Bu gün Nizami Kino Mərkəzində "Gənc səslər, qədim
nəğmələr" adlı etnoqrafik sənədli filmin təqdimat mərasimi
keçrilib.
Publika.az xəbər verir ki, Azərbaycanın Qarabağ
bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş "Gənc
səslər, qədim nəğmələr" adlı etnoqrafik sənədli filmin icraçı
prodüseri Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale
Heydərov, rejissorları Keti-Robin Qarton və Cefri Verbokdur.
Nümayişdən əvvəl filmin icarıçı prodüeri Tale Heydərov qonaqları
salamlayaraq, muğamın Azərbaycanın milli dəyərlərindən biri
olduğunu vurğulayıb: "Azərbaycanın şah əsəri sayılan muğam
mədəniyyətimizdə xüsusi yer tutur. Heydər Əliyev Fondunun
prezidenti, hörmətli Mehriban Əliyeva muğamın xaricdə tanınması
sahəsində çoxlu işlər görüb. 2008-ci ildə muğam sənəti YUNESKO-nun
Qeyri-maddi Mədəni İrsin Qorunması Siyahısına daxil edilib. Muğam
sənətinin inkişafı sahəsində ölkəmizdə bir sıra işlər görülüb.
Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı
şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam
Mərkəzi tikilib, eləcə muğam antologiyası və "Qarabağ xanəndələri"
albomu hazırlanıb".
T.Heydərovun sözlərinə görə, Azərbaycan Avropa Cəmiyyətinin bu
filmi ərsəyə gətirməkdə əsas məqsədi münaqişənin xaricə düzgün
çatdırılması və bu sahədə çoxlu müxtəlif metodlardan istifadə
olunmasıdır: "Buna beynəlxalq muğam müsabiqələrinin keçirilməsini,
Qarabağ haqqında kitabların rus, frnasız, ingilis və digər dillərə
tərcümə olunmasını, sənədli filmlərin çəkilməsini, müxtəlif
televiziya proqramlarının hazırlanmasını misal çəkmək olar. Əsas
məqsədlərimizdən biri də bu proqramların beynəlxalq kanallarda
göstərilməsinə nail olmaqdır.
Qarabağ münaqişəsi yalnız humanitar problemlərə gətirib
çıxarmayıb, eyni zamanda mədəniyyətin beşiyi sayılan müxtəlif
tarixi abidələrin dağıdılmasına, yox olmasına səbəb olub. Bu isə
nəinki ölkəmizə, beynəlxalq mədəniyyət irsinə böyük zərbə vurub.
Biz bütün həqiqətləri beynəlxalq aləmə çatdırmaq üçün sənədli
filmin çəkilməsinə qərar verdik və Azərbaycanı çox illər əvvəl
tanıyan Cefri Verboku bu işə cəlb etdik. O, Azərbaycan muğamını
sadə vətəndaşdan daha yaxşı bilir və peşəkar muğam ifaçısı
statusunu qazanıb. Bütün bu illər ərzində biz bu filmin ərsəyə
gəlməsinə çalışmışıq. Bu, bizim ən uzunmüddətli layihəmizdir.
Filmin reallaşmasına 4 ildən artıq vaxt sərf olunub".
"Gənc səslər, qədim nəğmə" etnoqrafik sənədli filminin ilk
premyerasının Londonda uğurla baş tutduğunu söyləyən TEAS sədri
vurğulayıb ki, bu cür təqdimatlar Avropanın digər ölkələrində də
təşkil olunacaq.
