Bir sıra tarixi mövzular var
ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif
edib. Belə tarixi mövzulardan biri də Babək və Xürrəmilər
hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına
çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına
çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı
izləri doldurmaq hələ ki mümkün deyil və bir çox ziyalılarımız da
həmin o yad cığırla getməyə davam edirlər...
Axar.az Admiral.az-a istinadla tanınmış araşdırmaçı yazar
Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan
yazısını təqdim edir.
I YAZI
Sovet dövrü tarixşünaslığının Babək və hürrəmilər hərəkatı ilə
bağlı tədqiqatlarında ən böyük səhv nəticələrdən biri Babəki hiylə
ilə tələyə salıb xilafət ordusunun sərkərdəsi Afşinə təhvil vermiş
Şəki qalasının sahibi Səhl ibn Sumbatın milli mənsubiyyəti ilə
əlaqədardır. Sovet dönəmində bu adamın milliyyətcə erməni-hay
olması barədə fikir yürüdülmüş, bununla bağlı tarix sahəsində
əsassız versiya yayılmışdır. Əlbəttə ki, bu versiya göydən
götürülməmiş, müxtəlif mənbələrin məlumatlarının araşdırılması
nəticəsində ortaya qoyulmuşdur. Üstəlik, erməni-hay alimləri də bu
barədə yalan məlumatlarla böyük çaşqınlığın yaranmasına səbəb
olmuşdular. Lakin həmin məlumatların nə dərəcədə həqiqəti əks
etdirdiyi lazımınca yoxlanmamış, müəyyən müddət sovetlərin "xalqlar
dostluğu" düşüncəsinə uyğun olaraq bu tarixi surətin üzərindən
mümkün qədər keçilməyə cəhd gösətrilmiş, erməni-haylarla Azərbaycan
türklərinin milli münasibətlərinin kəskinləşdiyi zamanlarda isə
Səhl ibn Sumbatın milliyyətcə erməni-hay olması, Babəki satması ilə
bağlı fikirlər söylənmişdir.
Millətlərarası münasibətlərin hansı mərhələ və hansı səviyyədə
olmasından asılı olmayaraq, tarix elminin dəyişməz xətti olan
"tarixi gerçəklikləri" söyləmək prinsipindən çıxış etmək, olanları
bəzək-düzəksiz, necə varsa, eləcə göstərmək, düşünürəm ki, ən doğru
yoldur. Azərbaycan tarixçisi bu gün erməni-hay tarixçilərinin
dünyaya yalanlar təqdim etməsini gülüşlə qarşılayırsa, Azərbaycan
tarixini, eləcə də bu tarixin səhifələrində yer almış çeşidli
tarixi personajlar haqda gerçəkləri obyektiv şəkildə yazmaq
məcburiyyətindədir. Məhz bu baxış bucağından çıxış edərək Səhl ibn
Sumbat deyilən adamın kimliyini yığcam şəkildə də olsa, təhlil
etməyimizdə fayda vardır.
Əvvəlcədən bunu bildirək ki, sözügedən adamın ismi mənbələrin
əksəriyyətində "Səhl ibn Smbat" (və ya Səhl ibn Sumbat) kimi qeyd
olunurdu. Pers yazarı Xondəmir onun ata adını "Sunbad" kimi qeyd
edir. Məhəmməd Üvfi özünün "Cəvami əl-hekayət və ləvami-ər-rəvayət"
kitabında onun ata adını "Sunbat" şəklində yazır. İbn-Xəldunun
"Kitab-əl-ibər" əsərində isə bu adamın adını Səhl ibn Sabat kimi
görürük. Bu səbəbdən də biz həmin adamın ismini Səhl ibn Sumbat
kimi yazmaq üçün daha çox əsas olduğunu düşünürük, hərçənd həmin
adamın atasının adının bir mənbədə "Sunbad" kimi qeyd olunması
versiyası mənə daha ağlabatan gəlir. Çünki Sunbad ismi həmin dövrdə
yayılmış bir isim olmaqla yanaşı, Xürrəmilərlə eyni mövqedən çıxış
etmiş olan Subadilərin rəhbərinin də adında rastımıza çıxır.
Yadımıza salaq ki, Mühəmməd əş-Şəhristani İsfahanda xürrəmilər
adlanan qüvvənin Reydə sünbadilər adlandığını yazır və onları
eyniləşdirir. Təbəri də "Tərix əl-rüsul və-l-müluk" kitabında yazır
ki, "Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul
etmişdi". Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi
ehtimalı, zənnimcə, qüvvətlidir.
