Arda Turan tədricən Barsa
futbolunun özəlliklərini öyrənməkdə və Luis Enrikenin komandada
qoyduğu qayda-qanuna uyğunlaşmaqdadır. Onun komandada debütündən
artıq iki ay ötür və bu qısa müddətdə Ardanın göstərdiyi nəticələr
olduqca yüksəkdir. O, "Barselona"da qarşısına qoyduğu məqsədləri
gizlətmir: titullar qazanmaq və birlikdə oynadığı futbol
nəhənglərindən bacardığı qədər çox şey öyrənmək.
Axar.az fcbaze.com-a
istinadən Arda Turanın ispandilli "Mundodeportivo.com" saytına
müsahibəsini təqdim edir:
- Artıq iki aydır ki, Barsadasınız, özünüzü necə hiss
edirsiniz?
- Çox məmnunam, çox şadam ki, mən qalibiyyətə öyrəşmiş bir
komadadayam və ümid edirəm ki, bu mövsümdə də biz 3 titul qazana
biləcəyik, o halda mən daha çox xoşbəxt olacam.
- Debüt etməkdən əvvəl siz altı ay ərzində komanda ilə
məşq etdiniz, bu müddətdən sonra özünüzü oyuna hazır hiss
edirdinizmi və yaxud məşq etməklə Barsanın keçirdiyi oyunlarda
iştirak etmək sizin üçün tamamilə fərqli bir şeydirmi?
- İlk növbədə qeyd etməliyəm ki, Barsa bir məktəbdir, bütün
dünya bir cür futbol oynayır, Barsanın futbolu başqadır. Mən hər
gün yeni bir şey öyrənir, komandanın oyununa uyğunlaşmağa çalışıram
və bu mənim çox xoşuma gəlir. Mən Barsanın oyun tərzini qəbul
etməli, onu öyrənməliyəm. İndi isə artıq özümü komandanın bir
hissəsi olaraq görürəm.
- Barsanın oyun tərzi sizin düşündüyünüzdən daha da
çətindirmi?
- Ümumiyyətlə, Barsa futbolu mənim oyun tərzimə uyğundur, ən
əsası odur ki, hansı mövqedə oynadığımı özüm üçün tamamilə ayırd
edim. Oyun zamanı topa uzun müddət yiyələnməkdənsə, mən nə zaman
topu qəbul etməli olduğumu aydınlaşdırmalıyam.
- Bu, ilk növbədə oyunun gedişatını müəyyən mənada
"oxumaq" bacarığından asılıdır, elə deyilmi?
- Elədir. Mənim üçün nümunə Andresdir, ondan çox şey
öyrənirəm.
- Meydanda özünüzü hansı mövqedə daha rahat hiss
edirisiniz?
- Bunun fərqi yoxdur.
- İndiyədək sizin daha çox sol cinahda çıxış etdiyinizin
şahidi olmuşuq.
- Məndən sol tərəfdə Neymar, sağ tərəfdə isə Leo oynayır, bundan
artıq nə deyə bilərəm ki! Yenidən başlamaq heç də asan deyil,
fevral ayı bizim üçün çox çətin keçdi, hər üç gündən bir məşq edir,
digər şəhərlərdə görüşlərimiz olduğu üçün çoxlu uçuşlar həyata
keçirmişik, lakin mən bundan məmnunam. Bu komandanın bir üzvü olmaq
məni çox xoşbəxt edir. Əminəm ki, doğru yerdəyəm, məhz bunu
etməliyəm.
- Nə etməli olduğunuzu hiss edirsiniz?
- Burada mənim vəzifəm "Atletiko"da etməli olduğumdan çox
fərqlənir, burada mən böyük üçlüyün (Messi-Neymar-Suarez) oyununu
dəstəkləməli, onların nə etmək istədiklərini öncədən anlamalıyam.
Onlardan savayı, Andres, İvan, Roberto, Serxio və digərləri də
var... Statistikaya əsasən, biz çox da yüksək yerdə deyilik, çünkü
adlarını çəkdiyim böyük üçlük birlikdə 100 qolun müəllifidir. Bu,
Barsanın fəaliyyət göstərmək şəklidir, bu sistem belə işləyir.
- Bir növ şəxsi sual olsa da, "Atletiko"da aparıcı
oyunçulardan biri olmaqdan Barsada sadəcə olaraq daha bir oyunçu
statusuna keçməyiniz sizə bir qədər çətin gəlmədimi?
- Hər zaman dəyişmək lazımdır, bu komandada isə bütün oyunçular
ulduzdurlar. Təbii ki, mən də oyunun gedişatını müəyyən edən
aparıcı futbolçulardan biri olmaq istərdim, lakin əgər hazırda bunu
səndən daha yaxşı edənlər varsa, topu onlara ötürməlisən, çünkü
onlarla bu oyun daha asan keçir. Mən çox eqolu insan deyiləm, Luis
Enrikenin mənə verdiyi tapşırıqları dəqiqliklə yerinə yetirməyə
çalışıram və bundan qürur hissi duyuram. Əminəm ki, şərtlərdən
asılı olaraq, gələcəkdə üzərimə daha çox məsuliyyət götürəcəyim
oyunlar olacaq. Lakin bəzi hallarda sadəcə top ötürmək, müdafiə
etmək lazımdır, digər hallarda isə daha aqressiv oyun göstərməyə
ehtiyac var.
