"Xəzər-Lənkəran" klubunun
mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Axar.az-a müsahibə
verib. Komandanın sözçüsü son illər Lənkəran klubunun uğursuz
çıxışları, bunun səbəbləri və rəhbərliyə ünvanlanan tənqidlərlə
bağlı danışıb. Müsahibəni təqdim edirik:
- Hüseyn bəy, vaxt varıydı "Fırtınalar meydanı"nda coşqu
olurdu, indi nə baş verir?
- Elədir…Vaxt vardı "Xəzər Lənkəran"ın oyunu günü Lənkəranda
küçələrdə bir nəfər tapmaq olmurdu. Ümumiyyətlə, o günlər barədə 12
hissəli sənədli film çəkilsə belə azdır. Amma bir şeyi nəzərə alaq
ki, hər bir komandanın eniş dövrü olur. Bütün klubların tarixinə
nəzər salsaq, bunu görmək olar və mən böyük tarixi olan klubları
nəzərdə tuturam. Bu gün biz o enişi yaşayırıq.
Digər tərəfdən əsas komandamız eniş dövründə olsa da, aşağı yaş
qruplarımız yüksəlişdədir. Bütün yaş qruplarımız ilk üçlükdə
qərarlaşıblar. Sadəcə müəyyən dövr lazımdır ki, hər şey yoluna
düşsün.
- Rəhbərlik cənublu azarkeşləri yenidən stadiona
qaytarmaqla bağlı nə düşünür?
- Azarkeşi stadiona qaytarmaq üçün heç bir klub rəhbərliyi başqa
bir vasitə düşünə bilməz. Yalnız bir yol var ki, o da uğurlu nəticə
qazanmaqdır. O zaman azarkeş özü gələcək. Hazırda stadiona gələn
azarkeşlərimiz bizim ən sadiq fanatlarımızdır. Komandanın ən çətin
dönəmində də yanımızdadırlar. Sizə bir şeyi danışım. Yaxında
"Qarabağ"ın Avroliqadakı ev oyununu izləmək üçün stadionda
idim.
"Qarabağ" məğlub oldu və matçdan sonra stadiondan çıxanda
maraqlı bir müşahidə etdim. Stadiondan çıxan kütlə içərisində kim
tanışını görürdüsə deyirdi: "Nə oldu, komandan uduzdu?"
Hansı ki hər iki tərəf "Qarabağ" üçün stadiona toplaşıb. Yəni,
bizdə belə bir azarkeş düşüncəsi yaranıb – "uduzanda komanda mənim
komandam deyil, udanda mənimdir".
- Komandanın maliyyə problemləri ilin sonuna qədər həll
olmasa Ramaldanov kimi digər oyunçuların da getməsi ehtimalı var.
Hansı addımların atılması nəzərdə tutulub?
- Artıq təcrübəli futbolçuların bir çoxu ilə yollar ayrılıb.
Onların yerini gənc futbolçularımız tutacaq və tutur. "Xəzər
Lənkəran" Azərbaycan millisinə ən çox gənc futbolçu verən klubdur.
Klubun nailiyyəti həm də bununla ölçülür. On il ard-arda çempion
ola bilərsən, amma bir də ölkə futboluna verilən xeyir olmalı,
xidmət olmalıdır.
Vaxt vardı ölkənin ən sanballı futbolçusu bizim klubda aylarla
ehtiyatda qalmağa belə razı idi. Təki "Xəzər Lənkəran" olsun. Ən
bahalı futbolçuları, məşqçiləri ölkəyə "Xəzər Lənkəran" gətirib.
Onda ictimaiyyət deyirdi ki, nə olsun? Əsas odur öz yetirməsi
yoxdur. İndi isə bu mövzuda bizimlə bəhsə girəcək klub yoxdur. Buna
sevinirik.
- İdman ictmaiyyəti klub rəhbərliyini tənqid edir və bu
vəziyyətin yaranmasında, kluba ayrılan vəsaitlərin qeyri-şəffaf
xərclənməsində ittiham edir. Bəlkə ictimaiyyətə bir maliyyə
hesabatı verilsin?
- Səmimi danışaq. Mənim mətbuat xidməti üçün adi A4 kağızı
sifarişim belə baş ofisdən təsqiq edilirsə, bu onu göstərir ki, heç
bir yeyintidən söhbət gedə bilməz. Hər şey mərkəzləşdirilmiş
qaydada gedir və yeyintidən söhbət gedə bilməz. Üstəlik, kim kimin
pulunu yeyir? "Xəzər Lənkəran" heç bir dövlət qurumundan, burada
fəaliyyət göstərən müəssisəsindən maliyyələşməyən yeganə klubdur.
Belə də kim kimə hesabat verməlidir? Kim kluba pul verib ki,
hesabatını da istəsin?
- Qış transfer pəncərəsində legioner alınması
gözlənilirmi?
- İnşallah, qış transfer dönəmində planlarda legioner futbolçu
transferi nəzərdə tutulub. Sadəcə, düşünülmüş şəkildə olacaq. Yəni
çalışacağıq məhdud sayda, amma komandaya kömək edə biləcək
futbolçular olsun. Ümumi isə heyətin əsası öz yetirmələrimiz
olacaq.
- Ümumiyyətlə, "Xəzər-Lənkəran" qarşısında bu mövsüm
üçün hansı nəticələrin qazanılması tələb kimi qoyulub?
- Bu sezon üçün məqsəd çempionluq idi. Güclü transferlər də
həyata keçirmişdik. Təəssüf ki, FİFA klubumuza transfer qadağası
tətbiq etdi. Belədə iddia da arxa plana düşdü. Bu gün klubumuz heç
bir iddialı kluba asan yenilməyib.
İnşallah, bu sezon üçün bir iddia qalıb ki, o da ölkə kubokudur.
Bildiyiniz kimi ölkə kubokunda 1/4 final mərhələsinə vəsiqə
qazanmışıq. Çalışacağıq kubok oyunlarında uğurlu çıxış edək.