"Qəbələ" İdman Klubunun vitse-prezidenti və atıcılıq
üzrə Azərbaycan millisinin atıcısı Elvin İsmayılovun apasport.az
saytına müsahibəsi:
- Əvvəlcə Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışı
ilə bağlı fikirlərinizi bildirərdiniz...
- Möhtəşəm tədbirdi. Azərbaycan idman tarixinin ən böyük
yarışlarından biridi. 100-ə yaxın ölkənin təxminən 2000 idmançısı
34 Olimpiya lisenziyası uğrunda mübarizə aparır. O ki qaldı
idmançların səviyyəsinə, burda Olimpiadalarda medal qazanmış 50-dən
çox idmançı iştirak edir. Həmçinin gələn atıcıların 100-dən çoxu
dünya çempionatlarının mükafatçısıdı. Burda elə idmançılar var ki,
3-4 dəfə Olimpiya çempionu olublar.
- Azərbaycan yığmasının hazırlıq durumu necədi?
- Komandamız bu yarışa böyük səylə hazırlaşıb. Həm federasiya,
həm nazirlik, həm də öz klubumuz tərəfindən qayğı görmüşük.
Əlimizdən gələni edəcəyik ki, həm idmançı, həm də təşkilatçı kimi,
ölkə rəhbərliyinin etimadlarını doğruldaq.
- İdmançılarımız gələn il Rio-de-Janeyroda keçiriləcək Yay
Olimpiya Oyunlarına lisenziya qazana bilərlərmi?
- İdman qarşılıqlı mübarizədi və burda qalib də olur, məğlub da.
Burda iştirak edən komandalar da güclüdülər. Amma hər birimizin
şansı var. Belə səviyyəli yarışlarda iştirak etmək hüququ qazanan
hər bir idmançının qalib olmaq şansı da var. Atcılıq digər idman
növlərindən bir qədər fərqlidi. Bu idman növündə psixoloji hazırlıq
daha vacibdi. Psixoloji cəhətdən gərək dözümlü olasan. Əlbəttə ki,
fiziki hazırlıq da öz yerində.
- Avqustun 13-də siz də mübarizəyə qoşulacaqsınız. Qarşınıza
hansı məqsədi qoymusunuz?
- Hər bir idmançının arzusu fəxri kürsünün ən yüksək pilləsinə
qalxmaqdı. Mən indi çox yaxşı formadayam. Bəlkə də, idmançı
karyeramda heç vaxt bu formada olmamışam. Əlimdən gələni edəcəyəm
ki, göstərilən etimadı doğruldum, ölkəmizin himnini səsləndirim,
bayrağımızı dalğalandırım.
- Artıq neçənci dəfədi ki, burda Dünya Kuboku keçirilir, amma
əvvəllər lisenziya xarakterli olmamışdı...
- Biz mərhələ-mərhələ hazırlatdıq ki, birdən-birə böyük yük
olmasın. Federasiyamız tərəfindən Beynəlxalq İdman Atıcılıq
Federasiyasına müraciət olundu. Bilirsiniz ki, hər il burda ənənəvi
beynəlxalq qran-pri yarışları keçirilir. Həmçinin Dünya Kubokunun
finalına da ev sahibliyi etmişik. Getdikcə daha böyük yarışlara ev
sahibliyi etmək şansı qazandıq. Bunun üçün güclü kollektiv yetişdi.
Gördüyünüz kimi, hazırkı tədbir də yüksək şəkildə təşkil
edilib.
- Qəbələdə dünya və Avropa çempionatının keçirilməsi
mümkündümü?
- Hazırkı yarış dünya və Avropa çempionatından daha çox
lisenziya xarakteri daşıyır. Düzdü, həmin yarışlarda da lisenziya
qazanmaq şansı olur, amma bu qədər yox. Dünya Kuboku atıcılıq idman
növünün təqvim planında ən böyük, möhtəşəm yarış hesab olunur. Həm
iştirakçı, həm də verilən lisenziya sayına görə. Burda atıcılığın
bütün növləri üzrə mübarizə aparılır. Buna görə də, indi nəticə
əldə etmək daha çətindi.
- Planda dünya və ya Avropa çempionatına ev sahibliyi etmək
varmı?
- Bundan sonra lisenziya xarakterli bir dünya çempionatı qalır.
Ondan sonra İtaliyada Dünya Kuboku keçiriləcək. Eyni sayda
idmançılar orda da eyni idman növlərində mübarizə aparacaqlar.
Dünya Kuboku və dünya çempionatında iştirak edənlər eyni
idmançılardı. Yalnız status fərqi var. Qəbələ dünya çempionatına və
Olimpiadaya da ev sahibliyi edə bilər. Azərbaycan bu gün mümkün
olan bütün yarışlara ev sahibliyi etmək iqtidarındadı.
- Gələn il də Dünya Kuboku burda keçiriləcək?
- Gələn ilin sentyabr ayı üçün də müraciət olunub. Düşünürük ki,
gördüyümüz işlər Beynəlxalq İdman Atıcılıq Federasiyası tərəfindən
bəyəniləcək. Gələn il gənclər arasında Dünya Kubokunu da burda
keçirmək imkanımız olacaq. Gələn il Qəbələdə ənənəvi beynəlxalq
qran-pri yarışı və Azərbaycan çempionatı da baş tutacaq. Və təbii
ki, gənclər arasında dünya çempionatına ev sahibliyi edəcəyik.
- Dünya çempionatının dəqiq tarixi bəllidimi?
- Bilirsiniz, hər ilin sonunda Almaniyada toplantı olur. Gələn
ilin təqvimi də orda müəyyənləşir.