- Bu sizin üçün yeni bir şeydir, siz aqressiv futbol
göstərməyə öyrəşmiş bir oyunçu deyilsiniz, doğrudurmu?
- Komandaya dəstək olmaq üçün mən çox şey öyrənməliyəm. Neymar
və Messi ilə daha da çox fənd göstərmək lazımdır.
- Misal üçün, "Las Palmas"da sizin müdafiəyə öyrəncəli
olmadığınız müşahidə olunurdu.
- Elədir, lakin mən komanda üçün mübarizə aparmalıyam. Həmin
futbol meydanı bir qədər fərqli idi, gündüz saat üçdə orada görüş
keçirmək heç də asan deyildi. Lakin biz üç xal qazana bildik,
önəmli olan budur.
- Demək istədiyim odur ki, müdafiəçi üçün müdafiə etmək
təbii haldır, lakin sizin kimi hücumçu üçün müdafiə heç də asan iş
deyil.
- Başa düşürəm ki, bütün dünya məni digər qismdə futbol
oynamağımı görməyə öyrəşib, lakin mənim üçün hazırda ən vacib amil
odur ki, bu komandanın bir hissəsiyəm və bunun üçün mənə tapşırılan
vəzifələri yerinə yetirməliyəm. Zaman keçdikcə öz oyunumu göstərə
biləcəyəm, eyni ilə Neymarın Barsada ilk ilindən sonra etdiyi
kimi.
- Bu o deməkdirmi ki, siz hələ də komandada öz yerinizi
axtarmaqdasınız?
- Düşünürəm ki, oyun zamanı komandada eyni vaxtda bir neçə
mövqedə oynaya bilmək mənim üçün müsbət haldır. Bu öz yerimi
axtarmaqda olduğum demək deyil, sadəcə olaraq, mən hər gün yeni bir
şey öyrənirəm. Burada mənim üçün hər şey yenidir.
- Haçansa oyundan çıxıb tribunadan oyunu izləmək
istəyiniz olubmu?
- Mən hər zaman Barsanın oyununa heyran olduğumu qeyd edirəm.
Hətta 2011-ci ildə Barsa "İnter"ə məğlub olduqdan sonra da mən bu
fikirdə idim, oyundan həzz alan komanda heç nəyə baxmayaraq məhz
Barsa idi.
- Dillər əzbəri olan bir ifadənizi yada salmaq istərdim.
Demişdiniz ki, "Atletiko" komandasından ona görə ayrıldım ki,
qaçmaqdan çox yorulmuşdum. Hazırda Barsada qaçmaqdan
məmnunsunuzmu?
- Mən heç vaxt bu sözü deməmişəm. "Atletiko"da çıxış etdiyim
zaman o komandanın qalib gəlməyi üçün qaçmalı idim və bundan məmnun
idim. Mənim üçün hər zaman komandanın maraqları ilk növbədədir.
- Deyirsiniz ki, sizin üçün komandanın maraqları hər
zaman ilk növbədədir. Müəllifi olduğunuz digər ifadəni də qeyd
etmək istərdim: "Komanda yoldaşlarım mənim səviyyəmdə oynasaydılar,
biz birinci ola bilərdik". Bu ifadəni də siz
işlətməmisiniz?
- Mən Barsadayam və hazırda digərlərinin nə dediyi məni
maraqlandırmır.
- Lakin etiraf etməlisiniz ki, "Atletiko" sizin o
komandada oynadığınız müddətdə qalib olsaydı, siz daha da xoşbəxt
olardınız.
- Əlbəttə, elədir. Mənim orada çox yaxşı dostlarım var. O
komandada keçirdiyim dörd il mənim üçün çox əzizdir. "Atletiko"
mənim üçün bir ailədir.
- Fikrinizcə, "Madrid" komandasını La Liqadan
kənarlaşdırmaq lazımdır?
- Bizim bir məqsədimiz var: La Liqada qalib olmaq! Biz öz
işimizi görürük, digərləri barəsində fikirləşmirik.
- "Atletiko" sizin üçün təhlükəli rəqib ola
bilər?
- Bəli, "Atletiko" ilə ehtiyyatlı olmalıyıq, çünkü bu komanda
son ana qədər mübarizə aparacaq. "Atletiko" təslim olmayan bir
komandadır. Lakin biz bütün titulları qazanmaq üçün çalışırıq, mən
komandaya bacardığım qədər dəstək olmağa çalışıram.
- Çempionlar Liqasında yenidən oynamaq istərdinizmi? Bu
turnirdə artıq Barsanın tərkibində çıxış etmək sizin üçün nə
deməkdir?
