Qeyri-neft sektorunun gücləndirilməsi ölkə
iqtisadiyyatının inkişafının prioritet istiqamətidir. Sahibkarlıq
isə qeyri-neft sektorunun inkişafının aparıcı
qüvvəsidir.
AzərTac xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazir
bildirib ki, bu baxımdan Prezident İlham Əliyev tərəfindən
sahibkarlığın inkişafı və biznes mühitinin daha da
yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılıb.
Ümumiyyətlə, Azərbaycan Prezidenti sahibkarlığın inkişafına böyük
diqqətlə yanaşır.
"Oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən bu
istiqamətdə növbəti qərarlar qəbul edilib. Bunlardan birincisi
sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı qəbul olunan
qərardır. Dövlət başçısı qanunvericilik təşəbbüsü göstərərək Milli
Məclisə qanun layihəsi göndərib. Bu gün Milli Məclisdə həmin qanun
layihəsi qəbul edilib. Layihənin mahiyyəti sahibkarlıq
subyektlərində bu il noyabrın 1-dən iki il müddətinə aparılan
yoxlamaların dayandırılmasıdır. Yəni, noyabrın 1-dən sonra iki il
müddətinə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılacaq.
İkincisi isə xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının
sadələşdirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı
Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmandır. Bu Fərmana
uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye
Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə veriləcək. Dövlət
başçısı tərəfindən göstəriş verilib ki, bir ay ərzində bu
lisenziyaların verilməsi qaydaları sadələşdirilsin. Beləliklə, həm
lisenziyaların sayı kəskin şəkildə azalacaq, həm də verilmə
prosedurları əhəmiyyətli dərəcədə azalacaq.