Axar.az Azərbaycan Futzal Federasiyasının prezidenti
Zaur Axundov AFFA-nın saytına verdiyi müsahibəni təqdim
edir:
- Milli komanda dünya çempionatının "play-off"
mərhələsinin ilk oyununda inamlı qələbə qazandı. Oyunla bağlı nə
deyə bilərsiniz?
- Birinci hissə gərgin keçdi. Yenə müdafiədə səhvlərə yol
verdik. Təcrübəmiz hesabına fasiləyə qalib yollandıq. İkinci
hissənin gedişində rəqib bir qədər dayandı. Biz də həmin vaxtda
ardıcıl 3 qol vurub Almere şəhərini qalib tərk etdik. Komanda
qarşıya qoyulan minimum tapşırığı yerinə yetirdi. Qalır, aprelin
12-də Bakıda keçiriləcək oyuna yaxşı hazırlaşmaq.
- Deyəsən, nəticədən razı, oyundan isə narazı
qaldınız.
- Nəticədən razıyıq, amma indidən sevinmək olmaz. Futbolda 4 top
fərqi ilə qazanılan qələbə böyük üstünlük sayılır. Amma futzalda
belə deyil. Bakıda cavab oyunu var. Bu gün oyunumuzu ağırlaşdıran
səbəblər də oldu. Ən əsası örtüklə bağlıdır. Millimiz uzun
müddətdir terafleks örtükdə oynamırdı. Bu örtükdə top ləng hərəkət
edir. Nəticədə oyunçudan əlavə fiziki güc tələb olunur.
Futzalçılarımız meydanda 3-4 dəqiqə oynamaq gücündədirlər, amma bu
gün 2 dəqiqədən artıq hərəkət edə bilmirdilər. Çünki meydança çox
ağır idi. Buna baxmayaraq, vacib olan qələbəni qazandıq və indi
cavab oyunu barədə düşünməliyik.
- Oyundan bir gün əvvəl keçirilən məşqdən narazı
qaldınız və oyunçuları sərt şəkildə danladınız. Necə düşünürsüz,
onlar lazımi nəticə çıxardılarmı?
- İdmançı məşqdə də yüz faiz çalışmalıdır. Çünki orada edilən
səhvlər oyunda da təkrarlanır. Həqiqətən də hiss etdim ki,
oyunçular əsəbi və gərgindirlər, buna görə də tez-tez səhvlərə yol
verirdilər. Sonda müdaxilə etdim. Əsas odur ki, komanda üzvləri
eyni tempdə qalsınlar.
- Hər nə qədər ikinci oyunda bu hesabı nəzərə
almayacağınızı desəniz də, arxayınlıq olacaq. Bunun qarşısını necə
almağı düşünürsüz?
- Bakıdakı hazırlıq zamanı komanda ilə söhbətimiz olacaq.
Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq. Çünki futzalda 4
top böyük fərq deyil. Oyun zamanı 3 dəqiqə ərzində 3 qol vurduq.
Ona görə də nəticəni unutmağa və daha ciddi şəkildə hazırlaşmağa
məcburuq.
- Futzal Hollandiyada elit idman növü sayılmasa da,
arena tamamilə dolmuşdu. Bakıdakı oyunda necə, anşlaq yaratmaq
mümkün olacaqmı?
- Azarkeşlərimizi aprelin 12-də Bakı İdman Sarayında, saat
20:00-da keçiriləcək cavab oyununa dəvət edirik. Almeredəki oyunda
arena tamamilə dolmuşdu. Yeri gəlmişkən, Hollandiyada və Avropanın
digər ölkələrində yaşayan həmvətənlərimiz bizi tək qoymadılar. Oyun
boyu millimizi sona qədər dəstəklədilər. Onlara da təşəkkürümü
bildirirəm. Hollandiyada da futzal populyarlaşmağa başlayıb. Ona
görə də azarkeşlər arenaya gəlmişdilər. Buradakı anşlaqı biz də
Bakıda yaratmağa çalışacağıq.
- Millimiz dünya çempionatına vəsiqə qazansa, heyəti
gücləndirməyi düşünürsünüzmü?
- Bu barədə danışmağa tələsməyək. Çünki "play-off" mərhələsi
başa çatmayıb. Hələ cavab oyunu var. Aprelin 12-dəki oyunda da
qələbə qazansaq, ondan sonra baş məşqçi ilə builki çıxışımızı
analiz edib müəyyən qərarlar qəbul edəcəyik.
- Yeri gəlmişkən, milli "play-off" oyunu öncəsi hansısa
ölkənin yığması ilə yoxlama oyunu keçirmədi. Gələcək planlaşdırmada
bu nəzərə alınacaqmı?
- Əgər dünya çempionatında oynamaq qismət olsa, ən azı, 3-4
yoldaşlıq oyunu keçirəcəyik.