"Force India"nın pilotu Serxio Peres Avropa Qran-prisi
"uik-endinin" əvvəlində Bakı trasının xüsusiyyətlərindən və özünün
növbəti mövsümdə perspektivlərindən danışıb.
Axar.az AzərTac-a istinadən müsahibəni təqdim edir:
- Tras
mükəmməldir, eyni zamanda, çox mürəkkəbdir. Mən heç vaxt Makaoda
çıxış etməmişəm, amma Bakı trası Makao trasına çox oxşayır. Buna
görə də sabahkı günü səbirsizliklə gözləyirəm. Zənnimcə, bu tras
təqvimdə ən yaxşılar sırasına daxil olacaq.
- Birinci döngəyə yaxın olan uzun düz yol barədə nə
düşünürsünüz?
- Formula-1 üçün çox qeyri-adi qərardır, çünki birinci döngədə
baryerlə üzləşmək riski yüksəkdir. Trasın bu hissəsi yürüşçülərə
meydan oxuyur, amma mənim xoşuma gəlir. Düşünürəm ki, bu trası
çoxları bəyənəcək.
- Ötüb keçməyə əlverişli yerlər
görürsünüzmü?
- Düşünürəm ki, hətta təqvimdəki yolun ən uzun düz yol olmasına
baxmayaraq, ötüşmə çətin olacaq. Döngələrin çoxu o qədər ensizdir
ki, oradan yalnız bir-bir keçmək olar.
- Uzun düz yol nəzərə alınsa, maşını sıxma qüvvəsinin aşağı
səviyyəsinə kökləmək lazım gələcəkmi?
- Kompromis axtarmalı olacağıq. Sıxma qüvvəsi səviyyəsinin
Monakodakı qədər böyük olacağını düşünmürəm. Əlbəttə, burada çoxlu
döngə var və bu döngələrdə vaxt itirmək olar. Amma digər tərəfdən,
buradakı yol təqvimdəki ən uzun yoldur. Sabah sürət seçimi barədə
yaxşı-yaxşı düşünməliyik.
- Bu trası Formula-1 təqvimində ən təhlükəli tras saymaq
olarmı?
- Bu suala ya bazar günü cavab verə bilərəm, ya da sabah... Mən
bu trası təhlükəli deyil, daha çox, mürəkkəb adlandırardım. Burada
səhvə yer qalmır. Səhv etsəniz və əlbəttə, qəzadan yayına bilsəniz,
bir neçə saniyə itirirsiniz. Tras Monako trasına çox oxşayır, amma
daha sürətlidir.
- Sinqapurla müqayisədə Bakı trası daha
mürəkkəbdirmi?
- Bəli, o, daha mürəkkəbdir. Əsl yürüş trasına nail olmaq üçün
German Tilke və Çarli Uaytinq çox çalışıblar. Burada səhvə yer
yoxdur, amma mənim xoşuma gəlir. Axı Formula-1 məhz belə də
olmalıdır. Bakıda hər dövrə meydan oxuyur və mən çox şadam ki, belə
bir tras ixtiyarımıza verilib. Əminəm ki, təsnifatda sürətlə dövrə
vurmaq bir o qədər də asan olmayacaq.
- Formula-1 yürüşünün Azərbaycana gələcəyini öyrənəndə,
nə düşündünüz?
- Təqvimdə yeni trasın olacağını öyrənəndə düşündüm: "Çox yaxşı,
getdik". Elə bir xüsusi gözləntim olmayıb. Amma dünən şəhər məndə
güclü təəssürat oyatdı. Bəxtimiz gətirib ki, bütün dünyanı
gəzib-dolaşmaq imkanımız var. Mən çox şadam ki, Bakıya gəlmişik.
Buranın arxitekturası çox gözəldir. Qədim şəhər inanılmaz görünür.
Çox xoşuma gəldi. Düşünürəm ki, bu mərhələ populyar olacaq.
- Formula-1-in növbəti mövsümündə gələcəyinizi necə
görürsünüz? Şayiələr gəzir ki, sizinlə "Ferrari"
maraqlanır.
- Düzünü desəm, şayiələrə fikir vermirəm. Diqqətimi işim
üzərində cəmləmişəm. Komandama maksimum fayda gətirməyə çalışıram.
Ötən yürüş məyus etdi. Strategiya seçimində yanıldıq, hərçənd
maşının sürəti "Williams" ilə mübarizə aparmağa imkan verirdi. Bu
"uik-enddə" çox şeyə nail olacağıq.
"Force Indıa"da işimdən razıyam. Gələcəyə gəldikdə isə kim
bilir? Gələn illə bağlı qərar qəbul etmək hələ tezdir. Yaxşı
menecerim var. Onun işi gələcək üçün ən yaxşı variant seçməkdən
ibarətdir.
"Force Indıa"nın böyük potensialı var və o mənim karyeramda
böyük rol oynayıb. Bu komanda naminə çıxış etmək ürəyimcədir, çünki
əsl yürüşçülər komandasıdır. 2012-ci ildə "Ferrari"nin gənclər
akademiyasından getdim. Məni "McLaren"də çıxış etməyə dəvət
etmişdilər. Bu komandada çox mürəkkəb dövr keçirdim. Ondan sonra
düşündüm ki, mənim üçün hər şey itirilib.
Formula-1-də dünya çempionu olmaq məqsədi ilə çıxış edirəm. Belə
bir şansım olsaydı, əla olardı. Əgər yoxdursa... İndi ancaq işimdən
zövq alıram. Mən uğur acıyam. Axı, artıq aparıcı komandada çıxış
etmişəm. Doğrudur, bu komandada yanlış vaxtda olmuşam. Mən
"McLaren" uğrunda yarışmağıma təəssüflənmirəm. Çempionatda yaxşı
yürüşçülər çoxdur. Amma rəqabətə davamlı maşının sükanı arxasına
keçmək şansı onların hamısına nəsib olmur.
- Əgər Formula-1-in bütün yürüşçülərini oxşar maşınların
sükanları arxasında oturtsaydılar, sizcə, bir dövrədə ən yaxşı və
ən pis pilot arasında sürət fərqi neçə olardı?
- (Uzun sürən fasilədən sonra) Onda üç-dörd. Formula-1-də
rəqabət səviyyəsi çox yüksəkdir.