Muğam müsabiqəsinin qalibi
Nigar Şabanova ilə müsahibə nədənsə hər dəfə təxirə salınırdı. Bir
gün nəhayət ki özü zəng etdi:
- Salam. Bu gün vaxtım var, səhhətim də yaxşıdır, amma əhvalım
pisdir.
- Eybi yox, gələrəm, danışarıq, dərdləşərik; bir qədər
əhvalınız da yaxşılaşar.
Nigar xanımla dənizkənarı kafelərdən birində görüşdük. Üz-
gözündən hiss olunurdu ki, nə isə yaman bikefdir. Mən söz verdiyim
kimi, onu bədbinlikdən uzaqlaşdırımağa çalışdım.
- Bəlkə bir az uşaqlıq illərinə qayıdaq? Elə ənənəvi
sualla müraciət edirəm. Neçə yaşından oxumağa
başladınız?
Nigar xanım tərəddüd etdi:
- Bəlkə birinci şam yeməyi sifariş edək? Mən iki gündür ki, heç
nə yemirəm. Son zamanlar ancaq yorğunluq və stress içindəyəm.
Utancaq ifaçı
Kafedə canlı musiqi ifaçısı retro mahnılardan birini ifa edirdi.
Xaric ifa hiss olunurdu.
- Nigar, bəlkə bir mahnı ifa edəsən? Eyni zamanda ona
oxumağı da öyrətmiş olarsan.
Nigar güldü:
- Burada? Yox, ayıbıdır. Camaat nə deyər?
- Maraqlıdır, utancaq ifaçı da olurmış?..
- Mən kompleksliyəm. 12 ildir səhnədəyəm, dəfələrlə müxtəlif
müsabiqələrdə iştirak etmişəm, amma yenə də ifa zamanı həyəcan
hissi məndən əl çəkmir.
- 12 il az zaman deyil!
- Bəli. Bayaq sual verdin ki, neçə yaşından səhnədəyəm? Hələ
orta məktəb şagirdi idim. Bir gün məktəbimizə yoxlama gəldi.
Məktəblərarası mahnı müsabiqəsi üçün istedadlı uşaqlar
toplayırdılar. Müəlliməm məni məsləhət gördü. Elə o zamandan
oxuyuram.
- Çox asan danışırsan. Cavablarınla tanış olanlar bütün
nailiyyətlərinə rahat yolla gəldiyini düşünəcəklər.
Daha çox anam mane olub
- Yox, heç bir iş rahat olmur. Mən elə birinci
növbədə ailəm tərəfindən sıxışdırıldım. Ən çox da anam mənə mane
olmağa çalışıb. O məni müğənni görmək istəmirdi. Amma zaman
keçdikcə, özümü doğrultmağa çalışdım. Anam anladı ki, mən bu
peşəsiz yaşaya bilmirəm və mənə dəstək olmağa başladı.
- Yəqin elə nailiyyətlərinə hamıdan çox sevinən də məhz
anan olub. Muğam müsabiqəsinin qalibi olduğunu hər kəs bilir. Digər
uğurların da olubmu, yoxsa elə bir uğurla
kifayətləndin?
- Əslində, müğənniliyə estrada janrında mahnılar ifa etməklə
başlamışam. Birinci uğurum "Yeni ulduz" mahnı tele-müsabiqəsinə
qoşulmaqla başladı. Sonra isə 2001-ci ildə Heydər Əliyev Fondunun
prezidenti, birinci ledimiz Mehriban Əliyevanın himayədarlığı ilə
keçirilən muğam müsabiqəsinin qalibi oldum. İndi Heydər Əliyev
Fondu ilə birgə çalışırıq. Müxtəlif beynəlxalq tədbirlərdə yer
alırıq, xarici görüşlərə gedirik.
Təkcə 15 dəfə Fransada
Təkcə Fransada 15 dəfə konsert vermişik, o cümlədən yaxın
Türkiyədə, İtaliyada, Almaniyada, Yunanıstanda və Norveçdə
beynəlxalq tədbirlərdə iştirak etmişik.
Mən qətiyyətlə deyərdim ki, bugünkü dəstəyi məhz Mehriban
Əliyevadan alıram. Məhz onun himayədarlığı və qayğısı nəticəsində
saysız-hesabsız uğurlara imza atmışam.
- Sənin üçün birdən-birə estrada janrından muğama keçid
almaq çətin olmadı ki?
- Deməzdim ki, asan oldu. Amma muğam ruhuma qidadır. Mən ən çox
sevdiyim "İşa-dəşti"ni ifa edirəm və bir də ayılıram ki, artıq
mahnı bitib, hər kəs ayaq üstə məni alqışlayır.
Bayağı mahnılara daha çox yer ayrılır
- Çox maraqlıdır, bizim muğam ifalarımız daha çox hansı
nəsil nümayəndələri tərəfindən dinlənilir və ümumiyyətlə el
şənliklərində daha çox kim yer alır - muğam ifaçıları, yoxsa
estradada yer alan şou xarakterli müğənnilər?
