Milli Məclisin deputatı,
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti
Ülvi Quliyev Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə
bağlı müsahibə verib. Axar.az həmin müsahibəni təqdim
edir:
- Ülvi müəllim, qarşıdan birinci Avropa Oyunları gəlir.
İdman sahəsinin tanınmış nümayəndəsi kimi bu oyunların Azərbaycan
üçün əhəmiyyəti nə ola bilər?
- Hesab edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi məsələsinin özü ilk növbədə tarixi, idman hadisəsidir.
Bu oyunda Azərbaycan ilkə imza atacaq.
Bu günə qədər Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa və
dünya çempionatları keçirilib.
Ancaq Avropa oyunları masştabında idmanla bağlı Azərbaycanda bu
günə qədər hər hansı yarış olmayıb. Bu baxımdan hesab edirəm ki,
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm
əhəmiyyətə malikdir.
Eyni zamanda nəzərə alınmalıdır ki, Avropa ölkələrinin
əksəriyyəti öz idmançıları ilə Birinci Avropa Oyunlarında təmsil
olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki,
ölkəmizin təbliğatında Birinci Avropa Oyunlarının əhəmiyyəti çox
böyükdür. Birmənalı şəkildə Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır.
Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli
xüsusiyyətlərimizin gələn qonaqlara çatdırılmasında Birinci Avropa
Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Bu, həm də turizmin
inkişafına böyük töhvə olacaq.
Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı Bakıya gələcək
əcnəbilər üçün Azərbaycanı görmək çox xoş olacaq və ona da əminəm
ki, geri döndükdən sonra yenidən onlar Azərbaycana qayıdacaqlar.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanı
inkişaf etmiş Avropa ölkələri sırasına aparan yoldur.
Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən dəstək mərhum
prezidentimiz Heydər Əliyevin zamanlarından başlamışdı və o zaman
cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri
idi. İlham Əliyevin hələ o zamandan Azərbaycan idmanının inkişafına
xüsusi diqqət ayırırdı. Bu gün isə Azərbaycanda idmanın inkişaf
üçün bütün istiqamətlərdə üfiq açıqdır, işıqlıdır.
Birinci Avropa Oyunları ilə əlaqədar mükəmməl təşkilat komitəsi
yaradılıb və bizim hörmətli millət vəkili, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva təşkilat komitəsinə rəhbərlik
edir. Mükəmməl, zövqlə, dünya standartlarına uyğun şəkildə
təşkilati işlər aparılır.
Baxın, burada bir haşiyə çıxmaqla bu oyunların əhəmiyyətini
diqqətə çatdıracam. Bu gün Amerika Birləşmiş Ştatlarının 17 ştatı
Xocalı soyqırımını tanıyıb. Bu bir gündə, bir ayda, bir ildə
görülən işlərin nəticəsidirmi? Xeyr!
Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri apardığı siyasətin
nəticəsidir. Birinci Avropa Oyunlarında Azərbaycanın təbliği üçün
kifayət qədər münbit şəraıt yaranır. Təbliğatın nəticəsi 1 gündə
özünü göstərə bilməz. 3-5 ildən, 10 ildən, 20 ildən sonra təbliğat
məsələsi öz işini görəcək. Ona görə də gəlin tələsməyək.
Hesab edirəm ki, milli məsələlər, dövlətimizin maraqları hər
şeydən öndə olmalıdır. Biz Birinci Avropa Oyunlarında milli
xüsusiyyətlərimizi, dövlətimizi, xalqımızı tam olaraq Avropaya
çatdıracağıq. Ona görə də Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsinin müstəsna əhəmiyyəti var.
- Sizcə, indiki vaxtda cəmiyyətin Birinci Avropa
Oyunlarının Azərbaycanda keçirilməsinə münasibəti
necədir?
- Təbii ki, deputat ilk növbədə ictimai fikir daşıyıcısıdır.
Məsələ ilə bağlı onu deyə bilərəm ki, həm seçicilərimizlə, həm də
ictimai fəal insanlarla tez-tez müzakirələrimiz olur və insanların
bu məsələyə münasibəti birmənalı şəkildə yüksək və müsbətdir.
