Artıq Azərbaycan futbolunda 2024/25-ci illər mövsümü başa çatmaq üzrədir. Premyer Liqada son tur və ölkə kubokunun finalı qalıb. Digər liqalarda da mübarizə sona doğru gedir.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, 12-ci dəfə ölkə çempionu olan “Qarabağ” üçün sonuncu turun “Şamaxı” ilə səfər matçı “Sabah”la kubokun finalına hazırlıq xarakteri daşıyacaq. Ağdam klubu bundan sonra diqqətini yeni mövsümün hazırlığına və UEFA Çempionlar Liqasının matçlarına yönəldəcək.
İndi hər kəsi maraqlandıran bir sual var - “Qarabağ”ın transfer siyasəti və planları necə olacaq?
Bir neçə ay əvvəl araşdırma apararkən ortaya maraqlı məqam çıxmışdı. Söhbət baş məşqçi Qurban Qurbanovun müqaviləsindən gedir.
Bəzi mənbələrdə 53 yaşlı mütəxəssisin Ağdam klubu ilə sözləşməsinin mövsümün sonunda başa çatdığı görünür. Kiçik araşdırmadan sonra məlum oldu ki, Qurbanovla müqavilənin yenilənməsi ilə bağlı “köhlən atlar” tərəfindən sonuncu rəsmi açıqlama 2022-ci ilin mayın 11-də verilib.
Qeyd olunub ki, Qurban Qurbanovun müqaviləsi 2025-ci ilin iyunun 30-na qədər uzadılıb. Bu o deməkdir ki, gələn ay “Qarabağ”ın baş məşqçisi ilə sözləşməsi başa çata bilər. Çünki bununla bağlı son 3 ildə heç bir rəsmi açıqlama verilməyib. Nə də hər hansı mənbədə insayd məlumat belə yer almayıb.
Qurban Qurbanov açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
“Qarabağ”la 2027-ci ilə kimi müqaviləm var. Ola bilər, bununla bağlı açıqlama verilməyib, amma sözləşməm yenilənib. Təqribən bir il-ilyarım bundan öncə bu baş verib”.