Ana səhifə İqtisadiyyat |
11:40
Bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib.
O, bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin manatda 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilməsi ilə bağlı qərarını şərh edərkən bildirib ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb. Onun sözlərinə görə, qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər.
V.Bayramov bildirib ki, əmanət faizləri azalsa da, kredit faizləri hələ də yüksək olaraq qalır:
“Mərkəzi Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizini təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verir. Banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onun üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətində fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var”.
İqtisadçı bildirib ki, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmayacaq:
“Yəni əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar.
Qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq, əvvəlki dövrdə 10 faizədən çox, 15 faizdən az olan manatla əmanətlər müavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq, həmin əmanət qorunmuş hesab olunur.
Əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. Belə ki, müddət bitəndən sonra müqavilə üzrə əvvəlki şərtlərlə uzadılırsa, o zaman o əmanət qorunmayan əmanətə çevrilir. Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar, xüsusən də “Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var”.
V.Bayramovun sözlərinə görə, qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir:
“Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri- müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”.
Tarix
2019.07.01 / 15:33
|
Müəllif
Nigar İxtiyarqızı
|