Rusların köməyi ilə silahlanıb Qərbi
Azərbaycanda qırğınlar törədən ermənilər Göyçəni də qan çanağına
döndərmişdilər. Aramsız hücumlardan qurtulmaq üçün Aşıq Nəcəf də
Kəlbəcərin İstibulaq kəndinə pənah aparır. Bu zaman Göyçənin güney,
yəni Gədəbəyə, Qazaxa yaxın kəndləri yerindən
tərpənməyibmiş.
Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Nəcəf 1876-cı
ildə Göyçə mahalının Daşkənd kəndində-çoban Allahverdinin ailəsində
anadan olub. Ailənin tək oğlu olan Nəcəfin atası Allahverdi kişi
oğlunu molla məktəbinə qoyur. Burada Nəcəf ərəb və fars dillərində
yazıb-oxumağı öyrənsə də maddi çətinlik üzündən məktəbi yarımçıq
qoyaraq atasının yanında çobanlıq edir. Uşaq yaşlarından özündə
aşıqlıq sənətinə güclü meyl hiss etdiyindən sazda çalıb-oxumağı da
öyrənir.
Ustad Ələsgərlə ilk görüş
Daşkəndli Hacı Kərim oğlu Muxtarın toyuna Aşıq Ələsgəri dəvət
etmişdi. Ustad aşıq şəyirdi Aşıq Əsədlə toyun ikinci gününü yola
salırdı. Məclis nisbətən seyrəldiyindən arada Aşıq Ələsgər
ağsaqqallarla oturub çay içir, Aşıq Əsəd meydanda oxuyurdu. Bu vaxt
Nəcəfin atası Allahverdi kişi Nağı bəydən xahiş edir ki, Aşıq
Ələsgərdən rüsxət al, bizim uşaq da bir hava çalıb oxusun.
Nağı bəy Aşıq Ələsgərdən icazə alır, Nəcəf ilk dəfə sazla
camaatın qarşısına-Aşıq Əsədin meydanına çıxır. Sazı sinəsinə basıb
məlahətlə bu şeiri oxuyur:
Nəfis tox olarsa ürək dar olmaz,
Zəhmət çəkilməsə süfrə var olmaz.
Sənət meydanında şəyird xar olmaz,
Nəcəfəm, ustadı pir ustad olsa.
Nəcəfin oxuması və sözləri Aşıq Ələsgərin çox xoşuna gəlir və
Nəcəfi özünə şəyird götürür. Nəcəf uzun illər Aşıq Ələsgərə
şəyirdlik edir. Özünün zil və məlahətli səsi ilə böyük şöhrət
qazanır. Elə Nəcəfin toyunu da Aşıq Ələsgərlə Aşıq Əsəd eləyirlər.
Deyilənlərə görə toy günü Nəcəfin nişanlısı Gülüstanı ata evindən
çıxararkən onun əmisi Həzrətqulu irəli yeriyir ki, Aşıq Ələsgər
Gülüstana bir tərif deməsə qızı verməyəcəyəm. Ustad aşıq orda
Gülüstana üç bəndlik bir tərif də deyir:
Eşitmişdim görməmişdim üzünü,
Canlar yaxır süzdürəndə gözünü.
Aşıq Ələsgərəm, deyim düzünü
Doğrudan Nəcəfə taydı Gülüstan.
Aşıq Nəcəf ustadından fərqli olaraq təsadüfi hallarda, hansısa
bir hadisədən bərk təsirlənəndə şeir yazıb. Onun sənətinin
gözəlliyi təkrarsız ifasında, zil və məlahətli səsində olub. Aşıq
Nəcəfin elə zil səsi varmış ki, oxuyanda hündürdə asılmış enli və
halqavari piltə ilə yanan otuzluq lampanı keçirərmiş.
Dəli Alının bacısı oğlu Zeynalabdının toyunda maraqlı bir hadisə
baş verir. Uzaqda gedən karvanın sarbanı bərk fikrə gedibmiş.
Karvandan yüklü bir dəvə ayrılıb arxada qalıbmış. Həmin dəvənin də
üstünə bir qurd gəlirmiş. Zurnaçı nə qədər püfləyirsə zurnanın səsi
sarvana çatmır ki, onu fikirdən ayırsın. Qurd az qalıbmış ki,
dəvəni haqlasın. Nəcəf dəli bir şikəstə çəkir:
Xabi qəflətdə yatıbsan,
Oyan sarban, dayan sarban!
Karvanı qurda atıbsan
Oyan sarban, dayan sarban!
Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs
gələn tərəfə, sonra da karvana baxır. Qurd artıq dəvənin üstünə
atılıbmış. Bu zaman güllə açılır. Toyda olan Qandal Nağı uzaq
məsafədən nişan alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi ilə qaçağın
gülləsi karvanı qurddan qurtarır.
Nəcəfin dövrü və baş verən hadisələr
Nəcəf yalnız aşıqlıqla məşğul olmayıb. O, ətrafında baş verən
ictimai-siyasi proseslərdən də kənarda qalmayıb. Aşığın yaxın
qohumu, yüz yaşında belə gümrahlığını itirməyən Mələk nənə söhbət
edirdi ki, hələ 1918-ci il erməni-müsəlman davasında Nəcəf
tutulmamışdan qabaq oğlanları Şəmiddin və Şəmistanla birlikdə
ermənilərə qarşı igidliklə vuruşurdu. Hətta döyüşlərin birində
qolundan da yaralanmışdı. Yarasın daşkəndli Loğman Səfər müalicə
edirdi.
Gözəlliyi, boy-buxunu, ölçüyə gəlməz avazı ilə yanaşı Allah Aşıq
Nəcəfə qeyri-adi bir istedad da veribmiş. O, başına gələcək
əhvalatları əvvəlcədən yuxuda görürmüş. Həyatının sonunun da
faciəylə qurtaracağını yuxuda görüb danışırmış. Deyilənlərə görə
hələ Əsədlə Aşıq Ələsgərin evində şəyird olduğu günlərin birində
gecə yarı oyanıb bir ah çəkib, ağlayır. Aşıq Əsəd də oyanır.
Soruşur ki, ay Nəcəf nə olub, niyə ağlayırsan. Onda Nəcəf yuxusunu
belə söyləyir:
Aman Allah nə yuxudu görürəm,
Açılacaq nə bəlalar başıma.
Görən kimsəm köç eylədi dünyadan
Töhmət qoydu el-obalar başıma.
Aşıq Nəcəf ermənilər tərəfindən necə tutuldu?
Rus havadarlarının köməyi ilə silahlanaraq Qərbi Azərbaycanda
qanlı qırğınlar törədən ermənilər Göyçəni də qan çanağına
döndərmişdilər. Ermənilərin aramsız hücumlarından qurtulmaq üçün
Aşıq Nəcəf də bütün el-oba kimi əmisi oğlanları Molla Abuzər və
Həsənqulu ilə birlikdə Kəlbəcərin İstibulaq kəndinə pənah
aparırlar. Bu zaman Göyçənin güney, yəni Gədəbəyə, Qazaxa yaxın
kəndləri (Şişqaya, Kəsəmən, Cil, Pəmbək və s.) yerindən
tərpənməyibmiş. Kəsəmənli Səməd Ağa, şişqayalı Kor Tanrıverdi
(gözləri çəp olduğu üçün belə deyirmişlər. O, həm də Göyçə üzrə
Nikolayın "uçastkovısı" işləyirmiş) çalışırmışlar ki, ermənilərlə
müsəlmanlar arasında barışıq yaratsınlar. Belə "barışıq
qonaqlıqlarının" birində, yəni Zod kəndində Göyçəni talayıb
darmadağın edən general Selikovun başını daşkəndli Hacı Rəhim kəsir
(Selikov əslən Azərbaycanın Şəki rayonunun Qarabağlı kəndindən
olub).
Selikovun ölümündən qabaq Kor Tanrıverdi Aşıq Nəcəfə sifariş
göndəribmiş ki, Nəcəf araya barışıq qoyulub, köçünü qaytar Göyçəyə.
Aşıq Nəcəf də əmisi oğlanları ilə birlikdə İstibulaqdan Şişqayaya
dönəndə ermənilərə əsir düşür. Aşıq Nəcəfin böyük oğlu Şəmiddin,
əmisi oğlanları Molla Abuzər və Həsənqulu birtəhər ermənilərin
əlindən qurtulub, qaça bilirlər. Selikovun öldürülməsindən sonra
daha da quduzlaşan ermənilər Kor Tanırverdini də, Səməd Ağanı da
əsir götürürlər. Kəndləri isə oda qalayırlar.
