"Pensiya yaşına çatmadan ölən vətəndaşlarımızın sosial
müavinət üçün yığılan pulları bizdə adətən batıb
gedir".
"Axar.az"ın
pensiyalarla bağlı sualına cavab verən İqtisadi Resursların
Öyrənilməsi Mərkəzinin əməkdaşı Radil Fətullayevin sözlərinə görə,
bir çox ölkələrdə bu məsələ ilə bağlı fərqli təcrübə var: "Avropa
ölkələrində insanların əməkhaqqı fondunun 20-25 faizi sosial fonda
köçürülür. Bu dəqiqə həmin ölkələrdə elə insanlar var ki, onların
hesabında 450-500 min avro pul var. Onlar istəsələr həmin pulu bir
dəfəyə, yaxud hissə-hissə çıxara bilərlər. Elə insan olur ki, o
insan həmin vəsaiti tam götürüb özü üçün müəyyən işlər görür. Təbii
ki, bu, həmin insanın təbii haqqıdır. Bizdə isə vəziyyət fərqlidir.
Xarici ölkələrdə insan pensiya yaşına çatmadan ölərsə, ona çatmalı
olan vəsait övladına, yaxud da hansısa varisinə verilir. Bizdə isə
bu cür halların 90%-də həmin pullar batır. Əgər həmin vətəndaş
əlildirsə, yaxud xüsusi hansısa statusu varsa, o zaman həmin pullar
onun övladına verilə bilər. Digər problem isə pensiya yaşına çatmış
şəxsin ölümündən sonra başlanır. Misal üçün, əgər hansısa adam 63
yaşında çatır və 1 il pensiya alır. 64 yaşında isə vəfat edir və bu
o deməkdir ki, pensiya artıq batır. Mən hesab edirəm ki, həmin
pensiyanın onun ailəsinə çatması daha düzgün olardı".
Ekspertin fikrincə, Azərbaycandan fərqli olaraq bir çox xarici
ölkələrdə özəl sosial fondların olması da bu prosesə müsbət təsir
göstərir: "Xaricdə özəl sosial sığorta fondları var və şəxs istəyir
ki, dövlət yox, özəl fondda vəsaitini sığortalatsın. Bu onun üçün
problem olmur. Çünki bütün şərtlər özəl fondla razılaşmada da
həyata keçir və təbii ki, həmin fondların öz şərtlər olur. Həmçinin
özəl sosial sığorta fondları köçürülən vəsaitdən öz maraqlarına
uyğun istifadə edirlər".
Bu, Azərbaycanda səhiyyənin durumu ilə
bağlıdır
"Güzəran"
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Azərbaycan
iqtisadiyyatının özəl sosial müdafiə fondlarının yaradılmasına
hazır olmadığını bildirdi: "Öncə onu deyim ki, xaricdə dövlət
sosial fondunun özəlləşdirilməsi ilə bağlı praktika yoxdur. Yalnız
paralel özəl fondlar var. Yəni onlar dövlət fondu ilə paralel
olaraq fəaliyyət göstərir. Amma bu praktikanın Azərbaycanda tətbiq
edilməsi hələ tezdir. Çünki Azərbaycan iqtisadiyyatı hələ buna
hazır deyil".
Q. İbrahimli ölkədə orta ömrün az olması ilə bağlı fikirlərlə
razılaşdığını və bunun tibbin durumu ilə bağlı olduğunu qeyd etdi:
"Sovet dövrünə nisbətən indi orta ömür həddi çox azdır. Orta ömür
sənədlərdə göstərildiyi kimi 72 deyil, daha azdır. Təxminən 65-66
yaş. Bu isə Azərbaycanda səhiyyənin durumu ilə əlaqədardır".
Xatırladaq ki, hazırda ölkədə pensiya yaşı kişilər üçün 63,
qadınlar üçün isə 59 yaş yarım (59,5) hesab olunur. Açıqlamalara
görə, pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürülüb.
Onlardan yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə
görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını
itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı
proqnozlaşdırılır. Ümumi göstərici cari ilin göstəricisindən 1100
nəfər azdır.