Bu gün - dekabrın 11-də
məşhur sovet futbolçusu, "Neftçi"nin hücumçusu, 1972-ci ildə
keçirilən Avropa çempionatının gümüş medalçısı Anatoli
Banişevskinin vəfatı günüdür.
Virtualaz.org saytı xəbər verir ki, "Sovetskiy sport" nəşri
Boris Valiyevin A.Banişevskinin həyatından bəhs edən maraqlı
oçerkini dərc edib.
Tarixdə rikoşet
Banişevskinin familiyasını xatırlayanda yaddaşda iki aydın
parıltı yaranır. Hər ikisi uşaqlıqdan. Birincisi: 1966-cı ilin iyul
ayı, SSRİ yığma komandasının İngiltərədə keçirilən dünya
çempionatının 1/4 finalında Macarıstan yığması ilə oyunu.
"Hesab 2:1 bizim xeyrimizədir və macarlar oyunun sonuncu yarım
saatında böyük təzyiq göstərirlər. On metrlikdən Ferents Benenin
xokkeydə olduğu kimi sinəsi ilə endirdiyi güclü zərbə. Müdafiəçimiz
Vladimir Ponomaryov onun ayaqları altına yıxılır. Qapıçı
meydançasının xətti boyu topun böyrü ilə Dyula Rakoşi uşaq kimi
atılıb-düşür. Başqa belə on situasiyadan onunda da top qapıya
girərdi. Tribunanın əks tərəfində saatların əqrəbləri sanki
sferblatda donub qalmışdı. Fotoreportyorlar fotoaparatlarını
unutmuşdular. Bizim oturduğumuz cərgədə yenə validol qutuları
açıldı..." - sonradan bu oyunun şahidi olan məşhur sovet jurnalisti
Melor Strua öz reportajında yazırdı.
Və budur, oyunun bitməsinə təxminən 10 dəqiqə qalmış kiminsə
cərimə meydançasından vurduğu top bizim yığmamızın sağ cinahda
növbə çəkən hücumçusu Anatoli Banişevskiyə çatır. O, topu başı ilə
uzağa vuraraq demək olar ki, eyni xətlə topun arxasınca qaçır, iki
macar müdafiəçisini aldadır, qapıya paralel hərəkət edir və vurur.
Sanki zərbəni qapıçı meydançasından endirir, lakin top özünü
zərbənin altına atan üçüncü müdafiəçinin ayaqlarında ilişir.
"Eh!..."- yəqin ki, onda planetin quru hissəsinin altıda bir
hissəsi bu cür ah çəkmişdi.
Bu hadisə yadımda bərk-bərk qalıb. Anatoli onda qol vursaydı,
ağ-qara televizorların qabağına düzülüb səsini içinə salan
milyonlarla insan gör nə qədər əsəb hüceyrəsini qoruyub saxlayardı.
Lakin o, qol vurmadı. Əvəzində biz Florina Albertin final fitinə 5
dəqiqə qalmış cərimə zərbəsindən vurduğu zərbənin qarşısını dəlisov
sıçrayışla alan Lev Yaşinin möhtəşəm qurtarışını izlədik.
"Pele yaxınlaşıb, əlimi sıxdı..."
İkincisi: indiki ölçülərlə dəhşətli dərəcədə keyfiyyətsiz ,
"Futbol" həftəliyində dərc olunmuş ağ-qara fotoda Banişevski məşhur
"Marakana" stadionunda Braziliya yığması ilə keçirilən yoldaşlıq
oyununda ağlasığmaz tullanışla qol vurarkən əks olunub.
1965-ci il, noyabrın 21-də Bakının "Neftçi" komandasının 19
yaşlı forvardı böyük braziliyalıların qapısını möhürlədi. Özü də o,
bunu... başının arxası ilə etdi. Oyunun 59-cu dəqiqəsində hesab 2:0
Braziliya yığmasının xeyrinə olanda komanda yoldaşlarının "Banya"
deyə çağırdığı Anatoli meydana çıxdı, braziliyalıların qapıçısı
Manqanın meydana vurduğu topa atıldı. Qapıçının zərbəsi yaxşı
alınmadı və bizim hücumçumuzun başına tuş gələn top
braziliyalıların qapısını silkələdi.
