Futbol üzrə Avropa çempionatı ərəfəsində Azərbaycan
Dövlət Neft Şirkəti (SOCAR) Parisdə Azərbaycanın Fransadakı
səfirliyi ilə birlikdə Fransa icra hakimiyyəti, ictimaiyyət
nümayəndələri və Fransa yığmasının məşhur futbolçularının iştirakı
ilə qəbul təşkil edib. Qəbulda SOCAR-ın çempionat çərçivəsində
keçirdiyi "Sən Də Öz İlk Addımını At" (Make Your Debut) ictimai
kampaniyası təqdim olunub.
Kampaniya zamanı SOCAR tərəfindən birgə baxış zonaları təşkil
olunacaq, eləcə də virtual reallıqda özünü debütant oyunçu kimi
hiss etmək imkanı veriləcək.
Axar.az SOCAR prezidenti Rövnəq Abdullayevin müsahibəsini təqdim
edir:
- Cənab Abdullayev, SOCAR-ın rəsmi tərəfdaşı olduğu
futbol üzrə Avropa Çempionatı başlayır. Bu əməkdaşlıqdan şirkət nə
kimi fayda əldə etmək niyyətindədir?
- Bildiyiniz kimi, UEFA və SOCAR arasında tərəfdaşlıq
müqaviləsinin imzalanması 2013-cü ildə elan olunub. Həmin
müqaviləyə əsasən, şirkətimiz milli komandalar arasında UEFA
yarışlarının, o cümlədən Fransada başlayacaq futbol üzrə Avropa
Çempionatının, onun seçmə matçlarının, 2018-ci il Dünya
Çempionatının Avropa üzrə təsnifat mərhələsinin rəsmi tərəfdaşı, bu
yaxınlarda ölkəmizdə keçirilən U-17 futbol üzrə Avropa
Çempionatının və bir sıra yarışların tərəfdaşı olub. SOCAR bu
müqaviləni imzalayaraq, Coca-Cola, Adidas, McDonald’s, Hyundai/Kia,
Continental, Orange, Turkish Airlines, Hisense və Carlsberg kimi
şirkətlərlə bir sırada dayanıb. Məqsədimizin qlobal enerji
şirkətinə çevrilmək olduğunu nəzərə alaraq, biz bu əməkdaşlığı
SOCAR-ın AÇ-2016 və bütün dünya azarkeşlərinin gözündə
premium-klass enerji brendi qismində beynəlxalq imicinin
artırılması üçün unikal platformanın yaradılması imkanı kimi
qiymətləndiririk.
- Siz qeyd etdiniz ki, SOCAR-ın qlobal ambisiyaları var.
Bu məqsədə nail olmağa nə qədər yaxınsınız?
- Əsas etibarilə, bu gün demək olar ki, SOCAR artıq
regionumuzdan kənara çıxıb. Tamamilə dövlətə məxsus olan milli
şirkət kimi qalaraq, SOCAR dünya miqyaslı beynəlxalq brendə
çevrilib. SOCAR-ın gəlirliyinin və biznesinin artması nəticə
etibailə dövlətin və deməli, ölkəmizin hər bir vətəndaşının
gəlirlərinə təsir göstərməsi onun inkişafındakı ən mühüm aspekt
olaraq qalır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, şirkətimizin
inkişafından gələn xeyiri yalnız Azərbaycan deyil, həm də çoxsaylı
iddialı layihələr həyata keçirdiyimiz Avropadakı tərəfdaşlarımız da
qazanacaq. SOCAR Avropaya enerji daşıyıcılarının marşrut və
mənbələrini diversifikasiya etməyə çalışır, bununla da Avropanın
enerji təhlükəsizliyinə böyük töhfə verir. Bu şəraitdə şirkət
Avropa auditoriyasının gözündə brend imicini qazanır.
- Yəni, məhz buna görə seçim qitənin ən məşhur idman
hadisələrindən biri olan Avropa Çempionatının üzərinə
düşüb?
- Şübhəsiz. Əlbəttə, SOCAR – idmanda təsadüfi qonaq deyil.