- Gözəl sualdır. Əfsuslar olsun ki, gənclər arasında bu gün
bayağı musiqilərə daha çox yer ayrılır. Bu bizim yaralı yerimizdir.
Gənclər lazımsız musiqini dinləməyə üstünlük verirlər. Amma yaşlı
və orta nəsil nümayəndələrində muğama sevgi davam edir. Toylara
gəldikdə isə, 99 faiz adam estrada mahnıları ifa edən müğənniləri
dəvət edir. Mənə elə gəlir ki, yerdə qalan bir faiz də yüksək
səviyyəli kübar insanlardır, onların zövqü o dərəcədə yüksəkdir ki,
öz toylarında "Rast", "Bayatı-şiraz" və digər muğam ifalarını
dinləmək arzusunda olurlar.
- Görünüşündən bəllidir ki, özünə diqqət yetirməyi çox
sevirsən. Toydan söhbət düşmüşkən, toylarımızda gəlinlərin zahiri
görünüşü bir gənc xanım kimi sizi qane edirmi?
- Bu sualı mənə ünvanlandırmağın əla oldu. İndi ürəyimi
boşaltmağa icazə ver: gəlinlərimiz makiyajdan o qədər istifadə
edirlər ki, adam onlarla baxanda qorxu filmlərinin baş
qəhrəmanlarını xatırlayır. Gəlinlik donları da ki bərbad
vəziyyətdə. Nə deyim ey? Vallah, biabırçılıqdır.
- Nigar, bəs öz toyunun necə olacağını düşünürsən?
Səncə, normal keçər? Bərbad olmaz ki?
- Düşünmürəm ki, nə vaxtsa ailə həyatı qursam, adi toy edəm.
Toyun təşkilində gəlinlə bəyin rolu əsasdır. Odur ki, mən öz toyumu
qeyri- adi təşkil edərdim. Qonaqlarımı şadlıq sarayında deyil,
yaşıl çəmənlikdə qarşılayardım, həzin tar-kaman ifası altında
unudulmaz bir toy günü keçirərdim.
Çoxlu evlilik təklifləri oldu
- Elə isə, toya gəlməyə hazırlaşaqmı? Namizəd
var?
Nigar xanım ucadan güldü:
- Namizədlər çoxdur, amma sevdiyim insan hələ yoxdur. Sevgi
təklifləri də var. Türkiyədə TRT-Avaz telekanalının dəvəti ilə özəl
türkü-şərqi təhsili aldığım vaxt orada çoxlu evlilik təklifləri
oldu mənə.
- Bəs nəyə görə qəbul etmədin? Yəni heç ürəyinə yatan
insan olmadı?
- İçələrində çox kübar, zəngin türkiyəli gənclər vardı. Amma mən
öz millətimdən qeyrisi ilə evlənməyə pis baxıram. Düzdür, bizim
oğlanlar kobuddur, amma mən əcnəbi ilə evlənə bilmərəm. Bu, mümkün
deyil!
- Düşünmürsənmi ki, əsas xoşbəxtlikdir?
- Əsas, öz millətimizi sevməyimizdir. Mən ümumiyyətlə,
vətənpərvər bir xanımam. Təsəvvür edin ki, gənc xanəndələr içində
yeganə rusdilliyəm, amma çalışıram və düşünürəm ki, əgər belə bir
ciddi müsabiqənin qalibi olmuşamsa, o zaman ana dilimdə qüsursuz
ifam var, bu mənimçün sevindirici haldır.
Baş rolda özüm...
- Bir çox müğənnilər seriallarda yer alırlar. Nigar
Şabanova rejissorlardan dəvət alsa, serialda çəkilməyə
razılaşarmı?
- Nigar Şabanovanın ən böyük arzularından biri də məhz filmdə
rol almağıdır. İnanın ki, təklif alsam, sevinərəm. Baş rolda da
özüm yer alaram. Çox istəyərəm ki, mənim rol aldığım film nakam
sevgi hekayəsini xatırlatsın. Həyata olan incikliyimi bəlkə
obrazımla bu cür canlandıra bilərəm. Mənfi obraz olmaram, çünki
müsbət insanam. Sadəcə, prinsipial xarakterli olduğum üçün etdiyim
yaxşılıqlar tez unudulur. Amma həyatın da öz dərsi var.
Allah qəddar insanları sevmir
Bir hadisə danışım. Tanıdığım bir məşhur müğənni rəfiqəm vardı.
O 9 ay ailəli olduqdan sonra əri ilə yola getmədiyindən ayrılmışdı.
Gənc bir oğlanla tanış olan və ondan evlilik təklifi alan həmin
xanım onun anasının şiddətilə qarşılaşır. Qadın hər cürə çalışır
ki, onları ayırsın və buna nail olur. Səbəb isə onun oğlunun
boşanmış qadınla ailə qurması idi. Oğlan anasının istəyi ilə ailə
həyatı qurur və tezliklə ayrılır. Həyatın belə də üzü var. Allah
qəddar insanları sevmir. Hər kəsə səslənirəm - 5 günlük həyatımız
var. Bir-birimizə əzab verməyək!