Ana səhifə İqtisadiyyat |
SOCAR Gürcüstan kəndlərinin qazlaşdırılması siyasətini davam etdirir.
Şirkətdən Axar.az-a verilən məlumata görə, Gürcüstanın Zemo və Kvemo Nikozi, Zemo Hviti və Erqneti kəndlərinin qazla təchizatına başlanılması münasibəti ilə mərasim keçirilib.
Mərasimdə Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxi Kaladze, Şida Kartli regionunun qubernatoru Zurab Rusişvili, Qori bələdiyyəsinin rəhbəri David Oniaşvili, "SOCAR Georgia Gas" şirkətinin direktoru Azər Məmmədov, Gürcüstan qaz nəqliyyatı şirkətinin baş direktoru Mamuka Kobaxidze iştirak edib. Energetika naziri və şirkət rəhbərləri Zemo Nikozi kəndinin mərkəzində rəmzi məşəli alovlandırıb.
Məlumatda bildirilir ki, kəndlərin qazla təchizatı üçün 24 kilometr uzunluğunda orta təzyiqli kəmər çəkilib, hər bir kənddə paylayıcı şəbəkə yaradılıb. 4 kənddə 1051 ailə qazla təmin olunub, hər bir evdə sayğac qurulub. Qazlaşdırma işlərini Gürcüstan qaz nəqliyyatı şirkəti həyata keçirib. "SOCAR Georgia Gas" şirkəti yeni abonentlərin paylayıcı şəbəkəyə qoşulması üçün montaj işlərini davam etdirir.
2014-cü ildən həyata keçirilən dövlət proqramı çərçivəsində Qori bələdiyyəsində 33 kənd qazla təmin olunub. Layihəyə dövlət büdcəsindən 19 milyon lari pul ayrılıb. Qori, Kareli, Kaspi, Xaşuri və Zuqdidi bələdiyyələrində 58 kəndin qazla təchizatı üçün tikinti işləri davam edir. Tikinti işləri başa çatdıqdan sonra burada 13 min ailə qazla təmin olunacaq.
Tarix
2015.03.05 / 19:15
|
Müəllif
İlham Sahiloğlu
|