"Zərərçəkmişlərə dəymiş ziyan ödənilmədən məhkumun
vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Bakı Apelyasiya
Məhkəməsinin qərarı düzgün deyil".
Bu sözləri Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Elçin
Behbudov 81 nəfərin ümumilikdə 38 milyon manatını mıənimsəməkdə
təqsirləndirilənlərdən biri olan "Texnikabank" ASC-nin Bakı
filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun
vaxtından əvvəl azadlığa çıxmasına münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, burada zərərçəkmişlərə
ödənilməyən külli miqdarda ziyandan söhbət gedir:
"Ziyanı ödəməyən məhkum necə azadlıqda gəzir? Apelyasiya
məhkəməsinin belə qərarı qanuna sığmır. Bu işdə zərərçəkmişlər
qərar çıxaran hakimdən Məhkəmə Hüquq Şurasına şikayət edə bilərlər.
Çünki hakim düzgün olmayan qərar qəbul edib".
Elçin Behbudov əlavə edib ki, hər bir məhkumun məhkəməyə
müraciət etmək hüququ var:
"Amma məhkəmə həmin hüquqları araşdırmalı və sonra qərar qəbul
etməlidir. Mən respublikanın polis idarələrində monitorinq
keçirirəm. Cinayət törədənlərin 90 faizi dələduzluq əməlinə görə
həbs edilənlər, yerdə qalanlar isə narkotik və oğurluqda mühakimə
olunanlardır. Cinayət Məcəlləsinin 178-ci maddəsinin birinci bəndi
ilə mühakimə olunan məhkum cəzasının çəkilməmiş hissəsini azadlıqda
çəkməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Amma bu müraciət
düzgün araşdırılmalıdır. Çünki ortada zərərçəkmişlərə dəymiş
ziyanın ödənilməməsi var. Hakim bu faktı nəzərə almalıdır. Əgər iş
üzrə ziyanın yarısı ödənilsə, bu, cəzanın yüngülləşdirilməsi üçün
nəzərə alına bilər. Yox, ümumiyyətlə ziyan ödənilmədiyi halda
məhkuma güzəştin getməsindən belə söhbət gedə bilməz".
Vəkillər Kollegiyasının üzvü Samir İsayevin sözlərinə görə,
əksər hallarda dələduzluq əməllərində cinayət tərkibi olmur:
"Amma Azərbaycanda kobud dələduzluq faktları ortaya çıxır və
həmin şəxslərə də məhkəmənin qərarı ilə cəza verilir. Amma
araşdırma zamanı müəyyən olunur ki, dələduzluq edən şəxslə
zərərçəkmiş şəxs arasında qarşılıqlı öhdəlik yoxdur. Azərbaycanda
Vəkillər Kollegiyası fəaliyyət göstərir və bu kollegiyanın da
nüfuzlu üzvləri var. Amma belə hallarda heç bir vətəndaş
kollegiyanın üzvləri ilə münasibət saxlamır və onlardan hüquqi
yardım almır. Əgər vətəndaş hüquqi yardım almaqla iş görsə, o,
dələduzluqla üzləşə bilməz".
Samir İsayev qeyd edib ki, hər bir məhkumun vaxtından əvvəl
azadlığa çıxması və cəza çəkmə yerində rejimi dəyişmək üçün müvafiq
instasiyalara müraciət etmək hüququ var:
"Burada məhkumun davranışı və həbsxanada kütləvi tədbirlərdə
fəal iştirak etməsi nəzərə alınır. Həbsxanada dələduzluq edən şəxs
də islah oluna bilər. Onun da həbsxana rejimini dəyişmək hüququ
var. Məhkəmə dövlətin adından qərar qəbul edir. Həmin qərardan
tərəflərin şikayət vermək hüququ var. Bakı Apelyasiya Məhkəməsinin
qərarından iş üzrə zərərçəkmişlər Ali Məhkəməyə kassasiya şikayəti
verə bilərlər. Ali Məhkəmə qərarı qüvvədə saxlasa, həmin qərar
qanuni qüvvəsinə minir. Bu zaman məhkəmənin qərarı şərh oluna
bilməz".
