Ana səhifə Kult |
Günəşin qatilləri
III epizod
Mütəşəkkil şəkildə səfərbər olunub uşaqların üstünə hücum cəkmək də kütlənin sevdiyi rutinlərdəndir!..
Özünüzü bilmədən, görmədən başqalarını hədəfə almağınızda, xüsusilə yaşca kiçikləri, əslində isə özünüzdən zəifləri küncə sıxışdırmağınızda, sonradan “çəkilən əziyyətin bəhrəsini dada-dada” qalib görkəmdə balalarınızın yanına tələsməyinizdə gizli mazoxizm elementləri var – aşkar şəkildə evlərinizə daşıdığınız!..
Nə vaxtsa dərslərimin birində uşaqlara çiynimdə oturmuş mələklər haqqında danışmışdım. Xeyiri və şəri dəstəkləyən iki mələkdən, görəsən, hansı daha güclüdür?! Sualım ritorik deyildi. Kürsüdə müəllimdən çox, tabeliyindəki əsgərlərdən dəstək uman komandir kimi dayanmışdım – döyüşöncəsi...
Hər tərəf qatı dumana bürünmüşdü. Göz-gözü görmürdü. Ən böyük vəzifəm inam və şübhə, cəsarət və qorxu məngənəsində çırpınan şəxsi heyətin mənəvi koordinatlarını – kimin hansı səngərdən boylandığını müəyyənləşdirmək idi.
Qazanacağımız qələbənin taleyi həll olunurdu. Bir azdan mərmilərin dolu kimi yağacağı yerdə!..
Üz-üzə, göz-gözə dayanıb irəlidə bizi nə gözlədiyini düşünə-düşünə geriyə – öz içimizə çəkilmişdik: soyuq ağılın və ehtiraslı cəsarətin tutaşdığı iki qütbə. Yox, o bizi bir-birimizin düşməninə çevirməmişdi, amma bir-birimizin qatilinə çevirə bilərdi. Göz qırpımında! An içində! Döyuşöncəsi itirilmiş şansın, qaçırılmış fürsətin amansız savaşı hələ danışan-düşünən, kədərlənən-gülən qurbanları ilə sənə, hər şeydən öncə, sərt qanunlarını – soyuq cəbhəsini xatırladır: həyat təcrübəsi və təcrübəsiz həyat! Bir cinahında bildiklərinin dostu, digərində bilmədiklərinin düşməni! İndi gəl hazırlıqsız uşaqları arxanca daşı, taleyin ümidinə burax, odun-alovun içinə at...
Heç bilirsiniz, yanlış əməliyyat planına görə əsgərlərini qırğına verdiyini son anda anlayan, amma geriyə çəkilməyi heç ağlının ucundan da keçirməyən nə qədər komandir tanıyıram? Onların ruhunu incitmək istəmirsizsə, nə qanunlar haqqında düşünün, nə də məhkəmə hökmləri. Döyüş meydanında yalnız bir hakim var – VİCDAN! Əgər diridirsə!..
Əgər onu da bığ yeri təzəcə tərləyən uşaqlar kimi qırğına verməmisənsə, öldür(t)məmisənsə, geriyə yolun qalmayıb, demək. Səni irəli daşıyan son qərarın isə dünya durduqca xarakterin, ləyaqətin, insanlığın xilaskarını xatırladacaq. Və iki daşın arasında ölümü həyata aparan əbədiyyətdən başqa seçim qoymayacaq – daha fərqi yoxdur, ya köksünə sıxılan güllə olsun, ya da gicgahına sıxdığın!..
Onsuz da heç bir döyüş itkisiz ötüşmür. Canına hopdurduğu adamlardan öz borcunu necə və nə vaxt alacağı sirdir amma. Çoxdan unutduğun, yolunu gözləmədiyin köhnə tanışınla, bəlkə, yapışmağa saman çöpü axtara-axtara dilin ağzında qovrulanda rastlaşacaqsan?! Bəlkə, günəşli bir yaz səhərində, daşın-torpağın oyandığı vaxtda, ürəyin bahar çiçəyi kimi açılanda qapını döyəcək?!. Allah bilir. Amma sən onu heç vaxt arzulamayacaqsan, çünki necə və nə vaxt gələcəyi qorxulu sirdir – həm ölüm kimi, həm də ölümdən betər!..
Çünki onun qələbəsi də məğlubiyyəti qədər amansızdır!..
Çünki o yalnız səndə deyil. O, səndən əvvəldə də var, səndən sonrada da!..
İndi mən həm öz gözlərimlə gördüyüm, həm də bitməyən savaş tarixinin tez-tez xatırlatdığı həqiqətimi bilə-bilə, onlardan hansı üzlə gizlədim, necə dilə gətirim: müharibə dövrünün uşaqları müharibə dövrünün əsgərlərindən daha az yaşayır, daha çox ölür...
İnsanın vətəni düşüncələrinin yurd saldığı yerdir. Onu qolundan yapışıb zorla hara istəsən, daşıya bilərsən, amma ruhunu kök atdığı torpaqdan qopara bilməzsən. Mən hələ sağlam ağılın və məntiqin yedəyindəki həqiqətlərdən söz açmıram: adamı şaxta kimi kəsir, daim ocaq başına – isinməyə tələsən toplumdan ayırır. Və sən ən ağır anlarını kütlədən kənarda, kütlə ilə üz-üzə dayananda yaşayırsan – tək-tənha, üşüyə-üşüyə, dona-dona. Azacıq yumşalan kimi tərəddüdlərin quduz canavara dönüb üstünə şığıyır, üzünə qıcanır: görəsən, hamıdan irəlidə addımladığın yerdə hamıdan geridə qalmamısan ki?!.
