Azərbaycan rekordçusu, 14
qat çempion Rövşən Xəlilovla şəxsi tanışlığım olmasa da, haqqında
çox eşitmişdim. Müsahibə almaq istədiyimi deyəndə, böyük
məmnuniyyətlə razılıq verdi.
Ən gənc Avropa çempionu
- Sizi çempion kimi çoxları tanıyır, lakin
nailiyyətləriniz haqqında ola bilsin ki, bir o qədər məlumatlı
olmasınlar.
- Yeniyetmə və gənclər arasında sambo və sərbəst güləş üzrə
Azərbaycan çempionatının mükafatçısı olmuşam.
- Poverliftinq növünün dərəcələri mövcuddurmu və
hansılardır?
- Poverliftinq güc idmanıdır. Bundan başqa, mən gilqaldırma,
mass-vrestlinq, benc-press kateqoriyaları üzrə də nailiyyətlər əldə
etmişəm. 4 dəfə Azərbaycan rekordçusu olmuşam, 2013-cü ildən
poverliftinq idman növü üzrə gənclər arasında Avropa çempionu adını
qazanmışam.
- Sadaladığınız idman növləri üzrə titullara sahib
olduğunuz halda nədənsə sizin məhz yeraltı nəqliyyatdan istifadə
etdiyinizin şahidi oldum. Bu, sadəlikdən irəli gəlir,
yoxsa?..
-Bilirəm ki, siz bir çox idmançıların bahalı maşında və
dəbdəbəli geyim-keçimdə görməyə alışmısınız. Amma nəzərinizə
çatdırım ki, poverliftinq qeyri-olimpiya idman növü olduğu üçün
dövlət tərəfindən hər hansı bir maddi dəstəklə təmin olunmur. Bu
isə o anlama gəlir ki, yarışlara öz şəxsi hesabımızla qatılırıq.
Çox vaxt bu, məndə alınmır. Məsələn, götürək elə noyabr ayının
15-də Portuqaliyada keçirilən VPC üzrə dünya çempionatını. Maddi
çətinliyim ucbatından bu yarışa qatıla bilmədim. Lakin dekabrın
20-21-i İstanbulda "Boğaziçi" kubokunda yarışlara məşqçimin və
dostlarımın maddi dəstəyi sayəsində qatıldım. Sözügedən yarışlarda
10 ölkədən iştirak edən 50 idmançı arasında 210- 180 kq nəticə ilə
poverliftinqin benc- press və dedlift növləri üzrə birincilik əldə
etdim və nəticələrə görə mütləq çempion tituluna layiq
görüldüm.
- İdmançılar bədən quruluşları və bacarıqları ilə
seçildiklərinə görə reklam və film sahəsində onlara hər zaman
tələbat var.
- Doğrudur. Mən döyüş filmlərində aktyor qismində yer ala
bilərdim, bu məsələ ilə bağlı rejissorlardan təklif gözləyirəm.
Bütün deyilənlərə baxmayaraq...
- Bəlkə, özünüz kastinqlərə müraciət edəsiniz? Ən
azından tələb olunan kadr qismində sizin bacarıqlarınız tələb oluna
bilər.
- Mən "Azərsell"in reklam çəkilişləri üzrə elan edilmiş kastinqə
qoşuldum, lakin çox qəribə iddia ilə qarşılaşdım.
- Hansı iddia ilə?
- Baxış keçirildi və mənə bildirdilər ki, olduqca yaraşıqlı və
cüssəli olmağıma rəğmən, gülərüz deyiləm. Ciddi olmağımla onların
çəkilişindən kənarda qalmalı olacağam. Beləliklə, bəxtim burada da
gətirmədi.
- Güləş və sambo üzrə daha çox maddi və mənəvi
irəliləyiş əldə edə biləcəyiniz təqdirdə nə üçün maddiyyatdan və
şöhrətdən bir qədər uzaq olan poverliftinq idman növünə üstünlük
verdiniz?
- Uşaqlıqdan sambo və sərbəst güləşə hədsiz
marağım olub. Hətta dost-tanış məni uşaqlıqda güləş üzrə Olimpiya
çempionu Namiq Abdullayevin şərəfinə "Balaca Namiq" deyə çağırırdı.