Şirkətimizin fəaliyyəti ilk növbədə, Azərbaycanda idmanın
uzunmüddətli dəstəklənməsinə əsaslanır. Bildiyiniz kimi, SOCAR
Azərbaycan Futbol Federasiyalar Assosiasiyası (AFFA) və Azərbaycan
Cüdo Federasiyasının sponsorudur. UEFA ilə tərəfdaşlıq müqaviləsinə
gəldikdə, korporativ sosial məsuliyyətlə yanaşı, şirkət brendinin
Avropada və dünyada təşviqi əsas əhəmiyyət kəsb edir. Biz əminik
ki, uzunmüddətli perspektivdə bu tərəfdaşlıq SOCAR-ın qlobal
imicinin formalaşmasına yardım edəcək, öz növbəsində, bizim
gəlirlərimizə təsir göstərəcək. Bu da, yuxarıda qeyd etdiyim kimi,
vətəndaşlarımıza faydalı olacaq.
- Aydınlıq gətirmək üçün bu layihələr haqqında bir az
danışa bilərsinizmi?
- Bilirsiniz, zaman keçdikcə, Azərbaycanın enerji
strategiyasının tarixi əhəmiyyəti daha aydın görünür. Bu gün
Avropada bir neçə iddialı layihənin hazırlanması prosesi davam
edir. Birincisi, qeyd etmək lazımdır ki, biz indi Azərbaycan
qazının Türkiyə və Avropaya nəqli üzrə "Cənub Qaz Dəhlizi"
layihəsini həyata keçirməyə başlamışıq. Həmçinin "Petkim"
neft-kimya kompleksinin müasirləşdirilməsi və Türkiyədə "STAR" neft
emalı zavodunun tikintisini, SOCAR-ın Gürcüstan, Ukrayna, Rumıniya,
İsveçrədə satış şəbəkələrinin yaradılmasını, Malta və
Yunanıstandakı layihələri də qeyd etmək olar. Bunların hamısı -
inkişafımızın strategiyasında xüsusi əhəmiyyət verilən Avropa
bazarlarına ekspansiyadır.
- Həmin layihələrin reallaşması hansı
səviyyədədir?
- Yuxarıda qeyd etdiyim "Cənub Qaz Dəhlizi" layihəsi təbii qazın
"Şahdəniz" yatağından Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP)
boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.
Yataqdan ilk qaz tədarükü 2018-ci ildə planlaşdırılır. "Cənub Qaz
Dəhlizi" - SOCAR-ın ən iri layihəsidir. Xəzər dənizindən Avropa
bazarlarına böyük həcmdə təbii qazın nəql edilməsinə imkan verəcək
və dəyəri 40 mlrd. dollardan çox təşkil edən bu layihə tikinti
prosesindədir. Layihənin tikintisinə 26 mindən çox insan cəlb
olunub. Türkiyə və Gürcüstanda tikinti qrafik üzrə gedir. Effektiv
əməkdaşlıq və dəyişmiş konyunktura sayəsində biz boru kəmərlərin
tikintisinin maya dəyərini azaltmağa nail olmuşuq. Belə ki, yalnız
TANAP boru kəmərinin tikintisində bu günə qədər 2 mlrd. dollardan
çox vəsaitə qənaət olunub. Bundan başqa, TAP-ın Yunanıstanda
tikintisi üçün bütün zəruri icazələr və razılaşmalar mövcuddur. Biz
həmçinin Albaniya hökumətinin böyük dəstəyini və onun "Cənub Qaz
Dəhlizi" çərçivəsində TAP layihəsinə bağlı olmasını yüksək
qiymətləndiririk. Bu marşrutun son nöqtəsi İtaliyadır və qarşıda
duran bütün məsələləri həll etmək, tərəqqi əldə etmək üçün biz
hökumət və tərəfdaşlarımızla işi sıx davam etdirməliyik.
Qısamüddətli perspektivdə biz "Cənub Qaz Dəhlizi" layihəsinin final
hissəsi olan TAP çərçivəsində bütün qalan müqavilə razılaşmalarının
imzalanmasını gözləyirik. Bu layihə Avropa İttifaqının enerji
siyasətinin ən əsas elementlərindən biridir, çün ki qarşıdan gələn
onilliklər ərzində Avropaya qaz tədarükünə töhvə verəcək. Bundan
başqa, bizim Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə böyük biznes
maraqlarımız var. Məlum olduğu kimi, biz İsveçrədə iki struktur –
SOCAR Trading və SOCAR Energy Switzerland ilə təmsil olunuruq.