-Tribuna bir neçə saniyə ərzində sükuta qərq oldu, baş verənləri
dərk edəndən sonra partladı. Pele mənə yaxınlaşdı və əlimi sıxdı.
O, hələ bilmirdi ki, 25 dəqiqə sonra Slava Metreveli hesabı
bərabərləşdirəcək, - sonralar Anatoli Andreyeviç xatırlayırdı.
Zarafat deyildi ki, Braziliyanın aparıcı idman qəzetlərindən
biri həmin qolu onilliyin ən yaxşı qolu adlandırmışdı.
Anatoli təkbaşına yunanları əzir
Maraqlıdır ki, Banişevskinin milli yığma komandanın tərkibində
debütü də braziliyalılarla yoldaşlıq görüşündə olmuşdu. Bu, 1965-ci
il, iyulun 4-də Moskvada baş vermişdi.
Bizim komandanın baş məşqçisi Nikolay Morozov yeni oyunçunu
ikinci hissədə, hesab qonaqların xeyrinə 2:0 olanda meydançaya
buraxdı. Ancaq həmin oyunu heç Allah da xilas edə bilməzdi, çünki
həmin vaxt Braziliya yığmasının köynəklərini geymiş futbol
allahları yer-göylə əlləşirdi.
Anatoli meydanda özünü göstərmək üçün düz iki ay gözlədi. Dünya
çempionatının seçmə oyununda Yunanıstan yığması ilə qarşılaşmada o,
praktiki olaraq təkbaşına rəqiblərini əzdi, onları öz evlərində 3:0
məğlub etdi. Hər üç topu Anatoli vurdu.
O vaxt hamı "Neftçi"nin baş məşqçisi Boris Arkadyevin həmin
oyundan üç il əvvəl verdiyi müsahibəni xatırlayırdı: "Bizdə bir
oğlan uşağı böyüyür, onun haqqında hələ çox danışacaqlar. Möcüzəli
şəkildə yaxşı koordinasiya olunub, ağıllıdır, qətiyyətlidir, topu
hər siniri ilə hiss edir. Hələ gəncdir, təcrübəsizdir, pişik kimi
cəlddir, ancaq tezliklə ondan cəngavər olacaq və Allahın köməyi ilə
forvarda çevriləcək".
Cəngavər gözlənilməz dərəcədə tez oyandı: 15 yaşında SSRİ
çempionatının yüksək liqasında oynayan komandada oynadı, 17 yaşında
ölkənin gənclər üzrə yığma komandasına qatıldı və Macarıstan
yığmasının qapısına beş top vurdu, 20 yaşında isə artıq 1966-cı il
İngiltərə dünya çempionatının ən məşhur oyunçularından birinə
çevrildi.
Bir medalın iki üzü
Bu gün Banişevskinin parlaq karyerası Bakı qazanxanalarında
gecələməklə başa çatdığını bilsək də onun futbol taleyinə birmənalı
qiymət vermək çətindir. Onu çökmüş biri adlandırmağa adamın dili
gəlmir. Yığma komandada 50 oyun, 19 qol, dünya çempionatının bürünc
medalı, Avropa çempionatının gümüş medalı...
Buna baxmayaraq futbolçu Banişevskinin həyatında sistemli
şəkildə idman rejiminin pozulması, "əxlaqsız davranışlarına, sərxoş
olub dava salmağa görə" əməkdar idman ustası adının əlindən
alınması, uzun müddət diskvalikifasiya olunması da reallıqdır. Onun
27 yaşında "Neftçi"dən könüllü ayrılması da düşüncəsiz addım
idi.
Qədəhin dibindəki top, yaxud Heydər Əliyev işə
qarışır
"Banya" erkən futbol ölümünü araq qədəhinin dibində tapdı.
Milyonlarla azarkeşin kumiri kimi o, hüdudsuz sevgi ilə əhatə
olunmuşdu. Bakıda onu əllərinin üstündə daşıyırdılar, hər kəs onu
öz məclisinə dəvət etməklə, onunla içməklə fəxr edirdi. O isə rədd
etməyi bacarmırdı, heç istəmirdi də.