Tarix yazarlarından Mütəhhər ibn-Tahir Müqəddəsi "Kitabül-əl-bəd
və-t-tarix" əsərində, Məsudi isə "Müruc-əz-zəhəb" əsərində,
həmçinin, İbn-Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd
etmişlər. Fransız şərqşünas alimi Clement Huart da bu tarix
yazarlarının qeydlərinə əsaslanaraq "Encyclopedie de L-İslam"da
Səhl ibn Sumbatın erməni olduğunu yazsa da, digər əsəri olan
"Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar" kitabında onun haqqında
aşağıdakı ziddiyyətli məlumatı verir: "O nahiyələrdə bir qala
vardı. Rum əhalisindən Səhl ibn Sunbat adlı bir şəxs oranın hökumət
işlərini idarə edirdi". Yeri gəlmişkən, Babəkin guya Bizansa
sığınmaq istəməsi kimi fərziyyələr məhz onun evinə qonaq düşdüyü
Səhl ibn Sumbatın Rum təbəəsi kimi zənn edilməsi sayəsində ortaya
çıxıb, bunu təxmin edə bilərik. Hərçənd ki, Xondəmir XV-XVI
əsrlərdə yaşayıb, bununla belə, o, Səhl Sumbatın "Rum əhalisindən"
olması fikrini, görünür, xilafət sarayının hansısa tarix yazarının
qeydlərindən götürüb. Bildiyimiz kimi, Babək edam edilərkən Mötəsim
bu edama çoxsaylı müsəlman əhalinin gözündə haqq qazandırmaq üçün
məqsədyönlü şəkildə Babəkin guya Bizansla əlbir olması fikrini
yaydırırdı. Babəkdən sonra tutularaq edam edilmiş və cəsədi Babəkin
başsız cəsədi ilə yanaşı asılmış Təbəristanlı Məzyara da "Bizansın
adamı" yarlığı vurulmuşdur.
Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı və
bizim də həqiqətəuyğun hesab etdiyimiz məlumatlardan birinə Moisey
Kalankaytuklunun "Alban tarixi"ndə rast gəlmək olur. Belə ki,
sözügedən tarixi mənbə müəllifi həmin adamı "Çar nəsli
Mehranilərdən olan Səhl ibn Sumbat" adlandırır. Bir yerdə də onu
vəsf edərək "Arranşah" kimi təqdim edir. Akademik Z.Bünyadov isə
apardığı araşdrıma nəticəsində "Səhl ibn Sumbatın Alban şahlarının
nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu" bildirir.
Daha bir yerdə də onu "alban knyazı Səhl ibn Sumbat" adlandırır.
Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan)
nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun
hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını "Zermirh"
şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə
istinad edərək "Səhl ibn Sunbatın alban padşah sülaləsindən olan
Zarmirxin nəslindən olmasını" söyləyir. Biz də həqiqətə yaxın
olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh
deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid
Vardanın qızlarından birinin əri kimi qeyd edir.
Səhl ibn Sumbatın erməni olmamasını təxmin etməyə əsas verən
daha bir fikri Səid Nəfisi söyləyir: "Baxmayaraq ki, Sumbat Babəki
tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da
bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif
hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin
ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata
çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu
öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü." Bu fikirdən
bilmək olur ki, ermənilər heç də, bir sıra erməni-hay mənbələrinin
iddia etdiyi kimi, Sumbatı dəstəkləmirdi, əksinə xilafət ordusunun
komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub
öldürtsün. Hər halda, erməni-haylar milli maraqlarını öz şəxsi
ədavət duyğularına qurban edəcək düşüncədə olmayıblar ki, başqa bir
dinin onlar üzərində hökmranlıq etdiyi çətin vaxtlarda bir-birinin
ayağından çəksinlər, bunu etiraf etməliyik.
Səhl ibn Sumbatın dini əqidəsi ilə bağlı isə əksər mənbələrdə
onun xristian dininə sitayiş etdiyi barədə fikir yürüdülüb.
Məhəmməd Üvfi Babəkin Bəzz qalasını tərk edib yuxarı Azərbaycana
keçdiyi zaman baş verənləri təsvir edərkən belə bir cümlə işlədir:
"Səhl ibn Sumbat adlı bir xristian onu görüb tanıdı". Eyni
hadisələri qeyd edən digər bir sıra mənbə müəllifləri isə Babəki
aldadan Səhli "petrik" kimi qeyd edirlər. (Patrik – xristian
dinində ortodoks kilsəsi, Süryani kilsəsi və şərq ölkələrinin
kilsələrinin rəhbərliyindəki ən yüksək rütbəli yepiskoplara verilən
ad. "Patriarchis" sözündən götürülmüşdür. Patrikin Roma katolik
kilsəsinin rəhbəri olan papadan fərqi ondadır ki, patrikin
səlahiyyətləri yalnız özünə aid olan bölgə ilə məhdudlaşır və digər
ərazilər və müstəqil kilsələr üzərində yetkisi yoxdur – C.B.)
