"Qızıl sikkələrin alışı 40%, birja fondları üçün qızıl
isə 5,5 dəfə azalıb".
Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz
Feysbuk səhifəsində qeyd edib.
O, Mərkəzi Bankların ötən il qızıl alışının 17% artdığını
bildirib:
"Dünya Qızıl Şurasının son hesabatına əsasən, 2014-cü ildə
qızıla olan qlobal tələbat 4% azalaraq 3924 tona düşüb. Halbuki,
2013-cü ildə qızıl alışı 4088 ton olub. Bu, 2009-cu ildən bəri ən
aşağı göstəricidir. Azalma bütün kateqoriyadan olan qızıl
məmulatlarında müşahidə edilib. Yeganə olaraq Mərkəzi banklar qızıl
tələbatına dəstək veriblər. Qızılın əsas komponenti olan zərgərlik
məmulatlarına tələbat 10% azalaraq 2153 ton olub. Qızıl sikkələrin
alışı 40%, birja fondları üçün qızıl isə 5,5 dəfə azalıb.
Mərkəzi Bankların qızıl alışı ötən il 17% artıb. Ümumilikdə
banklar tərəfindən 477,2 ton qızıl alınıb ki, bu da son 50 ildə
2012-ci ilin nəticələrindən (544 ton) sonra ikinci ən yüksək
göstəricidir. Qızılın əsas alıcıları MDB ölkələri, o cümlədən
Azərbaycan olub. Ən böyük alıcı olan Rusiya 173 ton qızıla sahib
olub. Qazaxıstan 48 ton, Azərbaycan isə 10 ton qızıl alaraq
ehtiyatlarına daxil edib. İraq da 48 ton qızıl alıb. Ukrayna
Mərkəzi Bankı isə iqtisadi böhranla mübarizə çərçivəsində qızıl
ehtiyatının 44%-ni satmaqla 24 tona endirib.
Tələbatın azalmasına səbəb dünyanın əsas qızıl istehlakçı
dövlətləri olan Çin və Hindistanda tələbatın azalması olub.
Hindistanda zərgərlik qızılları 8% artsa da, Çində 33% azalıb.
Əvəzində hər iki ölkədə sikkə qızılları 50% azalıb.
Ötən il qızılın qiymətində ilboyu kəskin qeyri-sabitlik olsa da,
sonda ilin əvvəlindəki səviyyədə - 1200 dollar həddində qalıb. Bu
il isə yanvarın sonlarına qədər 1300 dollar həddində bahalaşan
qızıl sonradan 1222 dollara qədər ucuzlaşıb.
Azərbaycan Mərkəzi Bankı ötən il 10 ton qızıl alaraq
ehtiyatlarına daxil edib. Dövlət Neft Fondunun ehtiyatlarında isə
30 tondan çox qızıl var və aktivlərdə payı 3.1%-dir. Qızılın dəyəri
1 milyard 150 milyon dollar məbləğində qiymətləndirilir. 2014-cü
ildə Neft Fondu qızıl alışı həyata keçirməyib".