Artıq Birinci Avropa Oyunlarına biletlərin əldə olunması ilə
bağlı sual verirlər ki, necə iştirak etsinlər. Təşkilat komitəsi
mükəmməl şəkildə işləyir və Azərbaycanda, xüsusilə Bakıda Birinci
Avropa Oyunları ilə bağlı çox möhtəşəm idman obyektləri
quraşdırılır. Təbii ki, hər bir Azərbaycan insanı həmin stadionu və
bu kimi idman obyektlərini televiziyada seyr etmək istəmir. Canlı
olaraq öz gözü ilə görmək istəyir. Azərbaycanda idman sevənlər
çoxdur.
Məlumdur ki, Birinci Avropa Oyunlarında 20 idman növü üzrə yarış
olacaq. Əminəm ki, yarışlarda stadionlar tam dolu olacaq, boş yer
qalmayacaq və bu cəmiyyətin məsələyə münasibətinin göstəricisi kimi
təzahür edəcək.
- Beynəlxalq və bəzi yerli təşkilatlar Birinci Avropa
Oyunları ilə bağlı xoşagəlməz rəy formalaşdırmağa çalışırlar. Bunu
necə qiymətləndirirsiniz? Sizcə bu haradan
qaynaqlanır?
- Bəli, mən də o fikirdəyəm ki, bu məsələ ilə bağlı insanlara
yanlış məlumatlar vermək istəyənlər var. Ölkəmizə qarşı
qarayaxmalar var. Onlar bu çirkin əməllərini davam etdirmək
istəyirlər. Amma bilmək lazımdır ki, Birinci Avropa Oyunları
Azərbaycan üçündür. Azərbaycanın təbliğatı üçündür. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə
hesablanmış siyasətdir. Biz hər zaman cənab Prezidentin apardığı
siyasətin müsbət nəticəsinin şahidi olmuşuq. İnanıram ki, Birinci
Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi Azərbaycan üçün
xüsusi rol oynayacaq.
İlham Əliyev bu günə qədər nəticəsi görünməyən hər hansı
layihəyə imza atmayıb. Ona görə də heç şübhəniz olmasın ki, Birinci
Avropa Oyunları Azərbaycan üçün böyük nəticələr gətirəcək.
Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək.
Yadınızdadırsa, Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçiriləndə
də müxtəlif qarayaxma kampaniyası ilə məşğul olanlar, Azərbaycana
qarşı düşmənçilik siyasəti yeridənlər var idi. O zaman Azərbaycan
bu işin öhdəsindən çox yüksək şəkildə gəldi və hesab edirəm ki, bu
"Avroviziya" ərəfəsində Azərbaycandakı görülən işlər dünya
tarixində yadda qaldı. O zaman "Kristal Holl" inşa olundu və bu gün
dünyanın ən mükəmməl zallarından biri olaraq azərbaycanlıların
ixtiyarındadır. Həmin "Kristal Holl"a baş çəkən nəinki
azərbaycanlılar, hətta əcnəbilər də heyrətə gəlirlər. Mən hesab
edirəm ki, Birinci Avropa Oyunları ilə bağlı tikilən idman
obyektləri də eyni nəticə verəcək. Amma bizi istəməyən qüvvələr
var. Bu qüvvələrin fəallaşmasının səbəbi də məlumdur.
Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz
sözünü deyə bilir. Bu da həmin qüvvələrin istəyinə uyğun deyil və
onlar Azərbaycanı tam müstəqil görmək istəmirlər. Ona görə hər
vəchlə bunun qarşısını almağa çalışırlar.
Təbii ki, o qara qüvvələr bu arzularına çata bilməyəcəklər.
Çünki Azərbaycanın İlham Əliyev kimi lideri var və İlham Əliyev
müstəqilliyimizin qarantıdır. Müstəqil Azərbaycanın inkişafında
xüsusi xidmət göstərir. Bu, bütün dünyanın gözü qarşısındadır.
Ətrafımızdakı ölkələrə baxın. MDB məkanında vəziyyət hansı
şəkildədir. Amma Azərbaycanın yürütdüyü müstəqil siyasət
nəticəsində çox şükürlər olsun ki, ölkəmiz bütün bəlalardan özünü
sığortalaya bilir. Birinci Avropa Oyunları Azərbaycanın milli,
dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Kimsə,
hansısa qüvvə Birinci Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi
rol formalaşdırmağa çalışırsa, demək ki, o Azərbaycan dövlətinə,
onun milli maraqlarına qarşı çıxır. Azərbaycan Birinci Avropa
Oyunlarına ev sahibliyi edəcək və bir ilkə imza atacaq.
