Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib. Bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması və eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib.
Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
V.Bayramov qaydalara niyə ehtiyac olduğunu aydınlaşdırıb:
“Müşahidələr göstərir ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xətlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır.
Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib. Yəni bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə 2 bənd daha çox artıb. Bu isə bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artıması müşahidə olunurdu. Təbii ki, bütün bunlar fonunda kredit xətlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi.
Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər. Bununla yanaşı, dəyişiklərə əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. Yəni əgər vətəndaşın xalis gəliri min manatdırsa, onun kredit xətti, yəni kart vasitəsi ilə borclanması 5 min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa, o da nəzərə alınacaq. Amma əgər, borclanma nağdıdırsa və təmin olunubsa o zaman bu qaydalar istisna edilir”.
Onun sözlərinə görə, digər qaydaya əsasən, overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilməsidir:
“İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir. Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var.
Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır”.