"Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın DESFA
şirkətinin 66%-nın satışı üzrə tender şərtləri prosesində iştirak
edərkən hüquqi baxımdan bütün proseduraların hamısını mövcud
qaydalara əsasən görüb".
Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin
rəhbəri İlham Şaban Avropa komissiyasının SOCAR-ın yunan şirkəti
DESFA-nın alınmasına dair sövdələşməsini təsdiqləməməklə bağlı
elanını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, 2013-cü ilin mart ayında Avropa
Komissiyası "Üçüncü Enerji" paketi adlanan bir qanun qəbul
edib:
"Buna əsasən neft və qaz hasil edən şirkət onu nəql edə və
satışı ilə məşğul ola bilməz. Çünki belə hesab edirlər ki, bu,
bazarda rəqabəti əngəlləyə bilər. Avropa Yunanıstan hökumətinin
diqqətinə çatdırıb ki, DESFA-nın 66% səhminin Azərbaycanın Dövlət
Neft şirkətinə satılmasının qarşısını alsın. ARDNŞ isə Yunanıstan
hökumətinin nəzərinə onu çatdırır ki, qanun geri qayıtma qüvvəsi
ilə işləmir. Çünki ARDNŞ sözügedən məsələ ilə bağlı proseduralarda
iştirak edəndə heç bir enerji paketi mövcud deyildi. Bir neçə aydan
sonra belə bir qanun qəbul ediləcəyindən Bakının heç xəbəri də
olmayıb. Dövlət Neft Şirkəti bunun Yunanıstan hökuməti ilə rəsmi
Brüssel arasındakı problem kimi qeyd edərək, ancaq problemin
həllindən sonra işə başlayacaqlarını bildirib".
İlham Şaban məsələnin ikinci bir tərəfinin isə siyasi amillərlə
bağlı olduğunu deyib:
"Avropa öz bazarının diversifikasiyasında maraqlıdır. Bir sıra
Avropa ölkəsinin qaz bazarı Rusiyadan tam, bəzilərinki isə qismən
asılıdır. Avropa çalışmalıdır ki, məntiqlə bu asılılığı azaltsın.
Ancaq biz reallıqda onu görürük ki, AB əslində buna cəhd etmir.
Məsələn, Bolqarıstan Rusiya qazından 100% asılıdır. Ancaq AB
Bolqarıstana vəsait ayırmır ki, Yunanıstanla aralarında qısa
zamanda boru kəməri çəksin və Yunanıstan- Türkiyə boru xətti ilə
Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstana da öz qazını 2016-cı
ilə kimi sata bilsin. Bunu etmirlər və bu, çox maraqlı məsələdir.
Digər bir maraqlı məqamın isə Avropa Komissiyasının Yunanıstanda
qaz paylayıcı şəbəkə ilə Azərbaycana qarşı belə bir məsələ
qaldırmasıdır".
Ekspert onu da qeyd edib ki, çox böyük bir təşkilat olan Avropa
Komissiyası müxtəlif Avropa ölkələrini təmsil edən nümayəndələrdən
təşkil olunub:
"Təbii ki, burda Rusiyanın təsir dairəsində olan ölkələr də var.
Yadınızdadırsa, bir müddət öncə Dövlət Neft Şirkətinin
vitse-prezidenti Elşad Nəsirov qeyd etmişdi ki, İtaliyada TAP-la
bağlı olan ekoloji problemlərin arxasında Rusiyanın maraqları
durur. Buna görə də bu kimi məsələlər həqiqətən Bakını narahat
edir. AB belə məsələlərdə Azərbaycana dəstək olmur, əvəzində ya
loyal yanaşır, ya da ki, tam mənfi mövqe tutur".
Xatırladaq ki, Avropa Komissiyası Azərbaycan Dövlət Neft
Şirkətinin (ARDNŞ/SOCAR) Yunanıstanın qaz kəmərləri sisteminin
operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair
sövdələşməsini təsdiqləməyəcəyinə dair gözlənilməz elan verib.