Litva ilə Azərbaycan sıx ikitərəfli münasibətləri
dəstəkləyir və müxtəlif sahələrdə intensiv əməkdaşlıq
edirlər.
Bunu AzərTac-a
müsahibəsində Litvanın energetika naziri Rokas Masyulis
bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Litvanın əsas
iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli ticarətin həcmi
göstərir ki, 2013-cü ildən başlayaraq daim genişlənən ticarət
dövriyyəsi 2015-ci ildə 70 milyon avroya çatıb ki, bu da 2013-ci
illə müqayisədə iki dəfə çoxdur. Nazir qeyd edib ki, iqtisadi
əməkdaşlığın inkişaf potensialı hələ tükənməyib. O deyib: "Ticarət,
investisiyalar və turizm sahələrində istifadə olunmayan
imkanlarımız hələ çoxdur".
Litva biznesmenlərinin Azərbaycanın dinamik inkişaf edən
bazarına böyük maraq göstərdiyini diqqətə çatdıran R.Masyulis
bildirib ki, onun ölkəsi Azərbaycana qida, elektrik malları və
mebel sənayesi məmulatı təklif edə bilər. Məlumdur ki, yüksək
keyfiyyəti ilə seçilən bu məhsullar bir çox ölkələrə ixrac edilir.
Bundan əlavə, informasiya texnologiyaları, nəqliyyat, energetika və
təhsil sahələrində əməkdaşlığı daha da genişləndirmək üçün real
imkanlar var.
Nazir əminliklə bildirib ki, ikitərəfli investisiya
əməkdaşlığının böyük potensialı var və Litva onu genişləndirmək
niyyətindədir. Litva Azərbaycana Avropada işgüzar mərkəz yaratmaq
istəyən şirkətlərə tələb olunan bütün imkanları, eləcə də əlverişli
iqtisadi mühit, yüksək ixtisaslı mütəxəssislər, dünya səviyyəli
infrastruktur təklif edə bilər.
Azərbaycanın SOCAR şirkəti ilə əməkdaşlıq haqqında suala cavab
verən R.Masyulis diqqətə çatdırıb ki, Litvanın Azərbaycan, o
cümlədən SOCAR ilə qarşılıqlı fəaliyyəti "Sarmatiya" neft kəməri
layihəsi çərçivəsində də həyata keçirilir.
R.Masyulis Azərbaycanın enerji resurslarının yaxın gələcəkdə
Avropa bazarlarına çıxarılması sahəsində də böyük potensial görür.
Avropa Komissiyasının dəstəyi ilə "Cənub" qaz dəhlizi Azərbaycan
qazını Avropa bazarlarına çatdırmağa kömək edə bilər. Rokas
Masyulis vurğulayıb ki, Litva bu layihəni dəstəkləyir.
Azərbaycan paytaxtı haqqında təəssüratlarını bölüşən litvalı
nazir Bakı haqqında xoş xatirələri olduğunu bildirib.