Axar.az iyulun 23-də 50 illik yubileyini qeyd edəcək
"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun "Şərq"
qəzetində yayımlanmış müsahibəsini təqdim edir:
- Rauf bəy, 50 yaş yubiley yaşıdır, qeyd
edəcəksinizmi?
- "Yeni Müsavat" və "Minval.az" saytının kollektivinin
təşkilatçılığı ilə yubiley tədbiri olacaq. Yubileylə bağlı
əməkdaşlarımız film də hazırlayıblar. Tədbirdə həmin filmin
nümayişi də olacaq.
- Geridə qoyduğunuz 50 ilinizi necə
dəyərləndirirsiniz?
- Əslində 50 ili bir neçə cümlə ilə qiymətləndirmək çətindir.
Ömrümün 28 ilini Milli Azadlıq Hərəkatı, müharibə dövrü və media
quruculuğu prosesinə sərf eləmişəm. Yəni ötən illərim hədər
getməyib. Dopdolu bir həyat yaşamışam. Geriyə baxanda düşündüyüm
odur ki, 50 ili boşuna yaşamamışam. Medianın inkişafı üçün əlimdən
gələn hər şeyi etmişəm.
- Ümumiyyətlə, ad günlərinin özəl gün olaraq qeyd
olunmasını sevirsinizmi? Bəzi adamlar üçün ad günlərinin adi bir
gündən fərqi yoxdur.
- Əslində mən də ad günümü özəl gün kimi qəbul edirəm və
yaxınlarımla keçirməyə daha çox üstünlük verirəm. Mümkün qədər də
həmin gün Bakıda olmamağa çalışıram. Ad günümü böyük tədbir kimi 40
yaşımda qeyd eləmişəm. Bir də indi, düz 10 ildən sonra 50 yaşımı
qeyd edəcəm. Əslində bu dəfə yubiley yaşı olduğu üçün qəzetin
kollektivi və yaxın dostlar israr elədiyi üçün tədbir keçirmək
qərarına gəldim.
- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, 40 yaşı qeyd
etmək insana uğursuzluq gətirir. Görünür, belə şeylərə inananlardan
deyilsiniz...
- Yox, elə şeylərə inanmıram. Ancaq Allaha inanıram. Hər şey
yaradanın əlindədir.
- Bu günə qədər aldığınız ən maraqlı və yaddaqalan
hədiyyə olubmu heç?
- Yaddaqalan elə bir xüsusi hədiyyə və ya hər hansı bir jestlər
olmayıb. Hesab edirəm ki, 50 ildə yadımda qalan ən maraqlı hədiyyə
elə yubiley günü kollektivin mənimlə bağlı hazırladığı film olacaq.
Düzdür, hələ ki filmi tam formatda izləməmişəm. Amma izlədiyim
bir-iki dəqiqəlik fraqmentlər məni çox təsirləndirib.
- Uşaq yaşlarında hər kəsin gələcəklə bağlı arzuları,
planları olur. Amma heç də hamımız böyüyəndə öz arzularımızı
reallığa çevirə bilmirik. Bəs sizin necə, yaşadığınız bu ömür
arzuladığınız ömürdümü?
- Yox, uşaqlıq arzularım bir az fərqli idi. Tanrım arzularımı
korrektə edərək mənim üçün başqa bir həyat yolu cızıb. Amma yenə də
taleyimdən narazı deyiləm. Alnıma nə yazılıbsa, onunla razıyam və
hər gün Allahıma şükür edirəm.
- Bəs sonrakı arzularınız...
- Xeyli arzularım var, amma sözün açığı, cari işlər o qədər
ağırdır ki, vaxt ayırıb, bundan sonrakı həyatımla bağlı strateji
planlar qurmağa vaxtım olmur. Hətta fikirləşirəm ki, 50 yaşımdan
sonra işlərə bir-iki günlük ara verib, yaxın gələcəklə bağlı
düşüncələrimi sistemləşdirim.
