Heydər Əliyev Fondu və I
Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı,
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonun
məşhur "The Dorchester Hotel"ində birinci Avropa Oyunlarının
təqdimatı keçirilib.
Azərtac xəbər verir ki, ziyafət şəklində təşkil edilən mərasimdə
hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyaya
akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar,
London ictimaiyyəti nümayəndələri, bu ölkədə yaşayan
həmvətənlərimiz iştirak ediblər.
Gecədə tədbir haqqında məlumat verilib, Baku-2015 Avropa
Oyunlarına hazırlıq prosesindən danışılıb. Paytaxt Bakını bir neçə
dəfə ziyarət etdiyini bildirən aparıcı, hazırlıq işlərinin yüksək
səviyyədə olduğunu və birinci Avropa Oyunlarının möhtəşəm idman
tədbiri olacağını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 ilk Avropa
Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və oyunların ilk
dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir
bildirib ki, yaxın keçmişdə London beynəlxalq olimpiya oyunlarına
ev sahibliyi edib. Yüksək səviyyəli idman təcrübəsi olan bir
şəhərdə Avropa oyunlarının təqdimatını keçirmək olduqca
qururvericidir.
A.Rəhimov Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması
mərasimi haqqında danışıb. Prezident İlham Əliyevin məşəli
alovlandırması ilə oyunların həyəcanını artıq Azərbaycanın hər
nöqtəsində hiss etməyin mümkün olduğunu qeyd edilib.
Dövlət rəsmisi vurğulayıb ki, idmanı dəstəkləmək və inkişaf
etdirmək Azərbaycanın milli prioritetləri sırasındadır. Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda
qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti
ilə diqqət çəkən bu hadisə həm də, Azərbaycanın idman sahəsində son
illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil
ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi
edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da
Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən
artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz
bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə
2000-ə qədər medal qazanıb.
Nazir Azərbaycan və Britaniya arasındakı tarixi əlaqələr, Heydər
Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın ölkə
daxilində və xaricdə mədəni irsin qorunub saxlanması,
mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil
almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi işlər barədə də məlumat verib.
Çıxışının sonunda nazir qonaqları möhtəşəm idman tədbirini
izləməyə dəvət edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Baku-2015
Avropa oyunlarının təşkilatçılığında əməyi olan hər kəsə
minnətdarlığını bildirib və bu yarışmanın heyrətamiz idman tədbiri
olacağına əminliyini ifadə edib. Qeyd edilib ki, Avropa tarixən
idman qitəsi olub. Qitəmizin gənc nümayəndəsi Azərbaycan, son
illərdəki sürətli inkişafı və bir çox beynəlxalq idman tədbirlərini
yüksək səviyyədə qarşılaması ilə idman ölkəsi olduğunu
təsdiqləyib.
Komitə prezidenti diqqətə çatdırıb ki, iyun ayında keçiriləcək
oyunlarla Avropa qitəsi Azərbaycan ilə qürur duyacaq.
Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coe
gecənin təşkilatçılarına minnətdarlığını ifadə edib. Oyunların
başlamasına çox az bir vaxt qaldığını, hamının həyəcanlı olduğunu
və idman tədbirini səbirsizliklə gözlədiklərini bildirib. Baku-2015
Avropa Oyunlarının xüsusilə gənc atletlər üçün böyük fürsət
olduğunu vurğulayıb. Paytaxt Bakının bundan sonrada beynəlxalq
idman tədbirlərinə uğurla ev sahibliyi edəcəyindən əminliyini ifadə
edib.
Bakı-2015-in baş əməliyyat direktoru Simon Kleqq qeyd edib ki,
Avropa oyunlarının qitənin idman təqvimində xüsusi yer tutacağı
şübhə doğurmur. Avropa cüdo çempionatının da oyunlara əlavə
edilməsi bunun daha bir sübutudur. S. Kleqq vurğulayıb ki, ilk dəfə
keçirilməsinin doğurduğu çətinliklərə baxmayaraq, ilk Avropa
oyunları bundan sonra dörd illik beynəlxalq səviyyəli idman tədbiri
olacaq.
S.Kleqq, həmçinin Azərbaycanın tarixi uğurlarından bəhs edərək,
müsəlman dünyasında qadınlara ilk səsvermə hüququnun məhz
Azərbaycanda reallaşdığını bildirib. Paytaxt Bakının tarixi
memarlıq abidələrindən bəhs edən S.Kleqq, bu gənc ölkənin qısa
zamanda əldə etdiyi uğurların təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbir çərçivəsində ilk Avropa Oyunları ilə bağlı müxtəlif
videoçarxlar nümayiş etdirilib. Azərbaycanda yaradılmış
çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının
böyük marağına səbəb olub.
Gecə fortepianonun müşayiəti ilə azərbaycanlı skripkaçı Nəzrin
Rəşidovanın ifasında konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə
hazırlanan, Birinci Avropa Oyunlarına aid Azərbaycanın milli mənəvi
dəyərlərini əks etdirən suvenir və jurnallardan ibarət hədiyyələr
paylanılıb.