Söhbət fərdi məğlubiyyətlərimizdən getmir. Onsuz da uduzmaqdan qorxanların nə silahı olur, nə də səngəri. Biz sizinlə müharibənin tən ortasında – “rəsm qalereyasındayıq”. Mərmilərin torpaqda çəkdiyi gözsüz bəbəyə bənzər çuxurlarla bir sırada; qəlpələri ilə milyonlarla insanın həyatına bəzən bir, bəzən daha çox nöqtə qoyduğu yerdə. Müharibə yalnız sözlərin mənasını dəyişmir, fərqli notları ilə durğu işarələrinin də sırasını pozur. Onun öz fonetikası, öz orfoqrafik qanunları var. Burada ən etibarlı müəllimlərimiz rəqiblərimizdir. Kürəyimizdəki çapıq izlərinin – həyatdakı uğurlarımızın yönünü və yerini tanıdan xəritəmizin müəllifləri. Kompasları heç vaxt yalan danışmır...
Amma yenə də gözlənilməz sualın gözlənilən cavabına hazır deyildim. Uşaqların qütbundə soyuq ağılı və məntiqi şəkilləndirən koordinatlar tarazlığı açıq-aşkar pozurdu. Gələcəyin bizdən çox onlara aid olduğunu – mürəkkəb situasiyalarda yardıma tələsmək, ən azı məsləhət vermək fürsətinin arxada qaldığını düşünmək ciddi məsuliyyət yaradır: zaman səni öz baqajına yükləyənədək sənin komandanda heç kim üzməyi öyrənmədən gəmini tərk etməməlidir...
İrəlidə yeni və fərqli heyətlə yaşanacaq rol gözləmələri, görəsən, onları hansı sürprizlərlə qarşılayacaq?! Öz fikrini – mövqeyini dolğun şəkildə ifadə etmək və qorumaq bacarığına hələ də tam yiyələnməyən bir nəslin bədən dili – “orqanlarının nitqi” özgürlüyünü, özəl notlarını və o notların ahəngini tapa, ritmini tuta biləcəkmi?! Bu gün sənin və səndən başqa yüz minlərlə insanın müəllifliyi ilə birgə yaradıcılıq məhsulu kimi bəstələnən hafizə klipləri sabah öz sahibinə axı neçənci mərtəbəni göstərəcək?! Onları da xaric səsləri normaya çevirən və həyata sırıyan milyardların kapellasına qatmayacaq ki?! Və biz daha bir yüz il də ancaq Üzeyir Hacıbəylidən, Qara Qarayevdən, Baxdan, Bethovendən... danışmalı olacağıq?!
Suallarımın hamıdan qabaq və hamıdan çox özümə ünvanlandığını, məni küncə sıxışdırdığını və ağır taxtalı obrazlarla üz-üzə buraxdığını qırmızı hərflərlə vurğulayıram – şərhsiz və şərtsiz. Nə ayrı-ayrı fərdlərin, nə də xalqın adından danışmaq səlahiyyəti daşıya biləcəyim yük deyil. Verdiyim sualın məsuliyyəti altında dizlərimin titrədiyini, ürəyimin əsdiyini, öz öhdəmdən zorla gəldiyimi də gizlətmirəm...
Nə yaxşı ki, ilk cavablar araya çökmüş dərin və üzücü sükutdan gəldi. Və məni kürək-kürəyə söykəmiş, sevgi və mərhəmət hissindən məhrum adamların toplaşdığı məkana – tünlüyə apardı.
Gördüklərimin – naturanın rəsmini hələlik yalnız qrafik üslubda – qara qələmlə çəkəcəyəm. Burada onsuz da kəskin rəng qıtlığı yaşanır. Və tez-tez and içilir: Allah haqqı. Ən çox eşitdiyim sualın da ünvanı eynidir: Allaha inanırsanmı? Mənim inanıb-inanmamaq məsələm yüz yol, min yol öz-özümdən soruşduğum və hər dəfəsində doğruçuluq, sevgi, mərhəmət... adlı duyğularımın baş qəhrəmanı kimi obrazlaşdırıb çiyninə yüklədiyim illərimə, indimdən çox, keçmişimə aiddir. Mənim gerçəyimin mənim həyatımı az qala hər gün fırtınalı dənizə çevirən və azman dalğaları ilə qayalara – öz həqiqətinə çırpan bir sualı var ancaq: Bəs Allah necə, Allah sənə inanırmı?!.
Nə qədər təhlükəli bir məkana düşdüyünü üzünə ağaran dişlər par-par parıldayan cəllad baltasını xatırladanda anlayırsan. Sevgi və mərhəmət hissini asta-asta itirən hər kəs öz içində bir qatil böyüdür, öz içində kiçilə-kiçilə. Ən çox sevdiyi iş öldürmək, ən çox qorxduğu isə ölümdür! Neynəsin, axı heç vaxt ölməyəcəyindən xəbərsizdir. Hər gün həyatın verdiklərini itirə-itirə, hər gün həyata verəcəklərini də tükətdiyini axı haradan bilsin?!..
Həyat belə adamları öldürmür! Torpağa tüpürür!..
Tarix
2025.02.04 / 07:00
|
Müəllif
İbrahim Rüstəmli
|