- 50-dən sonra qocalıq yaşıdır deyirlər. Qocalıqla
aranız necədir? Yaşlanmaq hissi sizi qorxutmur ki?
- 20 il əvvəl 50 yaşla bağlı düşüncələrim tamam fərqli idi.
Doğrudan da insan gənc olanda qocalmaqdan ehtiyatlanır. Amma bu gün
tam səmimiyyətimlə deyirəm ki, qocalıq heç də gənclərin gözündə
böyütdüyü qədər qorxulu deyil. Qocalıq budursa, aram çox yaxşıdır
deyə bilərəm. Enerjim, gücüm, yaradıcılıq qabiliyyətim hamısı pik
nöqtədədir. Allah bundan sonrasını xeyirli eləsin!
-Gənc
olanda insan hesab edir ki, 50, uzaq başı 55 yaşdan sonra
işdən-gücdən çəkilib, evində otursun. Siz necə, öz köşənizə
çəkilməyi düşünürsünüzmü?
- Qəzetçi üçün təqaüd yaşı yoxdur. Əksinə, deyərdim ki, yazar
insanlar yaşlandıqca daha da peşəkarlaşır, daha yaxşı yazılar
yazır, təhlillər aparır. Bizim işdə peşəkarlıq mühüm şərtdir,
peşəkar jurnalist olmaq üçün də kifayət qədər təcrübəyə sahib
olmalısan. Mən öz həyatımda bunun canlı şahidi oldum deyə bilərəm.
27 il qəzet redaktoru olmağıma rəğmən mediadan uzaqlaşmağı
düşünmürəm. Allaha şükür, bu gün də əvvəlki dinamika ilə həm
işləyirəm, həm də yaşayıram. Hətta indi daha böyük məsuliyyətlə
davam edirəm. Hiss edirəm ki, ömrün qalan hissəsində tələsmək
lazımdır. Daha çox yazmağa, özümdən sonra bir söz irsi qoymağa
çalışıram.
- Jurnalistika öz seçiminizdir, yoxsa taleyin
oyunu?
- Orta məktəbi bitirəndən sonra mühəndislik oxumuşam. İxtisasca
kimyaçı-texnoloqam. Hətta universiteti bitirdikdən sonra
Elmi-Tədqiqat İnstitutuna təyinat da almışdım. Amma bayaq da
dediyim kimi, Rəbbim həyatımda çox korrektələr edib. Məni
jurnalistikaya gətirən də Allahımdır. Uşaqlıqda belə bir arzum
olmayıb. Nə baza təhsilim, nə uşaqlıq arzularım jurnalistikadan
yana olmayıb. Milli Azadlıq Hərəkatına qoşulmağım və ölkədə baş
verən proseslər yaradıcı keyfiyyətlərimi üzə çıxardı. Bir də onda
gözümü açdım ki, gizli şəkildə qəzet dərc eləməyə başlamışam.
1989-cu ildən başlayaraq gizli şəkildə öncə "Birlik dərgisi"ni,
sonradan isə "Yeni Müsavat" qəzetini yaratdıq. Elə o gündən də
mətbuatın əsas iştirakçılarından birinə çevrildim.
- İnsan uzun müddət bir işlə məşğul olanda bezir. 27 il
az müddət deyil. Özünüz də kifayət qədər ağır və keşməkeşli
yollardan keçmisiniz. Heç olubmu ki, qələmi, kağızı atıb, bu
sahədən uzaqlaşmaq istəyəsiniz?
- Heç vaxt jurnalistikadan bezməmişəm. Əksinə, qələm, kağız
olmayan yerdə həmişə onları axtarmışam. Bircə həbsxanada olduğum
illərdə jurnalistikadan uzaq qalmışam. 2-3 ay orada kağız-qələm
tapmaq problemim oldu. Onda da fikirlərimi "solfetka" üzərinə
yazıb, bir kənara yığırdım. Bir sözlə, qələmsiz və yaradıcılıqsız
bir həyat təsəvvür eləmirəm.
