2027-ci ildə Ermənistan büdcəsinin xərcləri 2026-cı illə müqayisədə 1 milyard 370 milyon dollar, gəliri isə 1 milyard 480 milyon dollar artacaq. Beləliklə, 2027-ci il üçün dövlət büdcəsinin xərcləri 11.19 milyard dollara qalxacaq.
Ermənistanın 2026-cı il büdcəsinin xərcləri 9,82 milyard, başqa sözlə, 2025-ci il büdcəsindən 2 milyard dollar (25%) çoxdur.
Eyni zamanda, Ermənistanın ÜDM-i də 8% civarında ciddi artımla xarakterizə olunur.
İqtisadçı ekspert Natiq Cəfərli Axar.az-a bildirib ki, Ermənistanda ÜDM-nin və büdcənin artım tempinin yüksək olmasının bir neçə səbəbi var.
Onun sözlərinə görə, birinci səbəb odur ki, Ermənistan 2022-ci ildən sonra Rusiyanın sanksiyalardan yan keçmək mərkəzlərindən birinə çevrilib:
“2024-2025-ci illərdə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi fantastik dərəcədə, birdən-birə 7 dəfə artması təsadüfi deyildi.
Bu, orqanik, təbii artım deyildi. Bu, Rusiyanın Ermənistan vasitəsilə öz məhsullarını dünya bazarlarına çıxarması ilə bağlı idi. Çünki Ermənistan hələ də Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvüdür.
Əsasən də qızıl, brilyant, qiymətli daş-qaş və paralel olaraq Ermənistan üzərindən Rusiyada satışı qadağan olan telefonlar, kompüterlər və başqa avadanlıqlar gətirilirdi. Bütün bunlar, ticarət dövriyyəsinin yüksəlməsi və Rusiyanın sanksiyalardan yan keçmək üçün Ermənistanı mərkəzə çevirməsi ölkənin gəlirlərini təbii olaraq artırdı. Dövriyyə yüksəldi, gəlirlər artdı”, - o vurğulayıb.
Ekspert ikinci səbəbin vergi islahatları olduğunu qeyd edib:
“Vergilərin aşağı salınması, xarici investorlar üçün şəraitin yaxşılaşdırılması daha çox xarici investorların gəlməsinə səbəb oldu.
Bu da təsadüfi deyil ki, məsələn, NVİDİA kimi dünya nəhəngləri 1,5 milyard dollara yaxın Ermənistana investisiya qoymaq fikrinə düşdülər. Ermənistan iqtisadiyyatı o qədər kiçik idi və indi də kiçikdir ki, ora 1 milyard, 1,5 milyard dollarlıq investisiya qoyanda çox böyük effekt yaradır.
Azərbaycan iqtisadiyyatı isə çox böyükdür, yəni Ermənistan iqtisadiyyatından bir neçə dəfə böyükdür. Ona görə də bizdə investisiya bir neçə milyard dollar olsa belə, onun effektini o qədər görmürük.
Yəni, Ermənistanın son zamanlar iqtisadi göstəricilərinin yaxşılaşmasında Rusiyanın sanksiyalar faktoru, bir də son dövrlər qəbul olunmuş vergi güzəştləri və investisiya cəlbediciliyinin artırılması əsas rol oynayır”.