Onlar bu ölkədəki fəaliyyətlərini effektiv şəkildə həyata
keçirirlər. "SOCAR Trading" Azərbaycan Dövlət Neft Şirkətinin
"Azəri-Çıraq-Günəşli" yatağından və Azərbaycanın digər
yataqlarından hasil olunan nefti satmaq hüququ olan marketinq
bölməsidir. Eyni zamanda, SOCAR Trading üçüncü tərəflərlə də öz
biznesini inkişaf etdirməyi bacarıb. Belə ticari əməliyyatların
həcmi onun dövriyyəsinin 50%-nə yaxınlaşır. Ümumilikdə, SOCAR
Trading şirkətinin 2007-ci ildən fəaliyyəti sayəsində ölkəmizin
büdcəsi 1.7-1.8 mlrd. dollar həcmində əlavə gəlir əldə edib.
"EssoSwitzerland" şirkətinin alınması və yanacaqdoldurma
stansiyalar şəbəkəsinin genişləndirilməsi nəticəsində SOCAR bütün
ölkədə "SOCAR Energy Switzerland" şirkəti tərəfindən effektiv idarə
olunan 158 stansiyaya sahib olub. Türkiyədə son 40 ildə tikilən ilk
neft emalı zavodu olacaq STAR zavodunun tikintisi üzərində bir
qədər ətraflı dayanmaq istəyirəm. Bu, həmçinin Türkiyənin ilk özəl
neft emalı zavodu olacaq, çünki yeganə mövcud neft emalı zavodu
dövlət tərəfindən hələ 1970-ci illərdə tikilib. 5.7 mlrd. dollar
həcmində sərmayə onu Türkiyə tarixində ayrıca layihə üçün qoyulan
ən iri sərmayə edir. Həmçinin BƏƏ, Sinqapur, Yunanıstan və
Maltadakı infrastruktur layihələrini də qeyd etmək lazımdır. Siz,
yəqin ki, Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru
olan DESFA şirkətinin alınması kimi mühüm layihə haqqında
xəbərdarsınız. Bu istiqamətdə iş davam etdirilir. Bizim fikrimizcə,
bu aktiv SOCAR-a öz investisiya portfelini şaxələndirməyə gözəl
imkan yaradacaq. Bundan əlavə, "SOCAR Trading" şirkəti - ENEMALTA
şirkətinə təbii qaz və elektrik enerjisinin tədarükü üçün tenderi
qazanan ElectroGasMalta konsorsiumunun üç səhmdarından biridir.
Həmin tenderə əsasən, tədarük 18 il ərzində həyata keçiriləcək, bu
da ada dövlətinə qaza keçməyə, qeyri-effektiv və ekologiyaya zərər
vuran neft borularından imtina etməyə imkan yaradacaq. Həmçinin
"SOCAR Trading" ElectroGasMalta şirkətinin eksklüziv maye qaz
tədarükçüsü kimi bu layihədə xüsusi rol oynayır. Məlum olduğu kimi,
bütün bu işlər beynəlxalq bazarlarda möhkəmlənmək və
karbohidrogenlərin nəqli, emalı və satışı üzrə əməliyyatların
(downstreamoperations) mövcud olan kəşfiyyat və hasil
əməliyyatlarına (upstreamoperations) əlavə olunması sayəsində
şirkətin gəlir potensialını qaldırmaq məqsədini daşıyır.
- Görünür, UEFA-da yuxarıda qeyd olunan tərəfdaşlığın
SOCAR-ın transmilli korporasiyaya çevrilməsi üzrə iddialı
layihələrinin həyata keçirilməsinə yardım edəcəyindən şübhə
etmirlər. Bu barədə müsahibələrin birində UEFA Events SA şirkətinin
marketinq direktoru Qay-Loran Epşteyn bildirib.
