Axar.az kikboksçu Suad Səlimova ilə müsahibəni təqdim
edir.
- Suad xanım, idmanla nə vaxtdan məşğul
olursunuz?
- 6 yaşından 12 yaşına qədər anamın sayəsində SKA adlanan idman
mərkəzində müəlliməm Natalya Yevqeniyevnanın rəhbərliyi ilə bədii
gimnastika ilə məşğul olmuşam. Daha sonra karate döyüş növünə
yönəldim. Lakin anam təhsilimə daha çox diqqət ayırmağım üçün
müəyyən müddətə məni idmandan kənarlaşdırdı. Dərslərimə diqqət
ayıraraq, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinə daxil oldum. Orada yunan, fransız və
ingilis dillərini mükəmməl şəkildə mənimsədim.
- Zərif xanımların qəddar idman texnikasına cəlb
edilməsi çətin deyilmi?
- Birinci növbədə, hər bir istək daxili ruhla bağlıdır.
Zamanında mənim çox xətrimə dəyiblər. Mən də özümü müdafiə etmək
üçün idman sahəsinə yönəldim. Xanım idmançı hər zaman öz
aspektindən çıxış etməyi bacarmalıdır. Həm şahzadə, həm də idmançı
statusunu eyni vaxtda saxlamaq hər qızın hünəri deyil.
Yalnız zəif ruhlu kişilər...
- Necə düşünürsünüz, oğlanlar idmançı qızdan qorxmur
ki?
- Güclü xanımlardan yalnız zəif ruhlu kişilər ehtiyat edirlər.
İdmançı qızdan qətiyyən qorxmaq lazım deyil. Halbuki, bir çox insan
düşünür ki, idmançılar adəti üzrə qəddardırlar və istənilən anda
xəsarət yetirə bilərlər. Bu, səhv və absurd düşüncədir. İdmançı
xanıma zərbə yetirilməzsə, o heç vaxt ilk olaraq öz gücünü qarşı
tərəfdə sınamaz.
- Elə bir hal ilə qarşılaşmısınızmı ki, məcburən zərbə
yetirməli olmusunuz?
- Yalnız bir dəfə olub. Evə gələrkən məni izləyən oğlana sözlə
uzaqlaşmağı anlatdıqda israrla məni izləməyə başladı. Yekun olaraq,
yaxınlaşaraq çiynimə toxunduqda, onun əlini buraraq, "volevoy"
texnikası ilə məndən əl çəkməyinə nail oldum.
O, məni bu cür qəbul etməzsə...
- Suad xanımın sevdiyi şəxs varmı?
- Yox, hal-hazırda yoxdur. Amma istərdim ki, məni sevən şəxs
öncə idmanı sevsin ki, karyeramda mənə maneçilik törətməsin.
- Əgər sevdiyiniz insan idmandan uzaqlaşmağı sizdən rica
etsə, müqabilində sevgisini qəbul edərdinizmi?
- Heç vaxt. Mənim üçün ilk olaraq idmandır, sonra şəxsi həyat.
Və sevdiyim, seçdiyim insan məni anlaya biləcək biri olmalıdır. O,
məni bu cür qəbul etməzsə və ya qadağalar tərtib edərsə, mən öz
sevgimi sözügedən şəxslə bölüşə bilmərəm.
Erməni idmançı ilə görüşərək...
- Düşünürsünüz ki, gələcək həyat yoldaşınız sizi anlamaq
üçün mütləq idmançı olmalıdır?
- Fikrimcə, o, idmançı da ola bilər. Amma yaradıcı insan,
musiqiçi, müğənni, aktyor və ya idman sahəsinə sevgi və anlam
bəsləyən də ola bilər. Bir sözlə, yetər ki, məni və məşğuliyyətimi
qəbul edib, anlayışla qarşılasın, dəstəkləsin.
- Yarışlarda erməni idmançı ilə
qarşılaşmısınızmı?
- Təəssüf ki, hələ qarşılaşmamışam. Amma arzu edirəm ki, erməni
idmançı ilə görüşərək, onu məğlub edim və qalib olaraq, öz
bayrağımızı zirvələrdə dalğalandırım.
- Yarışlarla bağlı hansı şəhərlərdə olmaq sizə nəsib
olub və əldə etdiyiniz nailiyyətlər hansılardır?
- Əvvəlcə onu qeyd edim ki, mən getdiyim ölkələrdə iki idman
növü üzrə yarışlara qatılıram: kikboksinq və uşu-sanda. Rusiyanın
Sankt-Peterburq şəhərində "Döyüş sənəti olimpiadasına" qatılaraq,
uşu-sanda döyüş növü üzrə çempion adına layiq görüldüm. İranda və
Gürcüstanda olmuşam. VTK üzrə İspaniyanın Benidorn adasında baş
tutan yarışlara qatılmışam və sadalanan yarışların hər birində
birincilik əldə etmişəm. Sankt-Peterburqda qatıldığım yarışda
uşu-sanda üzrə birinci və kikboksinqlə bağlı ikinci yerə layiq
görüldüm.
İranda örpəklə vuruşurdum
- Uşu-sanda ilə kikboksinq idman növləri arasında
oxşarlıq varmı?
- Deyərdim ki, haradasa oxşarlıq var. Lakin uşu-sanda
tullanışlarla müşahidə edilir, kikboksinq sırf zərbələrdən ibarət
döyüş texnikası tələb edir. Uşu-sanda sürətli olmağı tələb
edir.
- İranda olduğunuzu vurğuladınız. İran qanunlarına görə
idmançı xanımların örpəklə döyüşmələri doğrudurmu?
- Bəli, mən də örpəklə vuruşurdum. Amma onu da qeyd edim ki,
İranın idmançı xanımları ölkədən kənarda örpəksiz vuruşur, çünki
baş örtüyü ilə döyüşmək çətindir. Doğrudur, mən bu çətinliyi hiss
etməsəm də, Tailandda məşq edən idmançı xanıma kikboksinq sahəsində
uduzdum.
- Səbəbi nə idi?
- O daha güclü idi. Sözün açığı, mən bu idmançı ilə vuruşduğum
üçün fəxr edirəm. Onunla dostluq münasibətimiz var.
Mübarizə aparıram və özümə inanıram
- Suad Səlimovaya xaricdən təklif gəlsə, orada
karyerasını davam etdirməyə razı olarmı?
- Bəli, razı olaram. Amma mən yalnız doğma vətənimin bayrağı
altında çıxış etməyi düşünürəm.
- Suad xanım, ən böyük arzunuz və həyatdan gözləntiniz
nədir?
- İlk öncə sağlam və xoşbəxt olmaq istəyirəm. Çox istərdim ki,
idman sahəsində bütün nailiyyətləri əldə edərək, şəxsi gücüm
sayəsində əməkdar idman ustası adına layiq görülüm. Gələcəkdə
qadınlardan ibarət şəxsi idman klubunun sahibəsi olum ki, burada
bildiklərimi gənc nəslə ötürmək şansım olsun. Daha sonra isə arzu
edərdim ki, fanatı olduğum idmançı xanımlar - Ronda Rousey (MMA
üzrə idmançı) və Anastasiya Yankova (MMA üzrə idmançı) kimi maddi
təşkilati dəstək hesabına öz ölkəmi layiqincə təmsil etmək imkanı
əldə edim. Bilirəm ki, güclüyəm və maddi yatırımla daxili
potensialımı yüksəltmək mümkündür. Mübarizə aparıram və özümə
inanıram.