Bəzi yazarlar səhvən Səməd Ağa, Kor Tanrıverdi və Aşıq Nəcəfin
ölümləri arasında hansısa əlaqə axtarırlar. Hətta Aşıq Nəcəfin
faciəli ölümünü Səməd Ağayla bağlamağa çalışanlar da var. Ancaq
bunlar tamamən yanlışdır. Belə ki, Səməd Ağa Kəvər (indiki Kamo)
türməsinə salınmışdı. Tanrıverdini isə öz mehtəri ilə Basarkeçərin
köhnə bazarında bir-birlərinə öldürtmüşdülər. Sonradan Səməd Ağanın
türmədə bir erməni dığasının ona vurduğu sillədən ürəyi partlayıb
ölmüşdü. Bu zaman və bundan çox sonra da Aşıq Nəcəf yaşayırmış və
ermənilər öz şənliklərində onu oxudurmuşlar. Elə Nəcəfin o günlərdə
yazdığı şeirlər də onun dustaq həyatından xəbər verir:
Əsən yellər bir Allahın eşqinə,
Mənim də ərzimi vətənə yetir.
Ümidim, pənahım, qibləgahımdı
Zülümün daşını atana yetir.
Və yaxud arvadı Gülüstana yazdığı-
Nəcəfəm, üzünə qapılar bağlı,
Talehi qaranlıq, sinəsi dağlı.
El-oba həsrətli, vətən soraqlı
Mehribanım, şirin canım, hardasan?
Bir məqama da toxunmaq istəyirik. Hələ Aşıq Nəcəf tutulmamış
Hacı Rəhim (Selikovun başın kəsən) eşidir ki, Nəcəf köçünü
Şişqayaya gətirib, Hacı Kərəmin evinə yığılıblar. Hacı Rəhim oğlu
Mehdiylə ona belə bir namə göndərir:
Nəcəf bağlanıbdı o bənd, o bərə
Amandı, əlini elindən üzmə.
Qayıt, Kəlbəcərə aşır köçünü
Allahın adını dilindən üzmə.
Aşıq Nəcəf isə Hacı Rəhimə cavab verir ki, artıq iş-işdən keçib.
Qayıtmağa imkan yoxdur. Hacı Rəhimə bir şeir də göndərir:
Hacı günahlarım bağışlanılmaz,
Eldən ayrı saldı fitnə-fel məni.
Qəzanın dəryası göz önündədi
Aparacaq yaman daşqın, sel məni.
Başqa bir kövrək şeirində isə Hacı Rəhimə belə yazır:
Hacı Rəhim, sən Əsədə deginən
Mənim də qeydimə qalsın, ağlasın.
Ağır məclislərdə, söz yığnağında
Hərdənbir yadına salsın ağlasın.
Etiraf edim ki, mən özüm də "Aşıq Nəcəf və Gülüstan" dastanında
bəzi səhvlərə yol vermişəm. Belə ki Hacı Rəhim əvəzinə Aşıq Rəhim
yazmışam. Bəziləri isə Hacı Rəhimi Kalvayı Rəhim kimi göstəriblər.
Faktlar bir daha göstərir ki, şeirlər Hacı Rəhimə yazılıb. Həmən
şeirlər Aşıq Nəcəfin yanından qayıdarkən yolda ermənilər tərəfindən
vurulan Hacı Rəhimin oğlu Mehdinin cibindən çıxıb.
Tarixdə görünməmiş erməni "kəşf"ləri
Tarixdə çox elmi kəşflər olub. Ancaq sən demə bir kəşf də
varmış. Erməni vəhşiliyinin icad etdiyi insan öldürmək kəşfləri. Bu
vaxta qədər alman faşistlərinin vəhşiliyindən çox eşitmişdik.
Sonradan məlum oldu ki, bunların çoxu sovet ideoloji aparatının
uydurduğu yalanlar olub. Xocalı faciəsindən sonra bir daha anladım
ki, Yer üzündə erməni vəhşiliyi ilə ölçüyəgələcək ikinci bir dəhşət
olmayıb. Həm də ermənilər insanı öldürmək üçün ən ağlasığmaz vəhşi
kəşflər ediblər. İnsanın belinə qaynar samovar bağlamaq, körpələri
dəmir boruya doldurub ağzını qaynaqlamaq, hamilə qadınların qarnını
yırtıb hələ dünyaya gəlməməmiş körpələri süngüyə keçirmək, ölmüş
insanın meyitini təhqir etmək və s. İnsanın qanını donduracaq bütün
bu vəhşi kəşfləri ermənilər ediblər və yaxşı olardı ki, gözləri
kor, qulağı kar olan dünya bu kəşfləri nəhayət ermənilərin adına
sənədləşdirəydi.