- Bu əməkdaşlıq formatından əldə etmək istədiyimiz nəticələrin
mahiyyətininin UEFA-da anlayışla qarşılanması faktı bizi
sevindirir. Sözsüz ki, qarşılıqlı anlaşma qarşıya qoyulan
məqsədlərə nail olmağa yardım edəcək. Bizim Avropa çempionatında
tərəfdaş qismində iştirakımız ümumilikdə Azərbaycana diqqətləri
cəlb edəcək. UEFA tarixində ilk dəfə tərəfdaş şirkət ölkənin adının
qeyd olunduğu şüar altında çıxış edəcək. Xatırladım ki, bizim
şüarımız belədir: "SOCAR - Azərbaycan Enerjisidir" (SOCAR - Energy
of Azerbaijan). Bundan başqa, Avropa Çempionatı matçlarının
keçirilməsi zaman biz Parisdə, Mars sahəsi və Azərbaycan Mədəniyyət
Mərkəzində matçların və tədbirlərin izlənməsi imkanı təşkil
edəcəyik. Bu imkanlar Fransa paytaxtının sakinləri və qonaqlarının
bizim ölkəmizə və mədəniyyətimizə marağını artıracaq. UEFA ilə
tərəfdaşlıq Avropa bazarına uzunmüddətli çıxış strategiyasının bir
hissəsidir. Bizim şirkətimiz 2012-ci ildən İsveçrənin Montre
şəhərində məşhur caz festivalının tərəfdaşıdır, bu da SOCAR-ın
biznesin inkişafına bağlı olmasını göstərməklə yanaşı beynəlxalq
mədəni layihələri dəstəkləyən şirkət imicini formalaşdırmağa kömək
edir. Bu tərəfdaşlıq dəfələrlə azərbaycanlı istedadlar üçün yol
açıb. Onlar nüfuzlu caz festivalına düşərək, qonaqlara Azərbaycanda
cazın zəngin ənənəsini nümayiş etdiriblər. SOCAR şirkəti həmçinin
2015-ci ildə Azərbaycanda yüksək səviyyədə keçirilən I Avropa
Oyunlarının rəsmi tərəfdaşı olub. Bu təcrübəni nəzərə alaraq, biz
UEFA ilə əməkdaşlığın da uğurlu olacağına əminik. Qeyd etmək
istəyirəm ki, UEFA tərəfdaşı kimi biz novator təşəbbüsü ilə çıxış
etməyə cəhd etmişik.
- Söhbət tərəfdaşlığın hansısa yeni formatından
gedir?
- Məhz belə. Məlum olduğu kimi, sosial məsuliyyətə xüsusi diqqət
ayıran şirkət kimi, biz idman, təhsil və ya yaradıcılıq kimi
müxtəlif sahələrdə gənc istedadları daim dəstəkləməyə çalışırıq.
Artıq uzun illərdir ki, biz ölkəmizdə və onun xaricində bu
məqsədlər üçün təqaüdlər ayırırıq. Misal kimi Bakı İstedadlar
Təhsil Kompleksi, Bakıdakı Fransız liseyi, Bakı Ali Neft Məktəbi,
SOCAR Yay məktəbi kimi layihələrin həyata keçirilməsi, xaricdə
təhsil üçün təqaüdlər, eləcə də konfrans, vorkşop, seminar və s.
keçirilməsi yolu ilə Azərbaycan və Avropa arasında qarşılıqlı
münasibətlərin inkişafına yardım edə biləcək "Azərbaycan tələbələri
şəbəkəsi" müstəqil qeyri-hökumət təşkilatının (Azerbaijan Students
Network) dəstəklənməsini göstərə bilərəm. Gənc istedadların
dəstəklənməsi siyasətinin davamı olaraq, biz 2016-cı il Avropa
Çempionatı çərçivəsində "Make your debut" ("Sən də öz ilk addımını
at") təşəbbüsü ilə çıxış etmək qərarına gəldik. Biz də UEFA
ailəsində bir növ debütant sayılırıq, buna görə də biz oyunçular,
azarkeşlər və Avropa Çempionatında ilk dəfə çıxış edən ölkələr də
daxil olmaqla, AVRO-2016 debütantlarını dəstəkləməliyik.
- Cənab Abdullayev, yerli azarkeşlər üçün Çempionatla
birbaşa bağlı yaxşı nə xəbərlər var?
- Sözsüz ki, ilk növbədə biz yerli azarkeşlər haqqında
düşünürük. İyunun 10-dan iyulun 10-na qədər şirkətimizin təşəbbüsü
ilə Bakı Olimpiya Stadionunun ərazisində xüsusi fan-zona
yaradılacaq və burada Çempionat matçlarının böyük ekranda izlənməsi
təşkil olunacaq. Təşkilatçılar fan-zona qonaqlarını maraqlı proqram
ilə sevindirəcək. Buna görə də bütün futbol həvəskarlarını bu
unudulmaz futbol bayramını qeyd olunmasında bizə qoşulmağa dəvət
edirəm!