Tanınmış muğam ifaçısı Cefri Verbok filmin ərsəyə gəlməsindən
danışıb. Filmin müəllifi C.Verbok belə bir əlamətdar tədbirdə
iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə
bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi
köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş
uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb. O, 16
il bundan qabaq Azərbaycan uşaqlarının muğam ifa etdiyini eşidəndə
inanmadığını və bura gəlib bunun həqiqət olduğunu gördüyünü
söyləyib. O, 2000-ci ildə Azərbaycanın məcburi köçkün
düşərgələrindən birində çəkdiyi ağır həyat şəraitinə baxmayaraq,
qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına heyran
qaldığını söyləyib: "ABŞ-a qayıtdıqdan sonra çəkdiyim kadrları
izləyərkən, uşaqlardan birinin Vətən haqqında oxuduğu mahnıya
möhkəm təsirləndim. Burada 14 yaşlı bir yeniyetmə itirdiyi doğma
yurduna sevgisini ifadə edərək öz hisslərini göstərməsi ilə
seçilirdi. Bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək
və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra
yenidən Azərbaycan gəldim və illlər əvvəl məni heyran edən gənc
muğam ifaçısını tapdım".
İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və
çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə
edib.
Daha sonra film təqdim edilib.
Filmdə gənc muğam ifaçısının bir-birini əvəz edən ifaları öz
əksini tapıb. Göstərilir ki, Azərbaycan xalqı qədim muğam ənənəsini
yaşadır, ona Vətən torpağının erməni işğalından azad edilməsi
uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır,
qloballaşmaya baxmayaraq, gənc nəsil böyük mədəni irsi qoruyur.
Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen
kimi danışılır. Muğamın qədim mənşəyi olan, yüksək dərəcədə
mürəkkəb, incə koloritli, ölçüsü olmayan (Avropa operasındakı kimi)
mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqi olduğu
vurğulanır.
Ekran əsərində muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu
məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal
istedadından bəhs edilir. Bunlar sadəcə bir neçə istedadlı uşaq
deyil, daxilində möhtəşəm muğam gücü yaşayan yüzlərlə
uşaqlardır.
Daha sonra muğamın beşiyi olan Qarabağın itirilməsindən bəhs
olunur. Bu uşaqlar - muğam ifaçıları Qarabağ regionunda, Ermənistan
tərəfindən işğal olunmazdan əvvəl həmin ərazilərdə dünyaya göz
açıblar. Ermənistanın təcavüzü işğal olunmuş ərazilərdəki mədəni
irsə də mənfi təsir göstərib.
Filmdə həmçinin, 1972-ci ildə Los-Ancelesdə yaşayarkən özü üçün
muğamı kəşf edən Cefri Verbokun əslən dərbəndli olan yaşlı bir dağ
yəhudisi ilə həyatını dəyişən görüşü haqqında da məlumat verilib.
Əvvəllər Qərb musiqisi sahəsində çalışmış bəstəkar və musiqiçi olan
Verbok Zevulon Avşalomobla rastlaşır. Onun Azərbaycan muğamının
simli aləti olan kamançadakı emosional və ecazlar ifasını eşidir.
Bundan sonra bəstəkarlıqla məşğul olmasına son qoyub muğam ifa
etməyi öyrənmək qərarına gəlir və bu məqsədlə Bakıya üz tutur.
Bu film göstərir ki, Ermənistanın işğalı nəinki humanitar
fəlakətə yol açmış, tarix və mədəniyyət abidələrini, maddi
resursları dağıtmış, muğam sənətinə qarşı da yönəlmişdir. Buna
baxmayaraq, Azərbaycan xalqı Qarabağın muğam ənənəsini yaşadır.
Muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi
olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağın
işğal edilmiş rayonlarının məcburi köçkün gəncləri məhdud imkanlar
şəraitində belə muğam sənətinə yeni uğurlar gətirməyi bacarırlar.
Azərbaycan dövlətinin bu sahədəki siyasəti onlara böyük dəstək və
köməkdir.
54 dəqiqəlik film həm Azərbaycan, həm də ingilis dillərində
titrlərlə verilib.
Təqdimat mərasimi Cefri Verbokun kamançada Azərbaycan muğamının
ecazkar ifası ilə bitib.