Vəkil Altay Muradov bildirib ki, məhkumun cəza rejiminin
dəyişdirilməsi və yaxud vaxtından əvvəl şərti azadlığa buraxılması
üçün məhkəmənin qərar vermək səlahiyyəti var: "Amma iş üzrə
zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmədiyi halda məhkəmə məhkum
ərizəsinə baxarkən, həmin faktı nəzərə almalıdır. Məhkəmə
zərərçəkmiş şəxslərin ziyanını ödənilməsi qərarda
əsaslandırmalıdır. İş üzrə zərərçəkmiş və mülki iddiaçıların
mənafeyi məhkəmə tərəfindən müəyyənləşdirilməli və bundan sonra
qərar qəbul edilməlidir. Məhkum azadlığa buraxıldığı halda
zərərçəkən və mülki iddiaçının mülki qaydada məhkəməyə müraciət
edərək pulunu tələb edə bilər. Məhkəmənin qərarını məhkum icra
etmədiyi halda yenidən onun barəsində cinayət işinin başlanması
qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir".
Altay Muradov deyib ki, apelyasiya instansiyasının qərarı
qüvvəyə minəndən sonra məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı
ödəyə bilər:
"Bunun üçün də müddət müəyyən edilir. Həmin müddətdə tərəf
şikayət etməsə, müsadirə olunan mülklərin satılması üçün icraya
yönəlir. Bunu apelyasiya instansiyasının hakimləri də, birinci
məhkəmə instansiyasının hakimləri də müəyyən edə bilər. Apelyasiya
şikayətinin verilməsi üçün uzun müddət də gözləməyə əsas yoxdur.
Bir neçə ay keçəndən sonra şikayət verilmədiyi halda iş üzrə
müsadirə olunan əmlaklar icraya yönəlir. Hakim uzun müddət gözləyə
bilməz ki, tərəf şikayət versin".
Hüquqşünas Əli Hüseynov bildirib ki, zərərçəkmiş şəxsin ziyanı
ödənilmədən məhkumun vaxtından əvvəl azadlığa buraxılması üçün
əsasların olmaması birbaşa qanunda göstərilməyib:
"Amma praktikada ədalət mühakiməsinin prinsipi var. Bu işdə 81
nəfər zərərçəkmiş, 38 milyon manat ziyan var. Buna baxmayaraq,
məhkəmə məhkumu açıq-aşkar azadlığa buraxıb. Hesab edirəm ki,
məhkəmənin bu qərarı ədalətli hesab edilə bilməz. Məhkəmə 38 milyon
manatın harada basdırılmasını müəyyən etməli idi. Eyni zamanda
80-dən çox zərərçəkmişin küçələrdə mələr qalmasını nəzərə alsaq,
məhkəmə ədalətli qərar çıxarmayıb. İş üzrə 38 milyon manat ziyanın
ödənilmədiyi halda məhkumun islah olunmasından söhbət gedə bilməz.
Məhkəmənin bu qərarını ədalətli hesab etmirəm".
Qeyd edək ki, Zal Yusifovun oğlundan əlavə cinayət işi üzrə
təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb.
Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya
Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan
sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz
Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib.
Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün
əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat
verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan
Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı
şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin
məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması
barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün
apelyasiya instansiyasına qaytarılıb.
Bu dəfə mülklərlə bağlı şikayətə Bakı Apelyasiya Məhkəməsinin
hakimi Sahibxan Mirzəyev baxıb. Hakim zərərçəkmişlərə dəymiş
ziyanın həmin mülklərin satılması ilə tutulmasını nəzərə alıb və bu
səbəbdən Zal Yusifovun iddiası təmin edilməyib.
İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir
müddət əvvəl Xəzər Rayon Məhkəməsinə müraciət edib. İslam Yusifovun
cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli
cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon
Məhkəməsində baxılıb və təmin edilməyib. Amma apelyasiya
instansiyasında işə baxan hakim İlqar Murquzov məhkumun ərizəsinin
təmin edilməsi ilə bağlı qərar qəbul edib.
İslam Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il
tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O,
cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli
cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini
istəyib.
İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə
mühakimə olunub. İstintaq sənədlərinə görə, "Texnikabank" Bakı
filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə
cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38
milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı
müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.
Birinci məhkəmə instansiyası Zal Yusifovun oğlu İslam Yusifovu
atası ilə birlikdə əlbir olmaqda ittiham edib.
Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal
Yusifov vətəndaşlardan dələduzluq yolu ilə aldığı pullarda oğlu da
iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan
ödənilməyib.