Məsələn, İbn-İmdad Hənbəli "Şəzərat-əz-zəhəb fi əxbari min
zəhəb" əsərində yazır: "O, (Babək nəzərdə tutulur – C.B.) həmin
bataqlıqdan çıxaraq bir yolla dağa tərəf getdi. Dağlara çatdıqda
petrik Səhlin evinə düşdü. O isə onu tutub saxladı və Əfşinə xəbər
göndərdi". Şəmsəddin Əbu Abdullah Zəhəb "Düvəl-əl-İslam"da yazır:
"Sonra o, bir dağdan aşaraq başqa bir dağa getdi. Bir petrikin
evinə düşdü. Petrik onu tutub ardınca gələn adamlara təhvil verdi".
Pers tarix yazarı Mirxond Bəlxi "Rövzət-əs-səfa" əsərində həmçinin,
Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafei "Mirat-əl-cünan və
ibrət-əl-yəqzan" əsərində Səhli "petrik" adlandırmışlar. Səid
Nəfisi Səhl ibn Sumbatın patrik kimi qeyd edilməsini araşdıraraq bu
nəticəyə gəlib ki, Səhl Babəki tutduqdan sonra Mötəsimin
xeyir-duası ilə petrik olub. Bu haqda fikir yürütmək və Səhlin
xürrəmilər hərəkatı zamanında xristian olmaması ehtimalını
araşdırmaq bir qədər çətindir, çünki Səhlin xristian olması barədə
məlumatlar çoxluq təşkil edir. Onun milli-etnik kimliyi barədə
gəlinən son elmi nəticələr bunu söyləməyə əsas verir ki, Səhl ibn
Sumbat xristianlıq dinində qalmağı münasib bilən Qarabağ
alpanlarından olub. Əks təqdirdə Babək kimi ayıq-sayıq bir insan
heç zaman bu adama etibar etməzdi.
Səhl ibn Sumbatın Babək onun evində yemək yeyərkən dəmirçi
çağıraraq onun əl-ayağına buxov vurdurması barədə Xondəmir, Mirxond
və başqa pers tarix yazarlarının qeydləri tam yalandır. Babək Səhl
tərəfindən aldadılaraq ova çıxmaq adı ilə bir meşəyə gətirilmiş,
burada onları Afşinin göndərdiyi bir neçə silahlı adam dövrəyə
almış, Səhl Babəkdən uzaqlaşaraq qaçmış, Babək isə əsir alınaraq
Afşinin qərargahına gətirilmişdir. Doğru olan budur.
Və Səhl ibn Sumbatın elə əvvəldən guya xəyanətkar, qorxaq,
var-dövlət hərisi olması ilə bağlı yayılan iddialar da tamamilə
əsassızdır, çünki mənbələrdə Səhlin hələ 821-822-ci ildə Arrana
(Ərməniyyəyə, yaxud Quzey Azərbaycana) hücum etmiş ərəb qoşunlarını
ağır məğlubiyyətə uğratması barədə məlumatlar vardır. Alban
tarixçisi Moisey Kalankaytuklu "Alban tarixi" əsərində yazır ki,
"erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri
gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə
qədər əsir alıb Böyük Arran Şikarkar məntəqəsində möhkəmləndilər. O
vaxt cəsur və əzəmətli Arranşah knyaz Səhl ibn Sumbat igid
qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum
etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar,
əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər."
Erməni təqvimi ilə 270-ci il miladi təqvimlə 821-ci il mayın
5-də başlayıb 822-ci il mayın 4-də bitirdi. Bu da Mehranilərin son
nümayəndəsi olan II Varaz Trdatın (II Varaz Trdat – Alpan elini
idarə etmiş Mehranilər sülaləsinin taxt-taca iddialı son
nümayəndəsi, I Stepannosun oğlu, I Varaz Trdatın ölümündən (705-ci
il) sonra Böyük Alban Knyazlığı Əməvi xəlifəsi tərəfindən ləğv
edilmiş, onun əraziləri xilafətin "Ərməniyyə" adını verdiyi
vilayətə çevrilmişdi, lakin sülalənin davamçıları həmin vilayətin
yerli hakimləri olaraq qalırdılar. II Varaz Trdat da miladi 822-ci
ildə yerli knyazlardan biri tərəfindən (adı naməlumdur) öldürüldü
və bununla da Mehranilər sülaləsinin varlığına son qoyuldu)
öldürüldüyü vaxta təsadüf edir. Səhl ibn Sumbatın xilafət ordusuna
qarşı vuruşub onları məğlub etməsi barədə Təbəri də öz əsərində
yazır. Z.Bünyadov bu hadisəni xatırladaraq daha sonra qeyd edir ki,
"Gördüyümüz kimi, Səhl hələ özü müttəfiqi Babək məğlub edilməzdən
əvvəl qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki,
Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə "xəlifə bilə-bilə
etinasız buraxmışdı".