- Demək olar ki, dünyanın əksər ölkəsində idman
yarışlarında iştirak etmisiniz. Bu gün təşkilat komitəsi
Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı ciddi
işlər görür. Siz necə müqayisə edərdiniz ki, indiyə qədər iştirak
etdiyiniz yarışlarla Azərbaycanda keçiriləcək yarışlar arasında
şəraitlə bağlı hansı fərqlər var?
- Doğrusunu deyəcəyəm. Doğrudan da dünyanın əksər ölkələrində
yarışlarda iştirak etmişəm. Ancaq bizdəki kimi yaradılan gözəl
şəraitlə qarşılaşmamışam. Bizdə təşkilat komitəsi elə zövqlə və
mükəmməl işləyir ki, hesab edirəm bunun müsbət nəticəsi mütləq
olacaq.
12 min könüllü prosesə qoşulub. Onların çoxu gənclərdir. Hesab
edirəm ki, həmin gənclərə perspektiv açılacaq. Bu onlar üçün böyük
bir məktəb olacaq. Azərbaycanı təbliğ edəcəklər. Birinci Avropa
Oyunları başa çatdıqdan sonra həmin gənclər mütəxəssis olaraq
yetişəcəklər. Bunun mühüm əhəmiyyəti var. Biz yaxşı mənada
Azərbaycana gələcək əcnəbiləri heyrətləndirə biləcəyik. Ölkəmiz
barədə müsbət fikir formalaşdıra biləcəyik.
Əminəm ki, Azərbaycana gəlib geri dönən insanlar Azərbaycanla
bağlı müsbət fikirdə olacaqlar. Çünki görülən işlərin nəticəsi
olaraq bunu demək olar.
- Siz karate üzrə dünya çempionusunuz. Olimpiya
çempionatlarında karate yer almayıb. Ancaq bizdə keçiriləcək
Birinci Avropa Oyunlarına karate də salınıb. Buna münasibətiniz
necədir?
- Bəli, çox təəssüf ki, bu günə qədər karate olimpiya oyunlarına
salınmayıb. Ancaq artıq Avropa Oyunlarına salındısa, ümumən dünya
karateçilərinə, eyni zamanda bizə, Azərbaycan karateçilərinə böyük
hədiyyədir. Buna görə bütün dünya karateçiləri cənab Prezidentə
minnətdardılar. Bu, bizim üzərimizə məsuliyyət qoyur və biz də
məsuliyyətimizi hiss edirik.
Eyni zamanda bu etimadı doğrultmaq bizim borcumuzdur.
Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları yay olimpiya oyunu
səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir.
Hesab edirəm ki, Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi
etməklə olimpiya oyunlarında karatenin salınmasına yol açacaq.
Karate təlim, tərbiyə deməkdir. Əminik ki, Azərbaycan karateçiləri
bu oyunda öz sözünü deyə biləcəklər.
- Ülvi müəllim, Azərbaycanı karate üzrə kimlər təmsil
edəcək?
- Təlim toplantıları keçirilir. Təbii ki, yüksək nəticə göstərən
karateçilərimiz diqqətə alınacaq. Bu gün məşqlər üçün hər cür
şərait yaradılıb. Yalnız iş idmançılara qalır. Dövlət, prezident
idmançılar üçün hər cür şərait yaradıb. Birinci Avropa Oyunlarında
Prezidentimiz bizə şans yaratdı ki, gücümüzü sınayaq və özümüzü
göstərək. Biz də yüksək nəticə göstərməyi özümüzə borc sayırıq. Mən
bunu idmançılarımıza da izah edirəm ki, cənab Prezident bizə şans
yaratdı. Orada yüksək nəticə göstərməməyə haqqımız yoxdur.
Azərbaycan Milli Karate Federasiyası Birinci Avropa Oyunlarında
təmsil olunacaq. Burada baş məşqçi Rəhman Hətəmov, məşqçilər Rəşad
Hüseynov, Vahid Ayvazov, Oqtay Məmmədovun adını xüsusilə çəkmək
istəyirəm. Komandanın kapıtanı Rafael Ağayev dünyanın bir nömrəli
idmançısıdır.
Mən zaman tapan kimi idmançılarımızla birgə məşq edirəm. Bilirəm
ki, bu, gənclərimizə böyük stimuldur. Onları həvəsləndirmək
yoludur. Əmin olun ki, Azərbaycan karateçiləri Birinci Avropa
Oyunlarında yüksək göstərici əldə edəcəklər.