Milli Məclisin bu gün
keçirilən iclasında çıxış edən millət vəkili-iqtisadçı ekspert
Vahid Əhmədov milli valyutanın müzakirəsi zamanı manatın
devalvasiyası ilə bağlı fikirlərini açıqlayıb.
Publika.az-ın məlumatına
görə, V.Əhmədov bəzi millət vəkillərini bu sahə ilə bağlı savadsız
şərhlər verməkdə ittiham edib:
"Çox təəssüf edirəm ki, bəzi millət vəkilləri iqtisadi əsasları
bilmədən danışırlar. Azərbaycanda manatın devalvasiya uğraması
gözlənilən, labüd idi. Lakin bunu yumşaq şəkildə etmək lazım idi,
yollar var idi. Mən buna təəssüf edirəm. Mərkəzi Bankın rəhbərliyi
ilə mütəmadi əlaqədə olmuşam. Mənə deyiblər ki, uzağı 85-90 qəpiyə
qədər devalvasiya olacaq. Ancaq onlar sözünün üzərində durmadı.
İndi bölgələrdə qiymət artımı var və bu haqda məlumat alırıq. Bir
sıra insanlar banklardan krediti manatla deyil, dollarla götürüb.
Bəzi sahibkarlar isə milyonlarla kredit götürüblər. Bu kreditlərin
geri qaytarılmasında problemlər yarana bilər. Buna dəstək vermək
lazımdır. Hesab edirəm ki, anti-böhran proqramı hazırlanmalı və
icra edilməlidir. İndi ən ciddi məsələ süni qiymət artımıdır.
Devalvasiya labüd idi. Ancaq bunu sakit şəkildə aparmaq lazım idi.
2014-cü ildən buna gedilsəydi, indi biz bu vəziyyətə
düşməzdik".
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad
Səmədzadə isə deyib ki, dünya iqtisadiyyatında baş verən proseslər
hamıya aydındır:
"Neftin qiymətinin sürətlə aşağı düşməsi gərgin situasiya
yaradır. Neftin qiyməti qalxsa büdcənin itkisi az olacaq. Manatın
məzənnəsini saxlamaq üçün Mərkəzi Bank ildə 2 milyard manat itirir.
Bu uzun dövr davam edə bilməz. İtirilən bu pullar Ermənistanın
dövlət büdcəsi qədərdir. Azərbaycan iqtisadiyyatı son 10 ildə
sürətli inkişaf yolu keçib. Bunun bir səbəbi də düzgün
maliyyə-kredit siyasəti olub. Hesab edirəm ki, bunun üzərinə kölgə
salmaq olmaz. Mərkəzi Bankın addımları son ildə iqtisadiyyata,
sahibkarlıq mühitinə ciddi təsir edib. Manatın məzənnəsinin sürətlə
dəyişməsi fonunda bu mümkün olmazdı".
Komitə sədri deyib ki, manat dünyada ən güclü valyutalardan
biridir:
"Bu yaxınlarda 500-ə yaxın kiçik və orta müəssisələr
yaradılacaq. Belə siyasətə ehtiyac var idi. Birmənalı şəkildə
deyirəm ki, bu anti-böhran addımı deyildi. Bu sadəcə manatın
devalvasiyası ilə bağlı idi. Azərbaycan dövləti güclüdür və mən
əminəm ki, xalqımız bu vəziyyətdən çıxacaq".
Spiker Oqtay Əsədov isə bildirib ki, ölkədə ciddi sabitlik
mövcuddur: "Bizdə sabitlik olub. Uzun müddət bizdə problem olmayıb.
Ancaq bir şey olan kimi hamı
danışır. Dünyanın ən güclü inkişaf edən dövlətlərindən biri
Danimarkadır. Orada inflyasiya ən yüksək həddə qalxıb. Biz
tələsməli deyilik. Qiymətlərin artmasına imkan verməməliyik. Mən
dünən iqtisadi inkişaf naziri ilə görüşdüm. Süni qiymət artımının
qarşısını almaq üçün sürətli işlər aparılır. Mən əminəm ki, qiymət
artımı baş verməyəcək. Qarşıdan Azərbaycan hökumətinin hesabatı
gəlir. Bu məsələ hesabat zamanı da müzakirə edilə
bilər".