"Enerji sektoru 2030-cu ildən sonra da iqtisadiyyatın
əsas lokomotivi olacaq".
Bu açıqlamanı Axar.az-a Neft Araşdırmaları
Mərkəzinin rəhbəri İlham Şaban verib.
O, açıqlamasında Azərbaycanın yaxın 15 ildə neft-qaz sektorunda
regionun ən fəal ölkəsinə çevriləcəyini vurğulayıb:
"Azərbaycan gələcəkdə də neft hasil eden ölkə olaraq qalacaq və
müəyyən qədər neft ixrac edəcək. Azərbaycanın yeni neft emal
kompleksi yaradılacaq ki, buradan 10 milyon ton neft emalı
gözlənilir. Bu müəssisədə Azərbaycan üzərindən tranzitlə keçən
Qazaxıstan və Türkmənistan nefti də emal ediləcək. Çünki emal
müəssisəsinin gücü indiki 2 neft emalı müəssisəsindən təqribən 40%
böyük olacaq və onun məhsuldarlığı yüksək olacaq. Yəni xam neftdən
alınan benzin və dizel yanacağının həcmi artacaq. Neft
məhsullarının ixracı yüksələcək. O zaman Azərbaycan neft-kimya
məhsulları ixracında kifayət qədər irəli addımlar atmış
olacaq".
O, gələcək illərdə neft-qaz sahəsindən əldə olunacaq gəlirin
miqdarında artım olacağını da açıqlayıb:
"İndi bu məhsulların ixracından ildə 150 milyon dollara yaxın
gəlir götürülür. O zaman üçün 2 milyarda yaxın bir nəticə
proqnozlaşdırılır. 2030-cu ildən sonra Azərbaycanın enerji
sektorunda təbii qaz 1 nömrəli yerdə qərar tutacaq.
Azərbaycan 35 milyard kub metrə qədər təbii qaz ixrac etməyi
planlaşdırır. Yəni, təbii qaz, neft məhsulu və neft - ümumilikdə
enerji sektoru ixracatda və iqtisadiyyatda öz aparıcı yerini
qoruyub saxlayacaq. Dəyişən isə onların hazırkı xüsusi çəkiləri
olacaq. Hazırda qazın xüsusi çəkisi ixracatda 2%-dən bir qədər
artıqdır, neft məhsulları isə 4%-dən azdır, xam neft isə 86%-ə
çatır. 15-16 il sonra isə birinci yerdə qaz, ikinci yerdə neft
məhsulu, sonrakı pillədə isə xam neft qərar tucacaq. Təbii ki,
bütün bunlar həcm formasında deyil, dəyər qismində
proqnozlaşdırılır".