"Bu trendin formalaşması
ABŞ-ın Federal Rezerv Sisteminin yaxın gələcəkdə ölkə daxilində
uçot dərəcəsini artırması və dolların daxili bazarla yanaşı, dünya
üçün çıxışlarının bahalaşmasına gətirib çıxaracaq addımı ilə izah
oluna bilər".
Bu barədə Axar.az-a dolların hazırda dünyanın bir çox
ölkələrində trendə çevrilməsi ilə bağlı açıqlamasında iqtisadçı
ekspert Natiq Cəfərli bildirib. O, bahalaşmanın davamlı olacağı
qənaətindədir:
"FRS yaxın gələcəkdə, ola bilsin iyunda, ən geci isə sentyabrda
uçot dərəcəsini 0,25 və yaxud 0,50 faiz qaldırmağı düşünür. Bu isə
dolların bütün dünyada bahalaşması ilə nəticələnəcək. Bu
gözləntilərlə dünya qiymətli kağızlar və valyuta birjaları dolların
indidən sürətlə bahalaşmasına start verib. İkinci səbəb isə Avropa
Mərkəzi İnkişaf Bankının apardığı siyasət nəticəsində avronun
məzənnəsinin bilərəkdən aşağı salınması ilə Avrozonada ixracat
potensialının artırılması ilə bağlıdır. Bu da təbii olaraq dolların
qiymətinin qalxması ilə nəticələnir".
Ekspert bildirib ki, bəzi ölkələrdə bu bahalaşma onların öz
daxili səbəbləri ilə izah olunur:
"Türkiyədə dolların ən yüksək həddə çatması beynəlxalq aləmdə
baş verən hadisələrlə paralel, Ankaranın daxili problemlərindən
qaynaqlanır. Yaxın iki ayda Türkiyədə seçki olacaq. Nəticələri
indidən proqnozlaşdırmaq mümkün olmadığından və ölkədə son 12 ildə
iqtisadiyyata rəhbərlik edən bir neçə nazirin artıq növbəti
seçkilərdə namizəd ola bilməməsi və iqtisadi blokun yeni şəxslərlə
əvəzlənməsi səbəbindən bir az qeyri-müəyyənlik yaranıb. Bu isə türk
lirəsinə ciddi şəkildə basqıdır. Qlobal aləmdə dolların bahalaşma
trendi davamlı olacaq. FRS uçot dərəcəsini qaldırdıqdan sonra bu
proses sürətlənəcək. Hətta bir çox ekspertlərin gözləntiləri ondan
ibarətdir ki, bu ilin sonuna qədər 1avro 1 dollarla bərabərləşəcək.
Bu isə dolların bütün digər valyutalara nisbətən dəyərini daha da
artması ilə nəticələnəcək".