Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç
bir amil yoxdur.
APA-nın məlumatına görə, bunu Dövlət Televiziyasının (AzTV)
efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman
Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, Azərbaycanda bivalyutalı səbət
2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu,
AMB-yə daha çevik məzənnə siyasəti həyata keçirək imkanı verib:
"Lakin o zaman neftin qiymətini çox yüksək səviyyədə olduğu üçün,
Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində
balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük
bir təzyiq var idi. Digər tətəfdən isə əhəmiyyətli dərəcədə avro da
dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini
möhkəmləndirməyə doğru aparırdı. Əgər biz o dövrdə bivalyutalı
səbətdə avrodan imtina etməsəydik, bu gün daha möhkəm manat
məzənnəsi ilə üz-üzə olardıq. Bunu üstün tərəfləri var təbii ki,
məsələn, inflyasiyanın azaldılması və sair. Lakin bunu mənfi
tərəfləri də var, bu da ixracatçıların mənafeyinin qorunması,
iqtisadiyyatın diversifikasiyasına mənfi təsir və sair. Bütün
bunları nəzərə alaraq, biz o zaman bivalyutalı səbətdən imtina
etdik.
Bu gün isə biz tam başqa bir mənzərə ilə rastlaşırıq. Bilirik
ki, davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Bizim
məzənnəmizin sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük
manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi
bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki
biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst
rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz
iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın
dollardan tam asılılığını aradan qaldırmaq üçün, biz avronu səbətdə
bərpa etdik. Demək istərdim ki, bu bərpa (avronun səbətdə payı -
red.) o qədər də əhəmiyyətli deyil. Bu isə bizə imkan verir ki,
avronun dollara qarşı gözlənilən əlavə zəifləməsi manata
ötürülməsin".
Baş bankir deyib ki, bivalyutalı səbətə keçid bütövlükdə məzənnə
siyasətinə çeviklik və müstəqillik gətirəcək.
"Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil
yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə
bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit
varsa. İkinci isə, bu şəraitdə ölkənin heç bir ehtiyyatlarının
olmamasıdır. Lakin, Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə
valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən
praktikada heç biri Azərbaycanda yoxdur", - deyə E. Rüstəmov
bildirib.
Bununla belə, AMB rəhbəri qeyd edib ki, bütövlükdə qlobal
səviyyədə gedən proseslərə reaksiya verməliyik.