- Bəli, Çempionlar Liqasında çıxış etmək xüsusi bir hissdir, bu
oyunu səbirsizliklə gözləyirəm.
- Düşünürəm ki, eyni zamanda "Lisboa" ilə hesablaşmağın
da vaxtı gəlib çatıb.
- Doğrudur, çox ağır bir məğlubiyyət idi, hətta karyeramın ən
acı xatirələrindən biridir. Biz əlimizdən gələni etmişdik, bu
səbəbdən də oyundan qalib gəlmiş kimi ayrıldıq. Əminəm ki,
azarkeşlər də həmin gün çox məyus olmuşdular.
- Siz "Arsenal"ı turnirdən kənarlaşdıra bildiniz. ¼
finalda hansı rəqiblə qarşılaşmaq istərdiniz?
- Bəli, biz Arsenal üzərində qələbə qazandıq, hərçənd ki,
rəqiblərimiz kifayət qədər yüksək səviyyəli komandalar idi. Lakin
zənnimcə, əsas məsələ rəqibimizin kim olduğu deyil, bu amildən
asılı olmayaraq, işimizi yaxşı görməyimizdir. Hazırda La Liqada
tutduğumuz mövqe komanda üçün əlverişlidir, Kopa del Rey-də də biz
artıq finaldayıq. İndi var gücümüzü Çempionlar Liqasına
yönəltməliyik.
- Bir neçə dəfə təkrar etdiniz ki, komandanın əsas
məqsədi hər üç titulu qazanmaqdır. Bəs bu baş verməsə
necə?
- Biz çalışırıq mənfi şeyləri fikrimizdən çıxardaq. Qalibiyyətə
yaxın olmaq bizi daha da ruhlandırır.
- Barsada bu günədək keçirdiyiniz müddətdə, komanda
yoldaşları arasında diqqətinizi çəkən hansı məqamlar
oldu?
- Məni heyrətləndirən odur ki, bu insanlar mümkün olan bütün
titulları qazanıblar, lakin yenə də qələbə qazanmaq üçün
həyəcanlıdırlar, daha da artıq qazanmaq üçün hazırlaşırlar.
- Bunun sirri sizcə nədədir?
- Bu oyunçular üçün uğur qazanmaq pul qazanmaqdan daha vacibdir.
Dünyanın ən yaxşı oyunçuları olduqlarına baxmayaraq, onlar şəxşi
maraqlarını bir kənara qoyub, komandanın mənafeyini qorumaq üçün
səylərini birləşdirirlər. "Seviliya"ya qarşı keçirilən görüşdə
Leonun (Lionel Messi) 50 metr arxaya qaçmağını bütün dünya gördü.
Bu, inanılmaz idi.
- Siz bunu görəndə düşünməlisiniz ki, Leo bunu edirsə,
mən də belə etməliyən".
- Düşünürəm ki, Leo və Ney (Neymar. - Red.) qaçırlarsa, mən
onlardan da artıq qaçmalıyam!
- Luis Enrikeyə münasibətiniz necədir?
- O, əla məşqçidir, hər zaman insanla üz-üzə danışır, çalışır
hər şeyi başa salsın, anlatsın. O, taktiki cəhətdən çox güclüdür,
lakin əsas cəhəti oyunçuları motivasiya etmək bacarığıdır.
- Barsanın məğlubiyyətsiz ard-arda 36 oyun keçirməyində
baş məşqçinin də rolu əvəzolunmazdırz, elə deyilmi?
- Şübhəsiz ki, elədir. Çox xoşbəxtəm ki, komandada oynadığım
müddətdə məğlubiyyətlə qarşılaşmamışam, ümid edirəm ki, bu, belə də
davam edəcək. Qol vurub, 3 dəfə ötürmə etmişəm, lakin top da
itirməmişəm. Bunlar olmasa da, əvəzində Barsa titulları qazansa,
mənim üçün heç bir fərqi olmayacaq. Çünkü önəmli olan komandanın
maraqlarıdır.
- "Ardaturanlıq" nədir?
- Mənim üçün futbol oynamaq xoşbəxt olmaq deməkdir, mən komanda
üçün çalışıram, ailəm, dostlarım üçün çalışıram; mənim üçün həyat
budur. Əgər oyun zamanı belə bir situasiya yaransa ki, Neymar da,
mən də qol vura bilək, mən bunu Neymarın edə bilməyi üçün əlimdən
gələni etməyə hazıram. Mən qolun vurulması üçün əmək göstərməkdən,
qol vurmaqdan daha çox məmnuniyyət hissi duyuram. Fikrimdə,
"ardaturanlıq" məhz budur.
- Cempionlar Liqasının finalında qol vurmaq imkanı
yaransa belə, az öncə dediyiniz kimi hərəkət
edərdiniz?
- (gülərək) Mən artıq çox vacib oyunlarda qol vurmuşam: "Porto",
"Bayern", "Çelsi" ilə oyunlarda, niyə də bunu Çempionlar Liqasında
etməyim?..