"İstənilən halda "Cənub axını" qaz kəməri layihəsi
gerçəkləşəcək. Çünki Avropaya uzunmüddətli qaz
lazımdır".
Bunu Axar.az a açıqlamasında iqtisadçı-ekspert İlham Şaban
bildirib. Onun fikrincə, Bolqarıstan və Serbiyanın fəaliyyəti
hələlik hüquqi müstəviyə keçməyib və yalnız bəyanatlar verməklə
kifayətləniblər:
"Serbiyada "Cənub axını" qaz kəmərinin tikintisini nə
dayandırmaq, nə də tezləşdirmək mümkündür. Bolqarıstana gəlincə,
Avropa Komissiyası iyunun 13–də bu ölkəyə səfər edəcək, qane
edilməyən məsələlər öz həlini tapacaq. Bolqarıstan tamamilə Rusiya
qazından asılı vəziyyətdədir. Həmişə Ukrayna və Rusiya arasında qaz
məsələlərindən əziyyət çəkən Avropa olur. Ona görə də Bolqarıstan
artıq əziyyət çəkən ölkə olmaq istəmir. Onlar da stabil qaz alan
ölkələr sırasına daxil olmaq barədə düşünürlər".
Ekspertin fikrincə, burada məsələnin görünməyən yanları da
mövcuddur və istənilən halda qaz kəmərinin layihəsi
gerçəkləşəcək:
"Burada başqa məsələlər də var. Heç şübhəsiz, ən yaxşı nəql etmə
boru kəməri vasitəsilə mümkündür. Ukrayna ərazisində mövcud olan
boru kəmərinin yaşı 40-dan çoxdur və onun yenilənmə məsələsi heç
gündəmə gəlmədi. Yeni boru kəmərinin yaranmasına ehtiyac var. Bu
infrastrukturun yaranmasını da Avropa özünə sərf edəcək şəkildə
Rusiyaya qəbul etdirəcək. Rusiyanın özünün korafəhm siyasəti
nəticəsində başqa seçimi olmayacaq. Avropanın bu addımı iqtisadi
məsələlər ilə bağlı deyil. Rusiya Brüssel ilə məsələlərini həll
etməlidir ki, öz enerji layihələrini gerçəkləşdirə bilsin.
İstənilən halda "Cənub axını" qaz kəməri layihəsi gerçəkləşəcək.
Çünki Avropaya uzunmüddətli qaz lazımdır".
Rusiya Yanacaq və Energetika Nazirliyi Avropa Komissiyasının
qərarının siyasi xarakterli olduğunu və məqsədlərinin Ukraynadan
yan keçməklə yeni kəmərin tikintisinə imkan verməmək olduğunu
açıqlayıb. Rusiyanın buna adekvat olaraq Ukraynaya satdığı qazın
qiymətini artırmaq məsələsi gündəmə gəlir. Ekspertin fikrincə,
Rusiya belə bir addım atacağı təqdirdə zərər görənin yenə özü
olacağını deyir:
"Ukraynanın iqtisadiyyatı sovet dönəmindən ölkənin şərqində
yerləşir. SSRİ vaxtı o bölgəyə Rusiyadan enerji resursları gəlirdi
və məhsullar orada istehsal olunurdu. İstehsal olunan həmin məhsul
isə Rusiya bazarına ixrac edilirdi. Ukraynanın şərqində rusların
yaşadığı məlumdur. İndi Rusiya qiyməti qaldırsa, yeni Ukrayna
hökuməti Rusiyadan idxal edilən qazın həcmini azaldacaq. Aldığı
qazı isə öz əhalisi üçün verəcək. Ölkənin şərqində yerləşən
zavodlara nəql etməni azaldacaq, çünki artıq Rusiya oradan məhsul
almır. Əgər Rusiya məhsul almayacaqsa, həmin zavodlar fəaliyyətini
dayandıracaq. Nəticədə orda çalışan insanlar əmək haqqı
almayacaqlar. Və belə olan halda həmin insanlar Rusiyaya üz
tutacaqlar. Rusiya qaçqın və köçkünləri qəbul edəcək. Rusiya
Almaniyaya qazı 380 dollara satır, Ukraynaya isə 485 dollara və
böyük ehtimalla bunun əvəzini özü ödəməli olacaq".
Qeyd edək ki, "Cənub axını" qaz kəməri layihəsinin
gerçəkləşib-gerçəkləşməməsi məsələsi ətrafında müzakirələr
qızışmaqdadır. Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya nəql
etməli olan "Cənub axını" qaz kəmərinin Avropa Birliyinin son
sammitindən sonra reallaşmaq şansı azalıb. Avropa Komissiyası
iyunun 2-də layihənin Avropa Birliyi ölkələri, ilk növbədə də
Bolqarıstan ərazisində reallaşmasını dayandırmaq niyyətində
olduğunu açıqlayıb. Nəticədə Bolqarıstan Avropa Komissiyasının
iradlarından sonra "Cənub axını" qaz kəmərinin tikintisi üzrə
işləri dayandırıb. Serbiya hökuməti isə iyunun 13-də Avropa
komissiyası ilə Bolqarıstan arasında baş tutacaq müzakirələrin
nəticəsindən asılı olaraq qərarın verəcək. Rəsmi Moskva baş
verənlərin Ukrayna hadisələri ilə bağlı olduğunu açıqlayıb və bunu
enerji şantajı adlandırıb.