1971-ci ildə Sov.İKP MK-nın xüsusi direktivi ilə Banişevskini
"Neftçi"nin beş digər oyunçusu ilə birlikdə "idman intizamını kobud
şəkildə pozmağa görə" az qala diskvalifikasiya etmişdilər.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
Heydər Əliyevin işə qarışması sayəsində o, şərti cəza ilə yaxasını
qurtardı.
Lakin rəhbərliyin səbr kasasını daşıran sonuncu damla 1972-ci il
Avropa çempionatının Brüsseldə Almaniya Federativ Respublikası ilə
keçirilən final oyunundan sonra baş verən epizod oldu.
Banişevski SSRİ-nin çox nüfuzlu idman məmuruna cavabı:
"Gəl özün oyna..."
- Biz 0:3 hesabı ilə uduzduq. Oyundan sonra soyunma otağına
SSRİ-nin idman üzrə çox mühüm məmuru daxil oldu və hamımızı
danlamağa başladı, bizi az qala vətən xaini elan etdi,-Anatoli
xatırlayırdı.- Mən, nəhayət dözmədim və cavab verdim: "Əgər bizim
oyunumuz belə xoşunuza gəlmirsə, özünüz meydana çıxardınız və necə
lazımsa oynayardınız".
Çağırılmamış qonaq dərhal yerində fırlandı və otağı tərk etdi.
Bir daha məni yığmaya çağırmadılar.
1990-cı ildə Azərbaycan futbolunun 80 illiyi ilə bağlı
Banişevskinin əməkdar idman ustası adını qaytardılar. Həmin ilin
qışında o, "diabetik koma" diaqnozu ilə xəstəxanaya
yerləşdirildi.
-Həkimlərin ümidi çox az idi ki, Tolya sağalacaq, axı bu, onda
ikinci koma idi,-bacısı Lidiya Andreyevna xatırlayır.
Birinci şəkər koması 1987-ci ildə baş vermişdi və o,
reanimasiyada 10 gün qalmışdı. Sonra bir ay Moskvada müalicə
olundu, ancaq köməyi az oldu.
Burkino-Fasoda məşqçilik və prezidenti stadionda
öldürürlər
Əlbəttə, bu xəstəliklə ona Afrikaya getmək olmazdı, ancaq
Anatoli bir il Burkino-Fasoda işlədi, gənclər üzrə yığmaya
məşqçilik etdi. Həmin vaxt həyatının güclü stressini yaşadı: hərbi
qiyam törətmiş üsyançılar bilavasitə onun gözləri önündə, stadionda
ölkənin prezidentini öldürdülər.
İkinci komadan sonra Tolyanın yaddaşı korlandı. Evdən çıxanda
arvadı ona kağız yazıb verirdi ki, nə etməlidir, hara getməlidir.
Yaddaşı sanki sönmüşdü. Və bu, 45 yaşında baş verirdi!
Tezliklə ölümcül xəstə olan Banişevski evini də itirdi, sadiq
dostu və ev həkimi saydığı həyat yoldaşını da. Bitib-tükənməyən
qalmaqallardan və ərinin içkini atması uğrunda nəticəsiz
mübarizədən bezən arvadı iki qızının da susub razı olması ilə
Anatolini qapı arxasında qoydu. Azərbaycanın cibində bir quruşu da
olmayan eks-kumiri qazanxanada məskunlaşdı.
Məşhur futbolçunu bomjluqdan qurtarıb evinə gətirən
Səidə
Və yəqin ki, ömrünün qalan hissəsini də orada başa vuracaqdı.
Lakin Banişevskinin milyonlarla azarkeşi arasından onu sevən biri
tapıldı. Təsadüfən Banişevskinin qazanxanada bomjlarla yaşadığını
öyrənən Səidə taksi ilə təcili ora getdi. Bu qadın onun sonuncu
dayağı oldu, ona az qala unutduğu ailə hərarətini verdi. Təəssüf
ki, bu, çox davam etmədi. 1997-ci ilin qışında onlar Kanarda
istirahət etməyə hazırlaşırdılar, hətta bilet də almışdılar. Lakin
xəstəlik özünü göstərdi. Üçüncü şəkər komasına orqanizm artıq
dözmədi...