Sabiq maliyyə naziri Əvəz
Ələkbərova yeni vəzifə verilib.
Ə.Ələkbərov yeni vəzifəsi ilə bağlı modern.az saytının suallarını
cavablandırıb.
- Əvəz müəllim, yeni vəzifədə işə başladığınız
doğrudurmu?
- Bəli doğrudur. Təhsil bizim gələcəyimizdir. Bu sahənin
inkişafı perspektivimiz üçün yaxşı təminat deməkdir. Pratika,
təhsil və elmin birgə nəticələri daha böyük effekt verir. Cənab
prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük
islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik sistemi
yaranır.
Bu işlərdə biliyimi, bacarığımı tələbələrə çatdıra bilərəmsə bu,
çox gözəl olar. Həm də müəllim sözü xalqımız tərəfindən həmişə
böyük iftixarla qiymətləndirilib.
- Bilmək olarmı, yeni işiniz nədən
ibarətdir?
- Əlbəttə. Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı
var: "Rəhbərlik etmək, yəni adamları öyrətmək və təcrübələndirmək
üçün gərək mənəvi haqqın olsun".
Azərbaycan Dövlət İqtisad Universiteti mənim məzun olduğum ali
məktəb ocağıdır. Həm də adını çəkdiyim universitetlə, görkəmli
alimlərlə daim əlaqələr qurmuşam. Həmçinin, 2008-ci ildə iqtisad
elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişəm. 40-dan
çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifiyəm.
Yeni işimin nədən ibarət olmasına gəlincə, deyə bilərəm ki,
Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsini
icra edəcəm. Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən
bu işə dəvət olundum. 3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank
işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları
kafedrası yaradılıb.
Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33
elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var.
- Yeni işlərinizdə sizə uğurlar arzulayırıq. Bəs yeni
işinizlə bağlı hansı ümidləriniz var?
-Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni
adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini
artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin
keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini
yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak
etmək...
Bir sözlə, universitetdə olduqca uğurlu, gözəl işlər gedir.
Həmçinin, çalışacağam ki, rektorluğa yaxından kömək etməklə, təhsil
islahatlarının həyata keçirilməsində töhfəmizi əsirgəməyək.
Ölkəmizdə cənab prezident İlham Əliyevin rəhbərliyi altında
böyük islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik
sistemi yaranır. Bu islahatlardan kənarda qalmaq və iştirakçı
olmamaq mümkün deyil.