- Hərəkat dövründə qeyri-leqal dərc olunan "Yeni
Müsavat" qəzeti Azərbaycan mətbuatında özünə yer tapmasaydı, hansı
sahəyə üz tutacaqdınız?
- Əlimdə mühəndislik ixtisasım vardı. Əslində dəqiq elmləri çox
yaxşı oxuduğum üçün bu ixtisası seçmişdim. Amma 2-ci, 3-cü kursda
oxuyanda gördüm ki, yanlış ixtisası seçmişəm. Ədəbiyyat,
yaradıcılıq sahəsində daha istedadlı olduğumu anladım. Əgər qəzetçi
olmasaydım, ən azından şair və ya yazıçı olmağa cəhd edərdim. Amma
yüz faiz mühəndis peşəsini davam etdirməyəcəkdim.
- Deyəsən, son zamanlar siyasətdən uzaq
gəzirsiniz?
- Siyasətdən yox, partiya həyatından uzaqlaşmışam. Firqəçilikdən
kənarlaşmışam. Və bu qərarımın da doğru olduğunu düşünürəm.
Dünyanın heç bir ölkəsində media nümayəndələri partiya üzvü olmur.
Baş redaktorun siyasi mənsubiyyəti olanda onun yazıları da,
rəhbərlik elədiyi media quruluşu da öz etibarını itirir. Çünki bu
zaman həmin qəzet konkret bir partiyaya xidmət etmək
məcburiyyətində qalır. Əslində partiyadan uzaqlaşmaq üçün uzun
müddət yol gədikdən sonra uyğun bir vaxtda "Yeni müsavat"ı müstəqil
qəzet elan elədik. Deyim ki, bu qərarımdan da çox məmnunam. Amma
mənim partiyadan uzaqlaşmağım siyasətdən uzaq gəzməyim anlamına
gəlməməlidir. Bütün dünyada, eləcə də Azərbaycanda dərc olunan
istənilən tirajlı siyasi media orqanının rəhbəri eyni zamanda
siyasi fiqurdur. Bu nöqteyi-nəzərdən mən nəinki dolayısı ilə, elə
birbaşa siyasətin özündə və mərkəzindəyəm.
-"Yeni Müsavat" partiyadan ayrılan zaman sizinlə Müsavat
Partiyası rəhbərliyi arasında narazılıq olduğuna dair iddialar
yayıldı...
- Heç bir narazılıq yox idi. Yuxarıda dediyim səbəblərdən qəzeti
müstəqil media quruluşuna çevirmək təşəbbüsü göstərdim. Təbii ki,
bu təşəbbüsüm də partiya tərəfindən qısqanclıqla qarşılandı.
Əslində hansı partiya olsa, eyni cür münasibət sərgilənəcəkdi.
Partiya funksionerləri media orqanlarına özünə bağlı və istəklərini
icra edən sıravi bir üzv kimi görmək istəyirlər. Bütün bunlar isə
media maraqlarının ziddinədir. Bu məsələ sadəcə Müsavat Partiyası
ilə "Yeni Müsavat" qəzeti arasındakı bir ziddiyyət deyil. Dünyanın
harasında olsa, qəzetin müstəqillik təşəbbüsü partiya boslarının
etirazına və narazılığına səbəb olacaqdı. Müsavat Partiyası
rəhbərliyinin rəhbər şəxslərinin yüksək mədəniyyəti və media
azadlığına dair məlumatlı olması sahəsində bu proses nisbətən
ağrısız keçdi. Amma sıravi üzvlər eyni mədəniyyət və bilgilərə
sahib olmadıqlarından reaksiyalar fərqli oldu. Onlar istəyir ki,
"Yeni Müsavat" qəzetinin bütün kollektivi və Rauf Arifoğlu əvvəllər
olduğu kimi yenə də gecə-gündüz Müsavata işləsin. Hətta bir qrup
insan elə düşünür ki, partiyanın əvəzindən hakimiyyəti də biz
tənqid etməli, qəzetdə ancaq "Müsavat"ın maraqlarına uyğun yazılar
verməliyik. Onlar da çay süfrəsi arxasında oturub, rahatca
prosesləri izləməlidirlər. Amma biz media nümayəndəsiyik və hər
şeydən əvvəl qəzetçiliyin inkişafına töhfə verməliyik.