Doğrudur, mən məşğul olduğum idman növləri üzrə daha çox
nailiyyətlər əldə edə bilərdim. Bu sahədə mənə örnək olan
müəllimlərim Mehman və Əlağa müəllim də dəfələrlə bu fikri haqqımda
söyləyiblər. Amma bütün deyilənlərə baxmayaraq, mən poverliftinqi
seçdim və bu yolda mənə dəstək
olan dəfələrlə dünya və Avropa çempionu, dünya rekordçusu, mənim
şəxsi məşqçim Samir Məmmədov oldu. O məni özü kimi çempion etməyi
bacardı.Poverliftinqin
idman növü üzrə yığma komandanın baş məşqçisi Şəmsi Bayramov da
mənə bu yolda olduqca böyük dəstək göstərir.
Özümü bu idman növündə tapdım. Sadəcə olaraq, bizim ölkədə
sözügedən idman növü zəif inkişaf edib.
İdmançı qız ilə ailə qurmaram...
- İdmançı həmkarınız Şahin Atamovdan müsahibə alarkən
ona "idmançı qızla ailəqurardınızmı", - sualı ilə müraciət etdim, o
isə qətiyyətlə "xeyr" dedi. Siz necə, idmançı qızla ailə
qurardınızmı?
- Həyatımızda hər zaman hər şey baş verə bilər. Sadəcə olaraq,
mən olduqca qısqancam. Bəllidir ki, idman karyerası insanı şəxsi
həyatdan xeyli uzaqlaşdırır. İdmançı qızlar da günlərinin əsas
hissəsini idmana ayırır, günlərlə, həftələrlə yarışmalarda iştirak
etmək üçün xarici səfərlərdə olurlar. Bütün bunları nəzərə alaraq,
öz ciddi xasiyyətimlə ölçüb-biçirəm və qətiyyətlə "yox" deyirəm.
Lakin unutmayaq ki, biz insanların taleyi yalnız Allahın
əlindədir.
- Xanımların idmançı oğlanlara olan marağı heç kəs üçün
sirr deyil. Məşq etdiyiniz tələbələriniz arasında xanımlardan sevgi
təklifi almısınızmı?
- Tələbələrimin sevgi etirafları ilə qarşılaşmamışam, amma
xanımların diqqətini hər zaman üzərimdə hiss edirəm. Düşünürəm ki,
heç bir xanıma görə idmanı atmağa dəyməz. İdmançı öz nəfsinə hakim
olaraq, qadınlardan uzaq gəzərsə, bu onun karyerasına xələl
gətirməz.
- İdmançı yoldaşlarınız bir neçə xarici dildə sərbəst
danışır...
- Mən Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsini
bitirmişəm, ərəb və fars dilləri üzrə təhsil almışam. Rus və türk
dillərində də danışa bilirəm.
- Xarici ölkələrdən dəvət alsanız, orada yaşamağa və
çalışmağa razı olardınız?
- Ermənistandan savayı istənilən ölkənin dəvətini qəbul
edərdim.
Bayrağımız zirvələrdə dalğalansın...
- Amma siz bu zaman Azərbaycan bayrağı altında çıxış edə
bilməyəcəksiniz.
- Azərbaycan bayrağı altında yarışa qatılmasam da, ən azından
meydana Azərbaycan musiqisi altında daxil olaram. Mən poverliftinq
üzrə çempion Zahir Xudayarovu və kikbksinq idman nözü üzrə çempion
Zabit Səmədovun adlarını misal çəkə bilərəm. Onlar artıq bir neçə
ildir ki, xaricdə yaşayır. İndiki uğurları əvvəlkindən daha
çoxdur.
- İdmançı nailiyyət üçün hansı şərtlərə əməl
etməlidir?
- Birinci növbədə idmançı öz qüvvəsini hesablamalıdır.
Öz-özlüyündə məşq proqramına tab gətirib-gətirməyəcəyini
ölçüb-biçməli və xüsusi pəhrizlərlə bədənini sözügedən ağır rejimə
uyğunlaşdırmalıdır.
- Sizcə, xüsusi pəhrizlər gərgin məşq edən cavan
orqanizmi taqətdən salmırki?
- Qətiyyən. Əgər idmançı gündə 4-5 dəfə sağlam
qidalanaraq, un məmulatlarından hazırlanan xörəklərdən, karbohidrat
tərkibli qidalardan imtina edib, təbii meyvə şirələrindən istifadə
etsə, bu onun orqanizmi üçün faydalı olar.