Parisdə doğulub-böyümüş və İsveçrədə Les Roçesda təhsil
almış italyan Teodor Çaroy Londonun ən gənc milyonçularından
biridir. "For Sizıns" otelində "Beynəlxalq biznesi necə qurmalı?"
mövzusu ilə çıxış edən gənc iş adamı suallarımızı
cavablandırıb.
Məşhur italyan milyonçu Teodor Çaroyun Axar.az-a verdiyi
müsahibəni təqdim edirik:
Xəyal qurmağı bacarmaq lazımdır
– Dünyada beynəlxalq biznes sahəsində uğur qazanan ən
gənc varlılardan birisiniz. Uğurunuzun sirri nədədir?
– Uğurumun sirri iddialı, realist deyil, xəyalpərəst, romantik
olmağımdadır. Hər şeydən əvvəl planlaşdırmağı deyil, xəyal qurmağı
bacarmaq lazımdır.
– Demək istəyirsiniz ki, bütün qazandıqlarınızı
təxəyyülünüzə borclusunuz?
– Elədir ki var. Hər şeydən əvvəl hirsi və qətiyyəti kənara
qoyub, gülümsəyərək arzulamaq lazımdır.
– Bildiyimə görə, hazırda sahib olduğunuz biznesdə ailə
üzvlərinizin və yaxınlarınızın sizə heç bir köməyi olmayıb. Necə
başladınız?
– Bilirsiniz, məsələ burasındadır ki, hazırda biznes qurucuları
quracaqları biznesin planını tələm-tələsik bir aya həll edib, işə
başlayırlar. Mən isə layihəmi bir ilə hazırlamışam, 365 gün
düşünmüşəm. Yalnız bir ildən sonra layihəmi dəstəkləyəcək insanlar
axtarmağa başlamışam.
Uğurun sirri işini sevməkdədir
– Söhbət maliyyə dəstəyindən gedir?
– Gülməlisi də odur ki, maliyyə dəstəyi axtarmaq ən son
görüləcək işdir. Əlbəttə, bu sənin biznesinin istiqamətindən də
asılıdır, amma əvvəlcə layihəyə mütəxəssisləri cəlb etmək
şərtdir.
– Yanılmıramsa, sizin beynəlxalq biznesiniz restoran
şəbəkələrindən ibarətdir. Müasir dünyada sözügedən şəbəkədə bu
qədər ciddi rəqabət olduğu halda öz təklifinizi necə
bəyəndirdiniz?
– Uğurun sirri işini sevməkdə, ona inanmaqda və ətrafına – böyük
hərflərlə qeyd edirəm - bu sahənin mütəxəssislərini cəlb
etməkdir.
– Bütün bu dediyiniz proses nə qədər vaxtınızı
aldı?
– Dizaynerlərin, arxitektorların, sponsorların, ixtisaslaşmış
mütəxəssislərin, veb-sayt professionallarının, PR menecerlərin cəlb
olunması və işə qoyulması 8 ayımı aldı. Apreldə işə başladıq,
yanvarda isə artıq müştərilərə xidmət göstərməyə hazır idik.
İnsanlara yalanı bir ildən çox sata
bilməzsən
– Şəbəkələrinizin digər alternativlərdən üstün cəhəti
nədən ibarətdir?
– Əgər seçdiyiniz sektor xidmət sektorudursa, siz empati ilə
yaşamağa məcbursunuz. Məkana daxil olduqda nələri görmək, hansı
personalla qarşılaşmaq, hansı qablarda nahar etmək və nə yemək
istəyərdinizsə, seçiminizi bunların üzərində qurmalısınız. Mənim
beynəlxalq biznesimin sirri onun həddən artıq təbii və səmimi
olmasındadır. İnsanlara yalanı bir ildən çox sata bilməzsən.
– Ölkəmizdə "For Sizıns" otelində fəxri qonaq kimi
gənclərin önündə çıxış etdiniz. Azərbaycanlılarla ünsiyyət sizdə nə
təəssürat oyatdı?
– Bilmirəm, bu yaxşıdır, ya pis, amma mənə verilən suallardan və
konfransdan sonra mənə yaxınlaşan gənclərin söhbətlərindən gəldiyim
nəticə budur ki, sizin xalqınız olduqca sadəlövhdür.
– Elə bir sual oldu ki, marağınızı cəlb
etsin?
– Əlbəttə! Konfransdan sonra mənə yaxınlaşıb, evli
olub-olmadığımı soruşan xanımın sualı məni çox güldürdü.
İçərişəhər məni valeh etdi
– Bakının ən məşhur yerlərini gəzdiniz. Paytaxt haqqında
müəyyən təsəvvürünüz yarandımı?
– Düzü, bunu demək nə dərəcədə doğrudur, bilmirəm, amma
biznesmenlərinizin qeyri-peşəkar olduğu qənaətindəyəm.
– Bu iddianızı nə ilə əsaslandırarsınız?
– Ətrafınıza baxın. İki-üç saat ərzində onlarla bağlanmış
restoran, mağaza, market önündən keçdik. Əgər sahibkarlarınız
professional olsaydı, onlar uğursuzluğa düçar olmazdı.
– Paytaxt haqqında yaranan yeganə təsəvvürünüz
budur?
– Əlbəttə yox. Şəhəriniz həddən artıq gözəldir. Bakının mərkəzi
küçələri Avropanın ən öndəgedən paytaxtları ilə müqayisə olunacaq
səviyyədədir. Sizə sual vermək istərdim ki, digər bölgələriniz də
bu qədər mükəmməldirmi? İçərişəhər adlandırdığınız tarixi məkan və
oranın özünəməxsus mədəniyyəti valehedicidir. Hətta mən oradan ailə
üzvlərim üçün dünyanın heç bir yerində tapa bilməyəcəyimə inandığım
hədiyyələr aldım.
Uğur qazanmaq sizin öz əlinizdədir
– Maraqlıdır, hədiyyə seçimləriniz nədən ibarət
oldu?
– Bir neçə tarixi xalça, bacılarım üçün şərf və bir neçə
aksesuar.
– Son olaraq, öz biznesini qurmaq istəyən gənclərə hansı
tövsiyəni verə bilərsiniz?
– Mənim yeganə tövsiyəm o ola bilər ki, arzulamaqdan qorxmayın.
Ağlınıza gələ bilməyəcək dərəcədə böyük uğurlar qazanmaq sizin öz
əlinizdədir. Azərbaycan gəncliyinə demək istəyirəm ki,
müasirlərinin səhvlərini təkrarlayıb tələskənlik etməsinlər.