Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
dəstəyi, Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın
"Confidence Capital" şirkətinin birgə təşkilatçılığı ilə Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan SOCAR "Xəzər
və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" 4
günlük beynəlxalq paktiki konfrans başlayıb.
Report xəbər
verir ki, konfransa 19 ölkədən 70 nəfər mütəxəssis və ekspert,
Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən
artıq iştirakçı qatılıb.
Bugünkü plenar iclasda dövlət və hökumət nümayəndələri, SOCAR, o
cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət
vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan
şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş
ekspertlər iştirak edirlər.
Konfrans işini 9 sessiyada müxtəlif mövzular üzrə davam
etdirəcək. "Azərbaycanın neft və kimya sənaye sahələrinin
inkişafının müasir tendensiyaları", "Neft-qaz bazarının və Mərkəzi
Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı", "Enerji
daşıyıcıları ilə təminat üçün logistika koridorlarının vəziyyəti və
inkişaf perspektivlərinin qiymətləndirilməsi", "Regionun qaz
bazarı", "Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin
icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac", "Regionda
neft və neft məhsulları ticarətinin praktiki aspektləri",
"Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı",
"Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və
neft-kimya sahələrinin inkişafı", "Ən yeni texnologiyalar və
istehsalın səmərəsinin artırılması" mövzuları üzrə sessiyalarda
müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Konfrans çərçivəsində xarici mütəxəssislər üçün SOCAR-ın
istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.
Konfransın açışılında çıxış edən Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft
staretgiyasını uğurla təbliğ etmək, konfransın əhatə etdiyi
mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın
inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndləri arasında
əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq
tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin
etmək olduğunu qeyd edib.