Görkəmli Rusiya məşqçisi Yuri Syomin Rusiya KİV-rinə
müsahibəsində Azərbaycanın "Qəbələ" futbol klubu ilə işlədiyi
dövrdən və ölkəmizdə idmanın bu növünün inkişafına yaradılan gözəl
şəraitdən danışıb. AzərTac xəbər verir ki, Yuri Syomin karyerası
ərzində Moskvanın "Lokomotiv", Kiyevin "Dinamo" klublarına və bir
çox digər klublara uğurla rəhbərlik edib, amma Azərbaycanda
işlədiyi dövrü hələ də səmimiyyətlə xatırlayır.
- Yuri Pavloviç, 2013-cü ilin mayından 2014-cü ilin
mayınadək "Qəbələ" futbol klubunun baş məşqçisi işləmisiniz.
Azərbaycan haqqında nə kimi xatirələriniz qalıb?
- Ən xoş xatirələr qalıb. Bakı sovet dövründən etibarən çox
dəyişib - 1970-1980-ci illərlə müqayisədə iki müxtəlif şəhərdir.
İndi Bakı ultramüasir paytaxta çevrilib. Əvvəlcə "Eurovision"
müsabiqəsini, sonra birinci Avropa Oyunlarını keçirib. Bu şəhərdə
Avropa səviyyəli üç futbol arenası var. Yaşadığım və yerli komanda
ilə işlədiyim kiçik Qəbələ şəhəri isə çox gözəl və xudmani yerdir.
Orada dağ-xizək kurortu yerləşir. İlin müəyyən dövründə burada
xizəklə sürüşmək olar.
- Sizin işlədiyiniz dövrdə "Qəbələ" klubu tarixi uğura
imza atdı: ilk dəfə Azərbaycan Premyer- liqasının bürünc medalını
qazandı və ölkə Kubokunun finalçısı oldu. Bu nəticəyə necə nail
oldunuz?
- İşləməyim üçün, mən deyərdim, superideal şərait yaradılmışdı.
"Qəbələ"nin mükəmməl məşq bazası Rusiya komandalarının çoxunda
yoxdur. Bu bazanı bir neçə il əvvəl ingilislər tikiblər. Onun
ərazisində yeddi futbol sahəsi yerləşir. Özü də onlardan yalnız
biri süni örtüklüdür, qalanlarında təbii qazondur. Burada hovuz və
uşaq futbol məktəbi də var. Bu məktəbdə ölkənin hər yerindən 400
uşaq təhsil alır. Gənc oyunçuları hollandiyalı məşqçi
hazırlayır.
- Siz indi də Azərbaycan klublarının çıxışlarını
izləyirsiniz?
- Etiraf edim ki, izləyirəm. "Qəbələ"nin rəhbərliyi ilə
indiyədək ünsiyyət saxlayıram. Biz tez-tez zəngləşirik. Azərbaycan
çempionatında qüvvələr nisbəti mənim üçün hələ də maraqlıdır. Bu
turnirdə bir neçə güclü komanda var: Bakının "Neftçi" və "İnter",
Ağdamın "Qarabağ", habelə "Qəbələ" klubları. Amma hər halda,
zənnimcə, çempion tituluna hazırda ancaq iki klub - "Qəbələ" və
"Qarabağ" klubları iddia edə bilərlər.
- Hazırda Azərbaycan futbolunda hansı problemlər
mövcuddur?
- İlk növbədə, klublarda səriştəsiz əcnəbi oyunçuların həddindən
çox olması. Amma bu problemlər hazırda Rusiyada da var. Bundan
əlavə, Azərbaycan çempionatının matçlarına gələn azarkeşlərin sayı
sovet dövrü ilə müqayisədə azalıb. Yadımdadır ki, ittifaq
çempionatında "Neftçi"nin matçları həmişə anşlaqla keçirdi. Amma
hazırda Azərbaycanda stadionlar yalnız bu ölkənin komandalarının
yaxşı nəticələr göstərdiyi Avropa turnirlərinin matçlarında
ağzınacan dolu olur. Məsələn, bu mövsümdə "Qəbələ" və "Qarabağ"
klubları Avropa liqasının qrup raundunda oynayıblar ki, bu da
tarixi nailiyyətdir. Bu oyunlarda həmin klublara bütün ölkə
azarkeşlik edib. Azarkeşlərin hansı klublara üstünlük verməsi heç
bir rol oynamayıb.
- Yeri gəlmişkən, Azərbaycan azarkeşləri sizdə nə kimi
təəssüratlar oyadır? Hansı klubların azarkeşləri arasında barışmaz
rəqabət mövcuddur.
- Məsələn, "Qəbələ" azarkeşləri üçün Azərbaycan çempionatının ən
prinsipial matçları "Neftçi" və "Qarabağ" komandaları ilə
görüşlərdir. "Qəbələ"nin minlərlə fanatı bu klublar ilə səfər
matçlarında bizi dəstəkləməyə gəlib. Məhz bu komandalara qalib
gəlməyimiz azarkeşlərimiz üçün əhəmiyyətli idi, çünki "Neftçi" SSRİ
dövründə Azərbaycan futbolunun flaqmanı olub, "Qarabağ" isə hazırda
ölkənin ən güclü komandasıdır. Amma ən çox azarkeşi olan klub
"Xəzər-Lənkəran" komandasıdır. Bu gənc klub mövcud olduğu 10 il
ərzində böyük pərəstişkarlar ordusu toplaya bilib. Çox təəssüf ki,
hazırda bu klub Azərbaycan Premyer-liqasında "ölüm-dirim"
mübarizəsi aparır. "Qəbələ" ilə işləyəndə "Xəzər-Lənkəran" ilə
səfər oyunları həmişə anşlaqla keçirdi. Bu komandanın azarkeşləri
stadionda qeyri-adi ab-hava yaradırdılar.