Uzun əzab və işgəncələrdən sonra daşnaklar Aşıq Nəcəfi
Basarkeçərin yaxınlığındakı Çaxırlı kəndinin ərazisindəki Güllü
təpəyə gətirirlər. Buradan Aşıq Nəcəfin kəndi Daşkənd də aydın
görünürdü. Ömrün sonunun yetişdiyini görən Aşıq Nəcəf üzünü doğma
kəndinə tutub yanıqlı-yanıqlı oxuyur:
Könül quşu uç, get vətən elinə,
Mənə o ellərdən bir xəbər gətir.
Yetir əhvalımı nər igidlərə
Qasımı, Ziyadı birtəhər gətir.
Görsən nalə çəkir oğulsuz ana,
Deginən ömürü getdi bəd-fəna.
Qoy düşmən gülləsi dəyməsin mənə
İçməyə vətəndən bir zəhər gətir.
Nəcəf bilmir harda qaldı Gülüstan,
Şəmiddin, Şəmistan, Mikayıl, Asdan.
İsmayıl körpəydi çıxammaz yaddan,
Xudam, sən üzünə xoş səhər gətir.
Nə aşıq Nəcəfi gülləylə öldürdülər, nə də İsmayılın üzünə xoş
səhər açıldı. Nəcəfin oğlanları Şəmistanı, Mikayılı, Asdanı və
İsmayılı əsir götürüb yaxınlıqdakı "Tüstülü"-Qırxbulaq kəndində bir
dama salmışdılar. Onları atın qabağına salıb Aşıq Nəcəfin yanına
gətirirdilər. Yolda körpə Asdan və İsmayıl erməni qaniçənlərinin
atlarının ayaqları altında qalaraq həlak oldular. Şəmistanla
Mikayılı isə gətirərək Aşıq Nəcəfin gözləri qarşısında ayaq-baş
diri-diri basdırdılar. Bu dəhşətlərdən ürəyi para-para olan Aşıq
Nəsəf yana-yana bu şeiri deyir:
Təzə-təzə göz açmışıq dünyaya,
Nə gün gördük, dövran sürdük, ay oğul.
Şükür qıldıq, bağban olduq, bağ əkdik,
Xəzan vurdu, heç nə dərdik, ay oğul.
Daha sonra üzünü erməni cəlladı Bolyanikə tutub deyir:
Səni də məni də Allah yaradıb,
Gəl baş endir Yaradana Bolyanik.
Vermə mənə bu zülümü, zilləti,
Batmaginən nahaqq qana Bolyanik.
Son anlarında yenə üzünü vətənə sarı tutub nalə çəkir:
Xəbər çatsa, bu halıma
Yaylaqların gülü ağlar.
Gözəllərin, göyçəklərin
Çin-çin olan teli ağlar.
Bolyanikin arvadı da burada olur. Ərindən xahiş edir ki, bu
aşığı öldürməsin. Erməni cəlladı naqanını çıxarıb arvadına tuşlayır
və içindəki bütün güllələri arvadının ürəyinə boşaldır ki, niyə
türk aşığının xahişini edir. Nəcəf görür ki, artıq xilas yolu
yoxdur, vaxtı çatıb, üzünü vətənə tutaraq bir bayatı çəkir:
El gəlsin an üstəyəm,
Gedirəm, kan üstəyəm.
Nə çəkilməz dərddi bu-
Yaram yox, can üstəyəm.
Erməni cəlladları aşığın sazın əlindən alıb sındıraraq yanan
samovara doldururlar. Daha sonra qaynayan samovarı Aşıq Nəcəfin
kürəyinə bağlayırlar. Sonra da aşığı samovar kürəyində qurğuşuna
tuturlar. Xalqın böyük sənətkarı o zamana qədər insanlığın belə
görmədiyi dəhşətli bir əzabla öldürülür. Bu hadisə erməni
faşistlərinin xalqımızın başına gətirdiyi minlərlə faciələrdən
yalnız biridir.
Əgər belə bir vəhşiliyi türklər törətsəydilər, ermənilər bütün
dünyaya car çəkər, türkləri biabır etməkdən ötrü yüz yerdə heykəl
qoyar, abidə ucaldar, daha hansı hoqqalar qalmazdı ki,
çıxarmasınlar. Təəssüflər olsun ki, faciələrimizdən çox danışsaq
da, nədənsə ciddi bir iş görməyə çalışmırıq. Məgər Aşıq Nəcəf kimi
böyük bir sənətkarın heykəlini qoymaq, yaxud bu faciəyə bir abidə
yaratmaq olmazdımı? Ən azı erməni vəhşiliyini dünyaya göstərmək
üçün buna çox ehtiyac var.
(avanqard.net)