Bilet 30 manata satılırmış. "Qarabağ" klubu həmin biletin nüsxəsini təqdim edib.
Stadionun direktoru Akif İsmayılov isə Sportnet.az saytına bildirib ki, qara bazardakılardan müxtəlif sektorlara, o cümlədən, jurnalistlər üçün nəzərdə tutulan yerlərə bilet satmaq istəyənlər ələ keçirilib. Müəyyən edilib ki, həmin biletlər saxtadır və qeyri-qanuni yolla satışa çıxıb. Bu və digər hallarla əlaqədar Respublika stadionunda "Qarabağ" komandasının və Bakının Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə toplantı keçirilib.
Əslində media sektoru üçün bilet heç bir halda satıla bilməz. Amma "Qarabağ"ın əvvəlki avrokubok oyunlarında da media sektoruna bilet satılmasına dair xəbərlərə rast gəlinib.
Bu arada isə "Sent-Etyen"nin Bakıya gələcəyi vaxt dəqiqləşib. Belə ki, komanda sabah günorta saatlarında paytaxtımızda olacaq. Komanda axşam saatlarında isə oyunöncəsi son məşqinə çıxacaq.
Oyun öncəsi Fransanın məşhur "France 24" kanalı Ağdam təmsilçisindən reportaj hazırlayıb. Reportajda jurnalist qeyd edib ki, bu rəqiblə səfərdə uğur əldə etmək asan olmayacaq, Azərbaycan çempionu ev oyunlarında təhlükəlidir.
Tarix
2014.09.16 / 12:59
|
Müəllif
Emin Aslanlı
|