Hazırda Azərbaycan ağrılı bir mərhələdən keçir. Biz çalışırıq
ki, media orqanları siyasi partiyalardan kənarlaşıb, özləri bir
düşərgə statusuna yiyələnsinlər. Çünki bütün dünya ölkələrində
mətbuatın əlahiddə səlahiyyətləri var. Azərbaycanda isə media
orqanlarının əksəriyyəti hakimiyyətin, bir qismi isə müxalifətin
təsiri altında idi. İkincilərdən biri də "Yeni Müsavat" qəzeti idi.
Amma biz birdəfəlik bu yükü çiyinlərimizdən götürdük. Sağdan-soldan
söyləntilər istənilən təşəbbüsdə olur. Əsas odur ki, biz öz
fəaliyyətimizi düzgün qurduğumuza əminik!
- 2 gündən sonra mətbuatın 141 illiyi qeyd olunacaq.
Yubiley ərəfəsində mediamızın durumunu necə xarakterizə
edərdiniz?
- Azərbaycan mətbuatının durumu o qədər də parlaq deyil. Bu
sektorda böyük biznes qurmaq imkanları yoxdur. Reklam bazarı çox
zəifdir. Xarici şirkətlərin yazılı mediaya pul xərcləməyə isə
ümumiyyətlə əli gəlmir. Bu da mətbuatın inkişafına mənfi təsir
göstərir. Problemlərimiz çoxdur. Çox təəssüflər ki, Azərbaycanın
pulu, sərvəti çoxaldığı dövrlər belə medianın vəziyyətində ciddi
sürətdə dəyişiklik baş vermədi.
- Övladlarınız arasında yolunuzu davam etdirən varmı?
Yoxsa ayrı sahələri seçiblər?
- Böyük övladım hüquqşünasdır. Lakin ortancıl qızım Türkiyədə
jurnalistika ixtisasına yiyələnib. Hazırda APA agentliyində
işləyir. Bir neçə aydan sonra magistr təhsilini davam etdirmək üçün
xaricə gedəcək. Onun bu sahədə yüksək nailiyyətlər əldə edəcəyinə
inanıram. Qızıma güvənim tamdır. Gələcəkdə onun ölkənin ən yaxşı
jurnalistlərindən və yazarlarından biri olacağına əminəm. Oğlum isə
hələ orta məktəbdə oxumasına rəğmən jurnalistikaya həvəslidir.
Yəqin ki, elə o da media sahəsində öz təhsilini davam etdirər.
- Qızınız niyə "Yeni Müsavat"da yox, APA-da
işləyir?
- Uşaq yaşlarından redaksiyaya gəlib-gedirdi. Hətta tətillərdə
yazıb-pozurdu da. Mən də düşündüm ki, fərqli bir məktəb keçsə daha
yaxşı olar. Bilirsiniz ki, APA xəbərçilik sahəsində öz peşəkarlığı
ilə seçilir. Həm də Holdinqin nəzdində APA TV də fəaliyyət
göstərir. Bu yolla da çəkiliş, montajın incəliklərini öyrənəcəyini
düşündüm və Vüsalə xanımdan qızımı öyrətməsini xahiş elədim.
Klassik jurnalistikaya aid bilgiləri də, təcrübəsi də vardı, yeni
medianı öyrənməsi üçün APA-da işləməsini daha məqsədəuyğun hesab
etdik. Hazırda uğurlu şəkildə öz fəaliyyətini davam etdirir.