Yaxın iki il ərzində maliyyə
böhranı və Ukraynadakı vəziyyət də daxil olmaqla geosiyasi
münaqişələrə baxmayaraq, dünya iqtisadiyyatının əhəmiyyətli
canlanması gözlənilir.
Report xəbər verir ki, bu barədə BMT-nin "2015-ci il
üçün dünya iqtisadiyyatı vəziyyət və perspektivlər" adlı
hesabatında deyilir. Onun müəllifləri Rusiyada iqtisadi durğunluq
(staqnasiya) və ümumilikdə, postsovet məkanında zəif iqtisadi artım
proqnozlaşdırırlar.
BMT-nin Nyu-Yorkdakı qərargahında təqdim olunan hesabatda
bildirilir ki, gələn il dünya iqtisadiyyatının artımı 3,1%, 2016-cı
ildə isə - 3,3% təşkil edəcək. Bu proqnozlar cari ildəki təxminən
2,6% səviyyəsində olan iqtisadi artım göstəricilərindən xeyli
yüksəkdir.
"Bəzi iqtisadi göstəricilər pozitiv kimi qiymətləndirilir və
təsdiq edir ki, dünya iqtisadiyyatı stabil inkişafına qayıdır.
Lakin bir çox risklər və qeyri-müəyyənlik iqtisadiyyatın
dirçəlməsinə və onun gələcək inkişafına maneə törədə bilər" -
Departamentin iqtisadi və sosial məsələlər üzrə nümayəndəsi Pinfan
Xun Nyu-Yorkda keçirilən brifinqdə bildirib.
Hesabatın müəllifləri iqtisadi artımın 2015-ci ildə Rusiyada
sıfır səviyyəsində və ümumilikdə, postsovet məkanında zəif
olacağını proqnozlaşdırırlar.
Ekspertlər ən yüksək inkişaf tempinin Şərqi Asiyada olacağını
söyləyirlər - 2015-2016-cı illərdə bu göstərici 6% səviyyəsində
olacaq. Onlar Cənubi Asiyada iqtisadiyyatın tədricən bərpa
olunmasını proqnozlaşdırırlar.
Yaxşı inkişaf etmiş iqtisadiyyatı olan ölkələr arasında - ABŞ-da
iqtisadi artım 2014-cü ildə 2%, 2015-ci ildə - 2,8 və 2016-cı ildə
- 3,1% təşkil edəcək. Avrozonada ekspertlər qeyri-sabit iqtisadi
artımın olacağını proqnozlaşdırırlar.
Hesabatın müəllifləri neftin qiymətinin dəyişməsi ilə bağlı həm
idxalatçıları, həm də ixracatçıları müəyyən risklər haqqında
xəbərdar edirlər. Ekspertlər qeyd edirlər ki, geosiyasi böhranlar,
o cümlədən Ukrayna, Liviya, Suriya, İraqdakı münaqişələr sabit
iqtisadi artıma mane olur.